28 iyun 2022 23:41
937

Bakıda ticarət dövriyyəsinin həcmi 4,1 faiz artıb

2022-ci ilin yanvar-may aylarında Bakı şəhərində sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 30,4 milyard manat təşkil edir.

Sənaye məhsulunun 85,8 faizi mədənçıxarma, 12,1 faizi emal, 1,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,5 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Bakı sənayesində qeyri-dövlət sektorunun payı 91,2 faiz olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 95,0 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 5,0 faiz təşkil edib.

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 iyun 2022-ci il tarixində 349,2 milyon manatlıq hazır məhsul ehtiyatı olub.

Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 69,3 milyon manat məbləğində digər məhsullar da mövcud olub.

2022-ci ilin yanvar-may aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 63,9 faizini tikinti, yenidənqurma və genişləndirmə, 8,5 faizini əsaslı təmir, 5,8 faizini cari təmir, 21,8 faizini isə sair tikinti işləri təşkil edir.

Ümumi inşaat işlərinin 91,2 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirib.

2022-ci ilin yanvar-may aylarında ticarət dövriyyəsinin həcmi  2021-ci ilin yanvar-may ayları ilə müqayisədə 4,1 faiz artaraq 10109,0 milyon manat olub. Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,1 faiz artaraq 5120,8 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 4,5 faiz artaraq 4988,2 milyon manata bərabər olub. İstehlak məhsullarının 37,9 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 34,5 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 27,6 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.

2022-ci ilin yanvar-may aylarında ictimai iaşə dövriyyəsinin həcmi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 80,1 faiz artaraq 374,0 milyon manat olub. Hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 217,4 milyon manat olub. Bu da ümumi dövriyyənin 58,1 faizini təşkil edir.

2022-ci ilin yanvar-may aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 8,1 faiz artaraq 2156,5 milyon manat olub. Hüquqi şəxslər tərəfindən əhaliyə 1762,9 milyon manatlıq xidmət göstərilib. Bu da xidmətlərin ümumi dəyərinin 81,8 faizini təşkil edir.

2022-ci ilin yanvar-aprel aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2021-ci ilin müvafiq dövrünə nisbətən 12,9 faiz artaraq 1066,9 manat təşkil edib.

Bakı Şəhər Statistika İdarəsi