Bu adda kitabın imza günü keçirilib
«LIBRAFF» kitab evində AMEA-nın müxbir üzvü Könül Bünyadzadənin “Könül dünyası” kitabının imza günü keçirilib.
Ziyalıların və oxucuların iştirak etdikləri tədbiri giriş sözü ilə açan Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondunun icraçı direktoru Pərviz Əmirov bildirib ki, Fond fəaliyyət göstərdiyi 17 il müddətində Azərbaycanın milli irsi, mədəniyyəti və tarixini tədqiq edib işıqlandırmağı öz öhdəliyi hesab etmişdir: “Bu sahədə görülən işlərə “Füyuzat” və “İşıq” jurnallarının yenidən təsis olunaraq çap olunması ilə yanaşı, müxtəlif tərcümə və tədqiqatlarla Azərbaycan kitab sektoruna verilən töhfələri də aid etmək olar. Könül Bünyadzadənin “Füyuzat” jurnalında silsilə şəkildə çap olunan məqalələrinin bir araya toplandığı “Könül dünyası” kitabında ədəbi-fəlsəfi və aktual mövzulara toxunur”.

Daha sonra müəllif Könül Bünyadzadə kitabın ərsəyə gəlməsi barədə oxuculara məlumat verib: “Malik olduğu dərin kök, böyük ehtiyatla qoruduğu ənənəsi “Füyuzat”ı mətbu orqandan daha çox mürşid kimi formalaşdırıb. Mən bunu onunla “dialoqa başladığım” ilk gündən hiss etdim və bu hiss feyzlə yanaşı, xüsusi bir məsuliyyət də verdi. Görünür, aramızdakı dialoqun həm səmimiliyinin, həm də dərinliyinin nəticəsidir ki, ora məhz könlümdən gələn yazıları təqdim etdim. Əvvəllər belə ruhda yazdığım esseləri sandıq ədəbiyyatı adı ilə qoruyurdum. “Füyuzat” mənim güvənim və hörmətimlə yanaşı, həmin sandığın açarını da qazandı....
Bəli “Könül dünyası” bir sözün ifadəsidir. Hərdən “Füyuzat”ın istəyi, hərdən də könlümün diktəsi ilə yazılan bu esselər həyatın ayrı-ayrı məqamlarına, bəzən diqqətsiz qoyub yanından keçdiyimiz, əksinə, bizi bütün dünyadan ayıran hadisələrə fərqli bir bucaqdan salınan işıqdır”.
“Füyuzat” jurnalının baş redaktoru Mübariz Yunus da kitab haqqında öz təəssüratlarını bölüşüb, əsərin “Füyuzat”la eyni məramı daşıdığını, cəmiyyəti yüksək amallara, mənəvi dəyərlərə sahib olmağa səslədiyini bildirib.
Tədbirdə professor Cahangir Məmmədli, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, filologiya üzrə fəlsəfə doktoru Şəhla Məcidova, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, bədii qiraətçi Cəbrayıl Qənbər, ilahiyyatçı-yazar Ağa Hacıbəyli, “Şərq-Qərb” nəşriyyatının baş redaktoru Samirə Bektaşi və digər ziyalılar mədəniyyət və incəsənət xadimləri çıxış edərək kitab və təqdimatla bağlı öz fikir və düşüncələrini bölüşüblər.
Daha sonra müəllif oxucuların kitab haqqında suallarını cavablandırıb.
Sonda imza mərasimi keçirilib, tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirilib.
Nilufər Mustafaqızı, Araz Vəlili, “İki sahil”