Bakı metropolitenində Uşaqların Beynəlxalq Müdafiəsi Günü keçirilib
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti ənənəsinə sadiq qalaraq “İçərişəhər” stansiyasının vestibülündə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar zəngin və əyləncəli şou proqram təşkil edib. Bir-birindən maraqlı və fərqli layihələrin eyni məkanda cəm şəklində keçirilməsi stansiyada festival ovqatı yaradıb.

Xüsusi dəvət edilmiş musiqi tərtibatçısının məşhur uşaq mahnılarından ibarət musiqi çələnginin sədaları altında Əməkdar artist, şoumen və naşir Bəhram Bağırzadə səhnəyə gəlib.

“Bakı metropoliteni” QSC-nin təqdimatında o, uşaqlara həsr etdiyi daha iki kitabı şəxsən imzalayaraq, azyaşlı oxucularına hədiyyə edib. Şən, hazırcavab “Bakılı oğlan” məzəli zarafatları, söhbətləri ilə metronun nəinki balaca sərnişinlərinə, böyüklərə də xoş anlar yaşadıb. Bəhram Bağırzadə uşaqların bayramını ürəkdən təbrik edərək, gələcəyimiz olan uşaqlara sağlam və xoşbəxt mühitdə şən və qayğısız günlər arzulayıb, onlarla xatirə şəkilləri çəkdiriblər.

Tədbirdə müxtəlif uşaq tamaşalarının personajları, xüsusi velotəkərlərdə hərəkət edən jonqlyor oyunları uşaqların diqqətini çəkib.
Şou-proqramın budəfəki ənənəvi xüsusi qonağı uşaqların sevimlisi, Dünya İllüziyaçılar Assosiasiyasının üzvü Anar Əliyevin nümunəvi çıxışları olub. Onun yeni proqram əlavə etdiyi səhnə tamaşası heyranlıqla qarşılanıb.

Şən təlxəklərin zarafatcıl oyunları ilə rəngarəng şarlardan düzəldilən fiqurlar, həmçinin metropolitenin hədiyyələri balaca sərnişinlərin iki saat davam edən şoudan tam məmnun ayrılmasını təmin etdi.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov “İki sahil”ə açıqlamasında bildirdi ki, son iki ildə dünyanı bürüyən COVID-19 pandemiyası səbəbindən metronun fəaliyyətində müəyyən məhdudiyyətlər var idi. Bu səbəbdən metropoliten uzun müddət idi ki, hər hansı sosial tədbir keçirə bilmirdi. Bizim üçün çox xoşdur ki, məhz 1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günündə sosial layihəni bərpa etdik. Belə ənənələrimiz bundan sonra daha geniş təbliğ olunacaq.

Bakı Metropoliteni daha bir ənənəsini bərpa edib
B.Məmmədov diqqətə çatdırdı ki, belə tədbirlərin keçirilməsinin əsas məqsədi uşaqlarımıza sevinc bəxş etməkdir. “İçərişəhər” stansiyasının səhnəsində diceyin (DJ) müşayiəti ilə səslənən dinamik və şən şən musiqilərin müşayiəti ilə sirk ustaları, iri oyuncaqlar, sehrbaz bir sözlə günümüzü əyləndirən bir çox maraqlı və yumoristik personajları çıxış ediblər. Ən vacibi isə tədbirdə iştirak edən balaca balalarımıza müxtəlif hədiyyələr təqdim olundu. Əminəm ki, bütün bunlar körpələrimizin üzündə təbəssüm, qəlbində isə fərəh yaratdı. Bu bayram münasibətilə uşaqları təbrik edirik. Arzu edirik ki, uşaqlarımızın gələcəyi firavan olsun, sülh içərisində yaşasınlar. Ölkəmizə xeyirli və faydalı vətəndaşlar olsunlar.
Həmsöhbətimiz vurğuladı ki, Bakı Metropoliteni daha bir ənənəsini də bərpa edib: “Metropoliteninin təlim-tədris mərkəzində bu gün azyaşlı və yeniyetmə sərnişinlər üçün “Açıq Qapı" günü elan edib. Onların gələcək karyera, peşə və ixtisaslara marağı baxımından əlbəttə ki, bu addımlar da çox vacibdir. Əminəm ki, bundan sonra pandemiya ilə bağlı hər hansı problemimiz, məhdudiyyətimiz olmayacaq və metropoliten xüsusən korporativ sosial məsuliyyət çərçivəsində tədbirlərini davamlı olaraq təşkil edəcək.

