Milli Məclisin deputatı Məzahir Əfəndiyev Ağdaş rayon Tofiqi kəndinin İkinci Qarabağ-Vətən müharibəsi şəhidi Əliyev Elşad Mehman oğlunun ailəsini ziyarət edərək şəhidimizin doğum gününü dərin hüznlə anıb.
“İki sahil” xəbər verir ki, şəhidin ailəsinə başsağlığı bildirilərək şəhidimizin ruhu hüznlə yad edilib. İkinci Qarabağ-Vətən müharibəsində Azərbaycan xalqının vətənpərvərliyinin, əzminin bütün dünyaya nümayiş etdirildiyi, Ali Baş Komandan, Böyük Sərkərdə İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun xalqımıza yaşatdığı Möhtəşəm Qələbə nəticəsində bütün şəhidlərimizin, qəhrəmanlarımızın qanının yerdə qalmadığı vurğulanıb.
Yaşasaydı Elşadın 30 yaşı tamam olacaqdı. Şəhid Əliyev Elşad Mehman oğlu 4 iyun 1992-ci il tarixində Ağdaş rayonunun Tofiqi kəndində anadan olub. O, 2010-2012-ci illərdə hərbi xidmətini Naxçıvan Muxtar Respublikasının N saylı hərbi hissəsində keçmişdir. Xidmətdə olduğu müddətdə kollektiv arasında böyük hörmət qazanmış, qüsursuz xidmətinə görə təşəkkürnamə ilə təltif olunmuşdur.
2020-ci il sentyabr ayının 21-də Ağdaş rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən təkrar ordu sıralarına çağırılmışdır.
27 sentyabr tarixində başlanan İkinci Qarabağ – Vətən Müharibəsində tankçı kimi iştirak etmiş, düşmənin xeyli sayda canlı qüvvəsini, döyüş mövqelərini məhv etmişdir. Vətən Müharibəsi başladıqda Elşad Füzulinin işğaldan azad olunması uğrunda gedən əməliyyatlarda qəhrəmanlıq göstərmişdir.
15 oktyabr tarixində Elşad Füzuli şəhəri uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 16 oktyabr 2020-ci il tarixdə doğma kəndində dəfn olunmuşdur.
Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamlarına əsasən Əliyev Elşad Mehman oğlu ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilmişdir.