02 iyun 2022 14:56
754

Milli maraqlar və xarici siyasət -  YAP Yasamal rayon təşkilatında tədbir/FOTO

YAP Yasamal rayon təşkilatında "Milli maraqlar və xarici siyasət" mövzusunda gəclərlə keçirilən silsilə tədbirin növbəti qonağı Yeni Azərbaycan Partiyası Təftiş Komissiyasının üzvü, millət vəkili, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov olub. Əvvəlcə YAP Yasamal rayon təşkilatında Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, xatirəsi dərin ehtiramla yad edilib.YAP Yasamal rayon təşkilatında baş tutan tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyünün bərpası uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

“İki sahil” xəbər verir ki, tədbiri giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev tədbir iştirakçılarını salamlayaraq Yeni Azərbaycan Partiyası Təftiş Komissiyasının üzvü, millət vəkili, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov haqqında tədbir iştirakçılarına məlumat verib. B.Nəbiyev bildirib ki, xalqın etimadını qazanmaqla tarixi şəxsiyyətə çevrilən Cənab Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, ölkəmizin beynəlxalq aləmdə mövqeyinin daha da möhkəmlənməsinə və nüfuzunun artmasına xidmət edir. O deyib ki, Cənab Prezident İlham Əliyevin məqsədyönlü siyasi-diplomatik fəaliyyəti, Azərbaycanın siyasi-iqtisadi müstəqilliyinin daha da möhkəmlənməsi istiqamətində həyata keçirdiyi mühüm tədbirlər, qəbul etdiyi strateji proqramlar. "Ulu Öndər Heydər Əliyev siyasətinin və ideyalarının ardıcıl və dönməz şəkildə gerçəkləşdirilməsi xətti Azərbaycan xalqının xoşbəxt, firavan sabahına, müstəqilliyimizin əbədiliyinə inamını qat-qat artırıb. Bu fəaliyyət və siyasət xalq tərəfindən bəyənilir və dəstəklənir. Bütün bunların ən bariz nümunəsi heç şübhəsiz Vətən müharibəsində əldə etdiyimiz şanlı qələbədir".

Tədbirdə çıxış edən YAP Təftiş Komissiyasının üzvü, millət vəkili, Milli Məclisin Təbii ehtiyatlar,energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov tədbirin "1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü"nə təsadüf etdiyinə görə, ilk öncə bu münasibətlə uşaqları təbrik edib. S.Qurbanov Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq məfkurəsindən bəhs edərək, bildirib ki, Azərbaycan xalqının, əvvəla, dərin etnoqrafik kökləri olan, ikincisi, müəyyən tarixi dövrdə – XIX əsrin sonu, XX əsrin əvvəllərində formalaşan, nəhayət, kifayət qədər mürəkkəb və zəngin bir təkamül tarixi keçən milli ideologiyasıdır. Məhz Ulu Öndər Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində azərbaycançılıq ideologiyasının tərkib hissələri olan türkçülük, müsəlmançılıq və müasirliyin üzvi vəhdətdə, heç birinə digərindən daha böyük üstünlük vermədən, bir bütöv halında qəbul edilərək xalqın milli mənafeləri naminə həyata keçirilməsi baş tutmuşdur. Çıxışına davam edən S.Qurbanov bildirib ki, hazırkı dövrə gəlincə qeyd etməliyik ki, azərbaycançılıq bu gün cəmiyyətin inkişafının ideya təməlini təşkil edir. Bu da səbəbsiz deyil. Çünki bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni uğurlar qazanan Azərbaycan Respublikası, məhz Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu ideologiya və strategiya əsasında inkişaf edir. Bir sözlə, azərbaycançılıq ideologiyasının çağdaş təkamül mərhələsi özünəməxsus dinamizmi ilə zənginləşməkdə, milli-ictimai şüurun əsaslarını müəyyənləşdirməkdə və Azərbaycan xalqının dünya birliyindəki mövqelərini inamla yüksəltməkdədir. Hazırda bu proses uğurla davam edir.

Tədbirdə "1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü" ilə əlaqədar olaraq Avaz-2 Televiziya Muğam Müsabiqəsinin qalibi Elxan Məmmədlinin ifası dinlənilib.Tədbirdə gənclərin çoxsaylı sualları cavablandırılıb, fəal gənclərə hədiyyələr təqdim edilib.

Sonda gənclərlə xatirə şəkli çəkdirilib.