Övladlarımız xoşbəxt olsunlar, biz də onlara baxıb sevinək
Əməkdar artist Bəhram Bağırzadə “İki sahil” vasitəsilə gül balaları belə təbrik etdi: “Uşaqlara və onların valideynlərinə möhkəm cansağlığı, uzun və mənalı ömür arzulayıram. Övladlarımız xoşbəxt, elmli, savadlı və dünyagörüşlü olsunlar. Biz də onlara baxıb sevinək ki, bizim xalqın övladları dünyanın ən savadlı, elmli vətəndaşlarıdır.”
Tədbirdə iştirak edən valideynlər də təəssüratlarını “İki sahil”lə bölüşdülər:

Qızıma əsl bayram hədiyyəsi oldu
Aynur Piriyeva: “Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür - sabahımız, gələcəyimiz dediyimiz uşaqların bayramıdır. Bayramınız mübarək olsun, körpə balalar! Onları səmimi qəlbdən təbrik edirəm. Allah hər bir övladı qorusun. Körpə təbəssümü ən qaranlıq otağa, ən zülmət daxmaya da işıq və hərarət gətirir. Uşaq hər bir evin, ailənin bəzəyi, sevinc və səadət mənbəyidir. Dünyanın ən bahalı daş-qaşı, ən qiymətli sərvəti də bir körpənin göz yaşı önündə duruş gətirə bilməz. Mən tədbirə qızımla gəlmişəm. Onun üçün əsl bayram hədiyyəsi oldu. Qızımın sevincinə baxıb mən də şad oldum. Belə humanist təşəbbüsə görə Bakı Metropoliteninə, eləcə də çəkib, işıqlandıran, qələmə alan media nümayəndələrinə öz təşəkkürümü bildirirəm.”

Hər gün onlar üçün bayram olsun
Xəyalə Adıgözəlova: “Bu gün dünyamızı varlıqları ilə gözəlləşdirən, gülüşləri ilə rəngləndirən uşaqların günüdür. Təkcə bir günü yox, hər günü onlar üçün bayram kimi keçirək. Onları sevək, qayğıdan, diqqətdən kənar qoymayaq. Vətənpərvər, savadlı, dünyagörüşlü, humanist, mərhəmətli insan kimi böyüməsi üçün əlimizdən nə gəlirsə edək. Belə maraqlı və əyləncəli tədbir təşkil edən hər kəs öz təşəkkürümü bildirirəm ki, özəl gündə balalarımızın övqatını gözəlləşdirdiniz. Bayramınız mübarək, əziz körpələr. Yaxşı ki, varsınız! Sizi çox sevirik. Bütün uşaqlara sülh, əmin-amanlıq, firavanlıq arzu edirəm.”

Tədbirdə ən çox əylənənlər isə təbii ki, səbəbkarlar idi. Həm libası, həm də əhvalı ilə əsl bayram övqatında olan Əntiqə Həsənli əyləncəli şou proqramı çox bəyəndiyini söylədi: “Şənlikdə çox əylənirəm, dostlarımla maraqlı oyunlar oynayıram. Bura qəşəngdir. Heç getmək istəmirəm. Çoxdandır ki, belə tədbirdə olmamışdım. Nə yaxşı ki, bura gəldim. Əsl bayram hədiyyəsi oldu. Bütün uşaqları təbrik edirəm və öpürəm.”

Tədbirdə iştirak edən gülbalalar sırasında Nigar Abbasova da vardı: “Bizim üçün keçirilən maraqlı oyunları rəngarəng şarları, sehrbazın fokuslarını, hədiyyələri çox sevdim. Kaş ki, hər gün bayram ola, bax belə əylənək. Bütün uşaqları təbrik edirəm. Dərslərindən həmişə “5” alsınlar deyirəm.”
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə bütün uşaqları təbrik edirik! Sağlam, xoşbəxt və sülh içində yaşayacaqları bir dünya arzusu ilə, bugünün sabahı, sabahın ümidi olan uşaqların üzündən gülümsəmə əskik olmasın!
Yaqut Ağaşahqızı, “İki sahil”