Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon təşkilatı 15 İyun - Milli Qurtuluş Günü münasibətilə ərazi partiya təşkilatlarında yığıncaqları davam etdirir.
“İki sahil” xəbər verir ki, Əmirvar ərazi partiya təşkilatında “Müstəqil Azərbaycan ümummilli lider Heydər Əliyevin şah əsəridir” mövzusunda keçirilən yığıncaqda YAP üzvləri Sərdar Xıdırov, Rüfət Bədəlov, Vasif Nadir və Şöhrət Məmmədov çıxış edərək bildiriblər ki,1993-cü ilin iyun ayının 4-də ölkənin bir sıra rayonlarında olduğu kimi, Daşkəsən rayonunda da AXC-Müsavat cütlüyünün özbaşınalığının şahidi olmuşuq.
1993-cu ilin iyun ayının 15-də Ümummilli Liderin hakimiyyətə gəlişi ilə bütün özbaşınalıqlara son qoyulduğunu qeyd edən natiqlər vurğulayıblar ki, həmin tarixdən etibarən Azərbaycan günü-gündən daha sürətlə böyük inkişafa doğru getdi. Müstəqil Azərbaycan dövləti özünün dövlət atributlarını yaratdı, xarici siyasətini genişləndirdi.
Natiqlər onu da vurğulayıblar ki, Milli Qurtuluş Gününü bu gün qalib xalq olaraq qeyd edən bütün Azərbaycan Respublikasının vətəndaşları bir yumruq kimi Ali Baş Komandanımız, Prezident, YAP-ın Sədri İlham Əliyevin ətrafında sıx birləşiblər.
Yığıncaqda iştirak edənlər bütün Azərbaycan xalqını Milli Qurtuluş Günü münasibətilə təbrik ediblər.