Masallı rayonunda keçirilən 15 iyun- Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş” yürüşü dahi şəxsiyyət, ulu öndər Heydər Əliyevə xalqın dərin ehtiramından irəli gəlirdi. Yürüşün təşkilatçıları Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyasının Masallı rayon təşkilatı, Masallı rayon Gənclər və İdman İdarəsi, Masallı Gənclər evi, Azərbaycan Atletika Federasiyası və Bakı Marafon klubu idilər. Yürüş qabağı Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, hüquq-mühafizə orqanlarının, gənclər təşkilatlarının rəhbərləri və qonaqlar Ulu Öndər Heydər Əliyevin abidəsini, eləcə Qəhrəmanlar Parkı Şəhidlər Abidə Kompleksini ziyarət etdilər, İcra Hakimiyyətinin qarşısında Milli Qurtuluş Günü münasibətilə “fləşmob” keçirildi.
“Qurtuluş” yürüşünün rəsmi hissəsində icra başçısı Şahin Məmmədov dedi:- Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan dəyərli günlər çoxdur. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi, tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorumasında, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan və ona arxa, dayaq duran bir insan - Ümummilli Lider Heydər Əliyevdir.
Bakı Marafon klubunun məşhur üzvü Elşən Quliyev çıxışında idmanın insan həyatındakı mühüm rolundan danışdı, daha əvvəl keçirdiyi müxtəlif xəstəliklərə məhz idmanla qalib gəldiyini bildirdi.
Bakı Marafon klubunun nişan-diplomu RİH başçısı Ş. Məmmədova təqdim olunandan sonra «Qurtuluş» yürüşü Masallının məşhur «Halay» folklor ansamblının tamaşaçılar və qonaqlar qarşısında gözəl musiqi sədaları altında rəqsi ilə başlandı. Yürüşə qatılanlar İcra Hakimiyyətinin qarşısındakı Qəhrəmanlar parkından start götürərək İntiqam Əsgərli küçəsi, Bakı və Heydər Əliyev prospektləri, Qarabağ küçələri marşrutu üzrə hərəkət edib axırda təyin olunan finiş xəttinə çatdılar.
Yürüşün sonunda Gənclər və İdman İdarəsi tərəfindən fərqlənən iştirakçılara “Təşəkkürnamə” təqdim olundu.
Zəfər Orucoğlu, Azərbaycan Jurnalistlər Birliyinin üzvü