06 iyun 2022 12:15
1269

Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya yox deyək! FOTO

Zəngilan rayonu 4 nömrəli ümumi orta məktəbin Təlim-tərbiyə işləri üzrə  direktor müavini və Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V Qrant layihənin qalibi Günel Əliyevanın təşkilatçılığı ilə "Gələcəyimizi birlikdə düşünək, Narkomaniyaya Yox deyək ! "adlı maarifləndirici tədbir keçirilmişdir.

Qeyd edək ki, tədbirdə Sumqayıt şəhərində yerləşən Zəngilan rayonundan olan 6 məktəbdən (5,11,14,15,19,23) 70 yaxın məktəbli iştirak edib.

“İki sahil” xəbər verir ki,  tədbirdə YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə, YAP Gənclər birliyinin sədr müavini, Gənclərin İnkişaf və Karyera Mərkəzi Sumqayıt nümayəndəliyinin direktoru Sevinc Qasımova, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Zəngilan rayon Komissiyasının sədri Nizami Mönsümov, Zəngilan rayon Polis şöbəsinin əməkdaşları-Cinayət-axtarış qrupunun baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Bərxudar Şıxəliyev, Yetkinlik yaşına çatmayanların işləri üzrə profilaktik işinin təşkili qrupunun baş inspektoru polis mayoru Kəmalə Cəfərova, Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri, Narkomaniya üzrə ekspert Emil Maqalov, Zəngilan Rayon İcra hakimiyyətində məsləhətçi–psixoloq Mətanət Həsənova, Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrinin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sektor müdiri Raqif Allahverdiyev, Sumqayıt şəhər Narkoloji Dispanserin həkim-narkoloqu Vüsal Cabbarov, Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V Qrant layihəsinin qalibi Günel Əliyeva, məktəblərin direktorları və psixoloqları iştirak etmişdir.

Tədbirdə uşaqlara narkomaniya haqqında məlumat verilib, onun ümumbəşəri bir problem olduğu, bu bəlaya daha çox zəif iradəli, aciz insanların meylləndiyi qeyd edilib. Bildirilib ki, narkomaniyaya qarşı mübarizəni gücləndirməklə gələcəyimizi, sağlamlığımızı qoruyur, dövlətçiliyimizi daha da möhkəmləndirmiş oluruq. Tədbirdə Azərbaycanın gələcəyi kimi dəyərləndirilən gənclərin sağlamlığının daim diqqətdə saxlanıldığı vurğulanıb, psixotrop maddələrin insan orqanizminə vurduğu zərərdən, yaratdığı fəsadlardan ətraflı bəhs olunub. Eyni zamanda tədbirdə o da diqqətə çatdırılıb ki, dünyada narkotik alveri ən çox gəlir gətirən üçüncü sahə hesab olunur. Dünyada milyonlarla, ölkəmizdə minlərlə insan bu bəladan əziyyət çəkir. Beynəlxalq statistikaya əsasən gənclər və yeniyetmələr arasında narkotiklərə aludəçilik hallarının yüksələn xətlə artması xüsusi narahatlıq yaradır. Narkomaniyaya və narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə Azərbaycan dövlətinin prioritet vəzifələrindən hesab olunur.

Tədbir daha sonra iştirakçıları maraqlandıran sualları cavablandırılmaqla davam etmişdir.

Tədbirin təşkilində xüsusi əməyi olan Zəngilan rayon 4№-li ümumi orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini, Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V Qrant layihəsinin qalibi Günel Əliyevaya və tədbirin keçirilməsinə şərait yaratdığı üçün Gənclərin İnkişaf və Karyera Mərkəzi Sumqayıt nümayəndəliyinin direktoru Sevinc Qasımovaya təşəkkürümüzü bildiririk.