12 iyun 2022 14:34
754

Tariximizin Qurtuluş zirvəsi

Masallı rayonunda  xalqımızın tarixində ən şərəfli səhifə sayılan 15 iyun- Qurtuluş Günü münasibətilə silsilə tədbirlər ara vermir.  Bu günlər  Ulu Öndər Heydər Əliyevə sonsuz məhəbbətdən  doğan  belə bir tədbir  “Tariximizin Qurtuluş Zirvəsi” adlanırdı. Belə ki, Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı aparatında “Biz Heydər Əliyev irsini öyrənirik” məktəbində keçirilən, Ulu Öndər  və  Vətən yolunda  şəhid olanların əziz xatirələri bir dəqiqəlik sükutla yad olunmaqla  başlanan seminarda çıxış edən YAP Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev  dedi:-  Dahi şəxsiyyət, böyük dövlət xadimi Heydər Əliyevin dövlətçiliyimizin  qorunmasında,   Azərbaycanın sosial-iqtisadi inkişafında,  hüquqi dövlət quruculuğu sahəsində misilsiz xidmətləri vardır.  Azərbaycan tarixində elə məqamlar olubdur ki, həmin məqamlar mühüm mərhələnin başlanğıcı kimi tariximizə düşübdür.  Ümummilli Lider Heydər Əliyevin 1993-cü ilin iyununda xilaskar missiyası ilə yenidən Azərbaycanın  ali hakimiyyətə tarixi qayıdışı oldu. 1993-cü ildə respublikamızın dağılmaq və parçalanmaq təhlükəsi ilə üzləşdiyi vaxtda xalqımızın  böyük oğlu Heydər Əliyevə üz tutulması təsadüfi deyildi. Hər kəs başa düşürdü ki, ölkədəki hərc-mərcliyin,  anarxiyanın, siyasi  oyunların , Gəncədə başlanmış qardaş qırğınının,  qanunsuz silahlı dəstələrin Bakıya yürüşünün qarşısını   bu dahi şəxsiyyət  ala bilər. Məhz buna görə  Naxçıvana - Ulu Öndərin ünvanına yüzlərlə məktub, teleqram göndərilirdi.  O, məqamında xalqının səsinə səs verib yenidən hakimiyyətə qayıtdı. Və onun qayıdış Azərbaycan xalqının itirilmiş inamını özünə qaytardı, sabaha, gələcəyə olan ümidini artırdı.  Ölkədə ilk demokratik prezident seçkiləri keçirildi. 1993-cü il oktyabrın 3-də Azərbaycan xalqı yekdilliklə öz böyük oğlunu ölkənin prezidenti seçdi. Azərbaycanın müstəqilliyinə və ərazi bütövlüyünə qəsdlər təşkil edən cinayətkar qruplar cəmiyyətdən təcrid olundu, ictimai-siyasi sabitliyi pozan qanunsuz silahlı dəstələr dağıdıldı, nizami ordu yaradıldı. 1994-cü ilin mayında Ermənistan-Azərbaycan müharibəsi dayandırıldı, ölkənin bütün sahələrdə, eləcə beynəlxalq əlaqələrdə əsil dönüş başlandı. 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi" imzalandı,  çox keçmədən neft-qaz sektoruna milyardlarla dollar sərmayə yatırıldı. Aparılan iqtisadi islahatların nəticəsində  torpaq kəndlinin  mülkiyyətinə verildi. Müstəqil Azərbaycanın ilk Konstitusiyasının yaradıcısı olan Heydər Əliyev demokratik, hüquqi dövlət quruculuğu istiqamətində ardıcıl siyasət yeridərək, ölkədə insan hüquq və azadlığın bərqərar olmasına şərait yaratdı.

 “Gənc müstəqil respublikamız ilk illərdə dərin siyasi və iqtisadi böhranla üzləşib, erməni işğalı, daxili separatizm dövlət müstəqilliyini təhlükə altına alıb. Belə ağır məqamda xalq müdrik rəhbəri Heydər Əliyevin simasında xilaskarını tapıb. Məhz Ulu Öndərin hakimiyyətə qayıdışı ilə Azərbaycan müstəqil dövlətçiliyini qoruya bilib, onun şəxsində dünyanın Azərbaycana inamı və etimadı yaranıb. Ümummilli Liderin rəhbərliyi altında davamlı ictimai siyasi sabitlik əldə edilib, ölkədə hüquqi və demokratik dövlət quruculuğuna başlanılıb. Qısa müddətdə dünyanın heç bir ölkəsinin nail ola bilmədiyi uğurlar qazanılıb və Azərbaycan sivil dünyaya inteqrasiya edib.

 Ulu Öndər Heydər Əliyevin Azərbaycanın qüdrətli dövlətə çevrilməsinə yönələn müdrik siyasəti bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illər Azərbaycanda bütün istiqamətlərdə böyük nailiyyətlər əldə olunub. Dövlət başçısının uğurlu daxili və xarici siyasəti sayəsində dövlətçilik ənənələri möhkəmlənib, iqtisadiyyat inkişaf edib, mədəniyyət zənginləşib.” Bu dəyərli fikirləri isə  YAP Masallı Rayon Təşkilatının fəal üzvü Dilarə Hüseynova  söylədi. Gənc fəallardan Şəbnəm Həsənova, Ləman Zeynalova, Araz Əliyev  də dövlətimizin keçdiyi çətin, şərəfli müstəqillik yolundan,  Ulu Öndərin xalqı üçün gördüyü  misilsiz işlərdən danışdılar.

 Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü