"Davam" Gənclər Hərəkatı nəzdində fəaliyyət göstərən "Davam" Gənc Hüquqşunaslar Klubu tərəfindən Azərbaycanda ilk dəfə Kommersiya Məhkəmə Müsabiqəsi keçirilib. Müsabiqə hüquq tələbələri və gənc hüquqşünasların kommersiya hüququ üzrə nəzəri və praktik bilik, bacarıqlarının formalaşdırılması məqsədi ilə təşkil edilən məhkəmə simulyasiyası olub.
“İki sahil” xəbər verir ki, müsabiqənin həyata keçirilməsi üçün ilkin olaraq ictimai müraciət elanı verilib, daha sonra isə müsahibə mərhələsinin nəticəsində hər birində 2 nəfər olmaqla 8 komanda müsabiqəyə seçilib. Müsabiqə 1/8, yarımfinal və final mərhələlərindən ibarət olub.
Müsabiqənin ilkin hazırlıq mərhələsində vəkil Mübariz Yolçiyevin təqdimatında “Kommersiya işləri üzrə məhkəmə icraatı” mövzusunda təlim təşkil olunub. Təlim zamanı gənclərə müsabiqənin şərtləri və qaydaları ətraflı izah edilib.
Müsabiqə zamanı peşəkar vəkil və hüquqşünasların nəzarəti ilə gənclər məhkəmə prosesini canlandıraraq müxtəlif rollarda çıxış ediblər. Müsabiqənin sonunda "Gold or Silver" komandası birinci yerə, "Unbreakable" komandası isə ikinci yerə layiq görülüb. Finalistlərə pul mükafatı və müxtəlif vəkil bürolarında təcrübə əldə etmək imkanı verilib.
Qeyd edək ki, müsabiqə "Davam" Gənclər Hərəkatının təşkilatçılığı, Bakı Kommersiya Məhkəməsi, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası, “Sirius” Vəkil Bürosu, “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosu, “Legalaid” Hüquq Şirkəti, “HMEM” Hüquq Şirkətinin dəstəyi ilə həyata keçirilib.