Yevlax Şəhər İcra Hakimiyyətinin və YAP Yevlax rayon təşkilatının birgə təşkilatçılığı ilə “İlham Əliyev siyasəti-Zəfərə aparan yol” adlı tədbir keçirilib.
“İki sahil” xəbər verir ki, tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin, YAP Yevlax rayon təşkilatının, Bərdə Regional Mədəniyyət İdarəsinin Yevlax üzrə nümayəndəliyinin,Yevlax “Gənclər Evi” SXM-in, GİKM-ın Yevlax nümayəndəliyinin rəhbərliyi və əməkdaşları, təhsil işçiləri, mədəniyyət işçiləri və rayon gəncləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini Elnarə Əzizova bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə cənab İlham Əliyevin seçilməsi xalqımız tərəfindən təbii şəkildə qəbul edilmiş və tam dəstəklənmişdir. Bu məsuliyyətli tarixi məqamda ümummili lider Heydər Əliyev faktoru və yeni lider kimi İlham Əliyevə bəslənilən böyük ümidlər bir-birini tamamlamışdır. Azərbaycanda dövlət rəhbəri üçün çox zəruri olan keyfiyyətlərə malik olmaq baxımından cənab İlham Əliyevin çox fərqli üstünlükləri vardır. Əvvəla, Azərbaycan siyasətçiləri arasında Ölkə başçısının əsas fərqli cəhəti və üstünlüyü onun dünyamiqyaslı görkəmli dövlət xadimi Heydər Əliyevin böyük sınaqlardan çıxmış dövlətçilik məktəbini real şəkildə keçməsi ilə əlaqədardır.
Tədbirdə çıxış edən YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev qeyd etdi ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevdən sonra respublikanın prezidenti vəzifəsinə seçkilərdə iştirak etmək və qalib gəlmək, çətin və məsuliyyətli bir işi həyata keçirmək demək idi. Cənab İlham Əliyev həmin şərəfə nail olmağın və bu məsuliyyətli vəzifəni yüksək səviyyədə həyata keçirməyin əsl nümunələrini göstərmişdir. İlham Əliyevin 15 oktyabr 2003-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməsi ölkəmizdə siyasi varisliyin təmin edilməsinə, Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş, 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə Azərbaycan Respublikasının Konstitusiyasında xüsusi maddələrlə təsbit olunmuş hüquqi-demokratik dövlətçilik xəttinin uğurla davam etdirilməsinə təminat vermişdir. Doğma Partiyamızın Sədri, dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ötən illər ərzində həyata keçirilən müdrik siyasət nəticəsində Azərbaycanda saysız-hesabsız uğurlara imza atılmışdır.
Sonra tədbirdə çıxış edən YAP Yevlax rayon təşkilatının əməkdaşı Tural İsmayılov, Bərdə Regional Mədəniyyət İdarəsinin Yevlax üzrə nümayəndəsi Aygün Qasımova, DQİDK-nın Yevlax bölgəsi üzrə əməkdaşı Fərid Vaqifli, rayonun fəal gəncləri Fariz İmamverdiyev, Anar Qarayev, Əlirza Abdullayev və Yevlax Mədəniyyət Mərkəzinin direktoru Eldəniz Mustafayev bildirdilər ki, müstəqilliyini günbəgün, ilbəil möhkəmləndirən Azərbaycan dövlətinin tarixində YAP Sədri, Ölkə Prezidenti cənab İlham Əliyevin qızıl hərflərlə yazdığı şanlı səhifələrin sayı getdikcə artır. Dövlətimizin başçısı yurdumuzun işğaldan tam azad edilməsi, ölkəmizin iqtisadi və hərbi qüdrətinin, beynəlxalq nüfuzunun gücləndirilməsi yolunda böyük inam və qətiyyətlə çalışdı, nəhayət, Azərbaycan bayrağının 30 ildən sonra Qarabağda, Şərqi Zəngəzurda yenidən dalğalanmasına nail oldu. Hazırda isə cənab Prezident Böyük Qayıdışın reallaşması üçün eyni qətiyyəti və əzmkarlığı göstərir.
Daha sonra tədbir iştirakçıları mərkəzində Azərbaycanın maraqlarının və insan faktorunun dayandığı müdrik siyasət ətrafında fikir mübadiləsi aparıblar.