11 iyun 2022 14:25
945

Mədəniyyət kəndlərdə

Masallı Regional Mədəniyyət İdarəsinin təşəbbüsü və dəstəyi ilə həyata keçirilən “Mədəniyyət kəndlərdə” mədəniyyət-yaradıcılıq layihəsinin daha bir tədbiri  rayonun ərazisindəki qədim, böyük yaşayış məntəqəsi olan Ərkivan qəsəbəsində reallaşdı.

Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncovun, RİHB aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Abbas Abbaszadənin,  rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirovun, mədəniyyət işçilərinin, şəhid ailələrinin, gənclər və qəsəbə sakinlərinin qatıldığı tədbirdə əvvəlcə Ərkivan qəsəbəsində yerləşən “Şəhidlər abidə kompleksi” nin önünə gül dəstələri qoyuldu, sonra Birinci Qarabağ və 44 günlük Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə açan Masallı Regional Mədəniyyət İdarəsinin rəisi B. Qılıncov iştirakçıları salamladı və irəli sürülən yaradıcılıq  layihəsinin kəndlərdəki mədəniyyət müəssisələrinin fəaliyyətinin genişləndirilməsi, idarəetmənin təkmilləşdirilməsi, istedadlı gənclərin aşkar edilərək, dəstəklənməsi məqsədini  daşıdığını dedi. Qəsəbə sakini Əyyar Tahirov  Ərkivan qəsəbəsinin tarixi barədə qısa arayış verdi,  şəhid Anar Novruzovun qardaşı Sücəddin Novruzov , şəhid Famil Əlizadənin atası Habil Əlizadə belə tədbirlərin kəndlərdə təşkilinin təqdirəlayiq  hal olduğunu vurğulayaraq, onun təşkilatçılarına minnətdarlıq etdilər.

Tədbirin bədii hissəsi olduqca maraqlı və yadda qalan alındı. Belə ki, rayonda fəaliyyət göstərən mədəniyyət müəssisələri tərəfindən qurulmuş sərgidə qədim məişət əşyalarına, təsərrüfat alətlərinə, müxtəlif xalq sənətkarlığı sahələrinə aid nümunələrə, həmçinin gənclərin rəsm və digər maraqlı əl işlərinə baxış  tədbir iştirakçılarına mənəvi bir zənginlik gətirdi.

Sonra  Masallı rayon Mədəniyyət Mərkəzinin incəsənət ustalarının ifasında konsert proqramı başlandı,  konsertdə məktəblilər tərəfindən də rəqslər ifa olundu, vətənpərvərlik mövzusunda şerlər səsləndi. Yeniyetmə idmançılar isə nümunəvi idman nömrələri göstərdilər.

Yekunda tədbirlərin aktiv iştirakçılarına - mədəniyyət işçilərinə, məktəblilərə Masallı Regional Mədəniyyət İdarəsinin “Təşəkkürnamə” ləri  verildi.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü