13 iyun 2022 14:02
860

Kürdəmirdə Milli Qurtuluş Günə həsr olunmuş “dəyirmi masa” keçirilib - FOTO

İyunun 13-də Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının və Kürdəmir rayon Gənclər və İdman İdarəsinin birgə  təşkilatçılığı ilə 15 iyun Milli Qurtuluş Günə həsr olunmuş “Milli Qurtuluş - xalqın və onun Lideri Heydər Əliyevin möhtəşəm zəfəri” mövzusunda “dəyirmi masa” keçirilmişdir.

“İki sahil” xəbər verir ki, tədbirdə Kürdəmir Rayon Gənclər və İdman İdarəsinin, YAP Kürdəmir rayon təşkilatının, Mərkəzi Aran Regional Təhsil İdarəsinin Kürdəmir rayonu üzrə təhsil sektorunun əməkdaşları, İnkişaf və Karyera Mərkəzinin Kürdəmir nümayəndəliyinin “Gənc Könüllü”ləri və rayon gəncləri iştirak ediblər.

Tədbirdə gənclərə 15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş videoçarx nümayış olundu.

Tədbirdə Kürdəmir rayon Gənclər və İdman İdarəsinin rəisi Süleyman Əhmədov, YAP Kürdəmir rayon təşkilatının baş məsləhətçisi -Məhəmməd Heydərli, Kürdəmir rayon Gənclər və İdman İdarəsinin rəis müavini Qalib Baxşiyev mövzu ilə bağlı çıxış etmişlər. Onlar çıxışlarında bildirmişlər ki, hər bir xalqın milli oyanış, yaddaşa qayıdış, əbədi istiqlaliyyət tarixində unudulmaz anları olur. Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan 1993-cü il 15 iyun tarixi  Azərbaycan xalqının mücadilə tarixinə böyük Qayıdış və Qurtuluş nidası ilə həkk olundu.

1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə daxili vəziyəti gərginləşdi, hakimiyyət böhranı yarandı. İctimai həyatın bütün sahələrində xaos, hərc-mərclik baş alıb gedirdi. Ölkədə hakimiyyət boşluğu yaranmış, rəhbərliyə yiyələnmək üçün ayrı-ayrı şəxslər və qruplar arasında mübarizə daha da kəskinləşmişdi. Ölkəmizi 1991-1993-cü illərdə üzləşdiyi çətin vəziyyətdən çıxaran və o zamandan etibarən xalqımızın ümid yerinə çevrilən Yeni Azərbaycan Partiyası hər bir azərbaycanlının iftixar etdiyi siyasi təşkilatdır. 1993-cü ilin yayında Azərbaycan vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə dayandı.Ulu Öndər  Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul etdi, iyunun 9-da Bakıya gəldi. Qısa zaman kəsiyində Azərbaycanda vətəndaş müharibəsinin qarşısını ala bildi. 1993-cü il iyunun 15-də Ulu Öndər Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Bu günü Milli Məclis xalqın tələbi ilə 1997-ci ilin iyununda bayram elan etdi. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında dönüş yaratdı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Bir sözlə, Heydər Əliyevin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində yeritdiyi ideyalar artıq Azərbaycanın gerçəkliyinə çevrilmişdir. Onun fəaliyyəti və şəxsiyyəti Azərbaycan tarixinin ayrılmaz bir hissəsini təşkil etmişdir. Hər bir azərbaycanlının taleyində Heydər Əliyev dühasının bir zərrəsi vardır. Ulu  Öndər Heydər Əliyev bizim dahi müasirimizdir. Bu faktın özü hər bir azərbaycanlı üçün qürur mənbəyidir. Bu gün iftixar hissi ilə qeyd edə bilərik ki, Ulu Öndərin siyasi irsi onun layiqli varisi, Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, müstəqil Azərbaycan dövləti sürətlə inkişaf edir.