28 iyun 2022 12:29
679

Milli ordumuzun gücünə inanırıq

Keşməkeşli tarixə malik olan Azərbaycan xalqının hərb səlnaməsi də şanlı qəhrəmanlıq səhifəsi ilə zəngindir. Ulu əcdadlarımızın formalaşdırdığı vətənpərvərlik və qəhrəmanlıq ideologiyası “Kitabi – Dədə Qorqud” kimi qədim eposlarda da öz əksini tapmışdır. Xalqımızın igid oğullarının göstərdiyi şücaət və rəşadət  Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış, şifahi xalq ədəbiyyatı nümunələrində, böyük şair və mütəfəkkirlərin əsərlərində Cavanşir, Babək, Koroğlu, Şah İsmayıl kimi sərkədələrin adları hərb tariximizə əbədi həkk olunmuşdur.

XIX əsrdə baş vermiş Rus–İran müharibəsində Azərbaycanın ərazisi bu iki dövlət arasında bölüşdürülmüşdür.

Rusiyada çar hökümətinin süqutundan sonra milli ordu yaratmaq yolunda Azərbaycanda bəzi addımlar atıldı. Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cumhuriyyəti yarandı, cəmi 23 ay ömür sürməsinə baxmayaraq Cumhuriyyət dövründə müstəqil dövlətin bütün atributları, o cümlədən milli ordumuz formlaşdırıldı.

26 iyun 1918 –ci ildə tarixi fərmanla Azərbaycan Milli ordusunun yaradılmasına  başlanıldı. Hərbi nazirlik təsis edildi. İstedadlı general Səməd bəy Mehmandarov dekabrın 25 – də hərbi nazir, general – leytenant Əlağa Şixlinski isə nazir müavini təyin edildilər. Qısa müddət ərzində Milli ordu Osmanlı dövlətinin Qafqaz İslam ordusu ilə birlikdə  Bakını ətraf qəzaları erməni – bolşevik işğalından xilas etdi.

Bu hərbi birləşmələr  Muğanda və Əskəranda milli hökümətə qarşı baş vermiş qiyamları yatırmaqda yüksək səriştəlik göstərdi, Qazaxda Azərbaycan sərhədini pozmuş erməni  nizami  ordu hissələrini darmadağın etdi. O zaman Azərbaycan ordusunun Hüseynxan Naxçıvanski, İbrahim ağa Usubov, Həmid Qaytabaşı, Kazım Qaçar, Cavadbəy Şixlinski, Həbib bəy, Səlimov kimi istedadlı generalları da var idi.

20 iyul 1918 – ci il Cümhuriyyətin və türk ( Osmanlı) qüvvələrinin  Nuru Paşanın komandanlığı altında  birgə Qafqaz İslam ordusu daşnak – bolşevik “ Bakı  Kommunası “ qoşunlarına daha bir zərbə endirərək  Şamaxı şəhərini azad etdilər.

1918–ci il sentyabrın 15 –də Bakı şəhəri azad edildi və müstəqil Azərbaycan höküməti Bakıya köçdü. 1920–ci ili aprelində Azərbaycanda Sovet hökuməti elan edildikdən sonra Azərbaycan SSRİ – nin ordusu və donanması yaradıldı. 1922– ci ildə Zaqafqaziya respublikalarının  orduları Xüsusi Qafqaz ordusunun diviziyasına çevrildi. 1937 – ci ildə  Moskvada Frunze adına Ali hərbi Akademiyanın xüsusi fakultəsinin  kurs rəisi azərbaycanlı general Cəmşid Naxçıvanski də represiya qurbanı oldu. Alman faşist işğalçılarına qarşı ölüm dirim savaşında Azərbaycandan 600 mindən çox adam səfərbər edilmişdi.

Milli kadrlar yetişdirmək məqsədilə Heydər Əliyev gərgin təşəbbüsü ilə Cəmşid Naxçıvanski adına hərbi litsey təsis edildi və burada milli gənc hərbiçi kadrlar yetişdirildi.  1991–ci ildə Azərbaycan dövlət müstəqilliyi bərpa edildikdən sonra Milli Nizami ordu yaradıldı. 1998–ci ilin mart ayında C. Naxçıvanski adına hərbi litseyin Naxçıvan filialı açıldı. 20 fevral 1999–cu ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının yaradılması qərara alındı. 2001 – ci ildə avqustun 20 – də Azərbaycan prezidenti Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi ilə bağlı sərəncam imzalandı.

Ulu öndərimiz Heydər Əliyevin tərcümeyi–halına yaxından bələd olanlar yaxşı bilirlər ki, gəncliyinin ən qaynar dövrünü Dövlət təhlükəsizlik orqanda xidmətdə keçirərək o, Azərbaycanın ilk general – mayor rütbəsinədək yüksəlmişdir.

Ordumuzun gücü bu gün göz qabağındadır. 44 günlük Zəfər Qələbəsi – “Dəmir yumruq” II Qarabağ müharibəsindəki Qələbəmiz cənab prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin sabaha daha inamla baxmasından xəbər verir. 28 may 2022 – ci ildə Bakıda keçirilən “Teknofest Azərbaycan” festivalında çıxışında dediyi kimi: “Türkiyə - Azərbaycan qardaşlığı, birliyi xalqımız üçün əsas yol istiqamətidir, bölgə üçün, dünya üçün də çox önəmli amildir, təhlükəsizlik, sabitlik amilidir.

Sonda vətənpəvər şair Məmməd Qəhrəmanın şeir rübabından qopan bu misraları Sizlərə ərmağan etməyi özümə borc bildim:

Qəsbkardır düşmənin,

Bu azad eldir sənin

Keşiyində Vətənin,

İgid, qəhrəman kimi,

Dur, qadasın aldığım

Baş qaldırarsa yağı,

Vur, qadasın aldığım.

Sərdar Məmmədli,

YAP Yevlax rayon təşkilatının fəalı, Müharibə, Əmək və Silahlı qüvvələr Veteranları Təşkilatı Yevlax şöbəsinin sədri