İyunun 13-də Qaradağda 15 İyun - Milli Qurtuluş gününə həsr olunmuş “Qurtuluşdan Zəfərə” adlı dəyirmi masa keçirilib.
“İki sahil” xəbər verir ki, Qaradağ Rayon İcra Hakimiyyətindən verilən xəbərə görə, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Süleyman Mikayılov, millət vəkilləri, ictimaiyyət nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.
Çıxış edən S. Mikayılov Milli Qurtuluş Gününün dövlətçilik tariximizə dönüş nöqtəsi kimi daxil olduğunu qeyd edib. O bildirib ki, 29 il əvvəl - xalqın təkidli tələbi ilə yenidən Azərbaycanda siyasi hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev böyük xilaskarlıq missiyasını öz üzərinə götürməklə xalqımızın, dövlətçiliyimizin sonrakı taleyində həlledici mərhələnin təməlini qoydu.
Bu tarixi gün müasir Azərbaycanın müstəqilliyinin təntənəsi, hüquqi dövlət quruculuğunun başlanğıcıdır. Ulu öndərin hakimiyyətə qayıdışından sonra ölkəmizdə bir-birinin ardınca reallaşdırılan genişmiqyaslı layihələr dövlətimizin inkişafına və möhkəmlənməsinə zəmin yaratdı.
Bu gün regionun söz sahibi dövlətinə çevrilməsinin əsas qayəsi məhz ümummilli lider Heydər Əliyevin sağlam təməllər üzərində qurduğu siyasətin Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilməsindədir.
Qaradağ Rayon İcra Hakimiyyətinin şöbə müdiri Munis Bayramov çıxışında qeyd edib ki, Heydər Əliyev dünya qlobal siyasət paralel və meridianlarının ekvator mərkəzi idi: “Bu gün də dünyanın ulu öndərə ehtiyacı var. Fəxr edirəm ki, "91-lər"in biri kimi mənim də müəyyən xidmətlərim olub”.
Sonda S. Mikayılov tərəfindən rayonun ictimai-siyasi həyatında iştirakına, mədəniyyət sahəsində səmərəli fəaliyyətinə görə bir qrup rayon ictimaiyyət nümayəndələrinə fəxri fərmanlar və hədiyyələr təqdim edib.