01 iyun 2022 15:15
870

Xaçmazda Qadın Resurs Mərkəzinin rəsmi açılışı olub - FOTO

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK), BMT-nin İnkişaf Proqramı (BMTİP), və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) Xaçmaz Qadın Resurs Mərkəzinin (QRM) açılışını edib.

“İki sahil” xəbər verir ki, tədbirdə AQUPDK-nın sədr müavini Sədaqət Qəhrəmanova, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) missiya direktoru Cey Sinqx, BMTİP-nin Azərbaycandakı nümayəndəliyinin proqram rəhbəri Leyla Fəthi və Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev iştirak edib.

“Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin BMT-nin İnkişaf Proqramı və USAID-lə birgə həyata keçirdiyi layihə çərçivəsində yaradılmış Xaçmaz Qadın Resurs Mərkəzi qadınların biznes fəaliyyətlərinin, onların bu istiqamətdə bilik və bacarıqlarının artırılmasına kömək edir. Həmçinin, burada həssas təbəqədən olan qadınlara hüquqi və psixoloji dəstək göstərilir. Bu layihənin davamlılığı üçün səylərimizi bundan sonra da davam etdirəcəyik” – AQUPDK-nın sədr muavini Sədaqət Qəhrəmanova deyib.

USAID-in Missiya Direktoru Dr. Caidev Sinqxin sözlərinə görə, “USAID Azərbaycan qadınlarına Qadın Resurs Mərkəzində iştirak edə biləcəkləri təlim vasitəsilə kritik bacarıqları öyrənmək və iqtisadi cəhətdən daha möhkəm olmaq səylərində dəstək olmaqdan qürur duyur. BMTİP və AQUPDK-dakı tərəfdaşlarımız sayəsində biz həm də məişət zorakılığı qurbanlarının lazımi yardım axtarmaq üçün təhlükəsiz yerə malik olduqlarını bilməkdən çox rahat olduq”.

“Qadınlar bütün sahələrdə uğurlu ola biləcəklərini dəfələrlə nümayiş etdiriblər. Bunun üçün bərabər şərtlər yaratmaq kifayətdir. Qurulmasını dəstəklədiyimiz qadın resurs mərkəzlərinin məqsədi də qadınlara Azərbaycan qanunvericiliyinin verdiyi bərabər şərtlərdən faydalanmağa yol göstərmək, vasitəçi olmaqdır”- deyə BMTİP-nin Azərbaycandakı nümayəndəliyinin proqram rəhbəri Leyla Fəthi qeyd edib.