08 iyun 2022 17:40
769

Regional Şəbəkənin I Əlaqələndirmə Forumu başa çatıb FOTO

Azərbaycan Respublikasının Gənclər Fondunun və Azərbaycan Könüllü Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə 7-8 iyun tarixində keçirilən Regional Şəbəkənin I Əlaqələndirmə Forumu  başa çatıb.

Forumun əsas məqsədi Azərbaycan Könüllü Təşkilatları İttifaqının regional nümayəndəliklərinin strukturunun daha səmərəli formalaşdırılması, regionlarda fəaliyyət göstərən könüllü təşkilatları arasında əlaqənin daha da gücləndirilməsi, ümumi fəaliyyət zamanı səmərəliliyinin artırılması və görüləcək işlərlə bağlı planlamanın aparılması idi.

Forumun ilk günündə iştirakçılar Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar.

Daha sonra Şəhidlər Xiyabanı ziyarət olunub, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsi dərin ehtiramla yad edilib.

İlk günün sonunda müxtəlif komanda quruculuq oyunları, musiqi və əyləncəli tədbirlər təşkil olunub.

İyunun 8-də - Forumun ikinci gününün açılış mərasimində dövlət himni səsləndirilib və Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Forumda Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Milli Məclisin deputatı Vüqar İskəndərov, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Fuad Babayev və Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Yusif Vəliyev çıxış ediblər.

Natiqlər Forumun əhəmiyyətindən, ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasətindən və könüllülər hərəkatının fəaliyyətindən, nailiyyətlərindən bəhs ediblər.

Daha sonra regional kordinatorlar çıxış ediblər. Qeyd edək ki, Forum 4 fərqli mövzulu panellərdə - debat, TedX, İdeaTon, Mentortime formatlarında baş tutub. Forumun bağlanış mərasimində iştirakçılar sertifikatla təltif olunublar.

Cavid Əkbərov, “İki sahil"