05 iyun 2022 17:17
1049

Lerikdə Xanlar Həmidin yaradıcılıq gecəsi keçirilib

Sözün dəyərini başa düşən,  müqəddəsliyinə tapınaraq xalqının, Vətəninin tərəqqisi naminə onu öz poetik dünyasına gətirən şair, dramaturq  Xanlar Həmid dağlar diyarı Lerik rayonunda yaşayıb-yaradır. Söz sərrafının artıq, Azərbaycanın ədəbi  dünyasında öz yeri vardır.

Bu günlər Lerik Rayon Mədəniyyət Mərkəzində  Rayon İcra Hakimiyyətinin təşkilatçılığı sayəsində  Xanlar Həmidin yaradıcılıq gecəsi  keçirildi.

Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyevin, Azərbaycan Yazıçılar Birliyinin Lənkəran bölməsinin sədri Qafar Cəfərlinin, şair Xanlar Həmidin qələm yoldaşlarının, ağsaqqallar  və rayon ictimaiyyətinin iştirak etdiyi  tədbirə mədəniyyət evinin foyesində yazıçının kitablardan ibarət sərgiyə baxışla addım qoyuldu. Mədəniyyət Mərkəzinin iclas zalında davam etdirilən tədbirdə aparıcı  şair Xanlar Həmidin həyat və yaradıcılığı barədə ətraflı danışdı.

Söz Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev  verildi. O, qonaqları və tədbir iştirakçılarını salamladı, şair Xanlar Həmid yaradıcılığı ilə yaxından tanış olduğunu dedi, onun yaradıcılığını ürəkdən bəyəndiyini qeyd etdi və gələcək yaradıcılıq işlərində ona uğurlar arzuladı.

Şairin yaradıcılıq gecəsində danışıb ona ürək sözlərini bildirənlər çox oldu. Azərbaycan Yazıçılar Birliyinin Lənkəran bölməsinin sədri Q. Cəfərli, Azərbaycan Yazıçılar Birliyi Lənkəran şöbəsinin üzvü, şair A. Cavad, Yazıçılar Birliyinin üzvü, şair B. Sadiq, şairin həmkəndliləri filoloq S. Kərimov, ziyalılar Ehtiram  və Mirzəxan müəllim çıxış edərək Xanlar Həmidin yaradıcılığına sonsuz məhəbbət  göstərdiyini dilə gətirdilər, həm də onun  yaradıcılığından  nümunələr oxudular.

Öz növbəsində çıxış edən şair, dramaturq Xanlar Həmid  haqqında deyilən xoş sözlərə, eləcə

 yaradıcılığına verilən yüksək qiymətə görə rayon rəhbərliyinə, həmkarlarına, oxucularına minnətdarlığını  bildirdi.

 Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü