09 iyun 2022 14:19
1059

Mikayıl Müşfiqin yaradıcılığı gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsində əvəzsiz xəzinədir - FOTO

XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Mikayıl Müşfiqin doğum günü Xızıda qeyd olunub.

“İki sahil” xəbər verir ki, 114 il əvvəl dünyaya göz açan nakam şairi anmağa gələnlər Mikayıl Müşfiqin Sayadlar kəndindəki xatirə muzeyinin qarşısındakı abidəsini ziyarət ediblər.

Mikayıl Müşfiq muzeyində keçirilən tədbirdə Əməkdar müəllim, şairə Ofeliya Babayeva çıxış edərək ölməz şairin həyat və yaradıcılığından, ədəbiyyatımızda tutduğu mövqedən söhbət açıb. O, bildirib ki, bu kimi tədbirlər Müşfiq yaradıcılığının təbliğində böyük rol oynayır və gənc şairlərə stimul verir.

Sonra çıxış edən Milli Məclisin deputatı Müşfiq Məmmədli qeyd edib ki, Mikayıl Müşfiqin yaradıcılığı gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və gənclərimizdə vətənpərvərlik hisslərinin tərbiyəsində əvəzsiz xəzinədir.

Tədbirdə Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev, Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin şöbə müdiri Sənan Talıbov, Sumqayıt Regional Mədəniyyət İdarəsinin Xızı rayonu üzrə nümayəndəsi Mönsüm Bağırov, filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoy, Əməkdar jurnalist Qafar Əsgərzadə, Azərbaycan Milli Konservatoriyasının professoru, sənətşünaslıq üzrə elmlər doktoru Abbasqulu Nəcəfzadə, şairlər İbrahim İlyaslı, Nəcməddin Mürvətov, Ağasəfa, şair Nəbi Xəzrinin yadigarı Arzu Babayev və başqaları çıxış edərək ölməz şairin yardıcılığından geniş bəhs ediblər.