Masallı şəhər 1,2,3 və 4 saylı körpələr evi-uşaq bağçalarında “1 İyun–Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş tədbirlər keçirildi.
“İki sahil” xəbər verir ki, tədbirlərdə YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov, "Masallı Gənclər evi" sosial xidmət müəssisəsinin müdiri Fuad Mənsimov, müəllimlər və valideynlər iştirak ediblər.
YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev bayram tədbirinə toplaşan çoxsaylı uşaqları və valideynləri salamlayaraq, onları 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə təbrik edib.
Bildirib ki, uşaqlar dünyada hamı üçün əzizdir. Dünyanın hər yerində uşaqlara qayğı və onların qorunması xüsusi əhəmiyyət kəsb edir. Respublikamızın hər yerində olduğu kimi rayonumuzda da bu sahəyə xüsusi diqqət yetirilir. Uşaqlarımızın normal yaşaması, onların təhsili, sağlamlığı, əyləncəsini təşkil etmək üçün müxtəlif tədbirlər həyata keçirilir, uşaq bağçaları əsaslı təmir olunur, maddi-texniki bazası gücləndirilir. Təkçə rayonumuzda son dövrlər müasir tipli bir neçə körpələr evi-uşaq bağçası tikilərək istifadəyə verilib.
Seyfəddin Əliyev xüsusi qeyd edib ki, Ulu Öndər Heydər Əliyev uşaqlara dövlət səviyyəsində qayğını həmişə diqqət mərkəzində saxlayırdı. Bu gün həmin siyasət Möhtərəm Prezidentimiz cənab İlham Əliyev və birinci vitse-prezident Mehriban xanim Əliyeva tərəfindən uğurla davam etdirilir.