KÖŞƏ

Sevinc Azadi

Oyunbaz Nikolun yeni “hərbi əsir” pəstəhası

30 iyun 2022 00:09
4671

Ermənistanda onsuz da gərgin olan vəziyyət son vaxtlar daha da gərginləşməkdədir. Bunun əsas səbəblərindən biri də Ermənistan hökumətinin əsir məsələsi ilə bağlı manipulyasiyalar etməsidir. Bununla da erməni tərəfi törətdiyi sülh və insanlıq əleyhinə cinayətləri, müharibə cinayətlərini gizlətməyə çalışır və humanitar təşkilatlar çərçivəsində əməkdaşlıqdan boyun qaçırır. Bunun əvəzində İrəvan ölkəmizə qarşı böhtanlar səsləndirməkdən də çəkinmir. Məsələn, Ermənistanın baş naziri Nikol Paşinyan sonuncu onlayn mətbuat konfransında hələ də Azərbaycanda erməni əsirlərin olduğunu iddia edib.  Paşinyan 10 noyabrda kapitulyasiya aktını imzaladıqdan bir ay sonra Çaylaqqalada əsir düşən ermənilər haqqında danışıb: “Çaylaqqala ərazisi de-yure rus sülhməramlılarının nəzarəti altında olmalı idi. Ancaq dəyişiklik baş verdi. Yerləşdirmə mövqeləri xəritələr əsasında bir neçə dəfə yenidən işlənib”. Paşinyan Rusiya və beynəlxalq ictimaiyyətin erməni əsirlərin qayıtması üçün tədbirlər görəcəyinə əminliyini deyib: “Azərbaycandakı əsirlər iki qrupa bölünür: Bakının təsdiqlədiyi əsirlər 38-dir. Ancaq əsir düşdüyü ehtimal edilən, Bakının təsdiqləmədiyi şəxslər də var. Erməni tərəfi onları “məcburi yoxa çıxmış” hesab edir”.

Bütün bunlar bir daha Paşinyanın nə qədər siyasi oyunbaz olduğunu ortaya qoyur. Azərbaycan dəfələrlə ölkədə erməni hərbi əsirlərin olmadığını bəyan etsə də, Nikol yenə də süni şəkildə bu məsələni qızışdırmaqla diqqəti əsas məqamlardan yayındırır. Əvvəla, 2020-ci il 10 noyabr üçtərəfli razılaşmasına görə bütün əsirlər qaytarılıb. Hazırda Azərbaycanın əlində olanlar isə əsir yox, diversantlardır. Çünki onlar 10 noyabr razılaşmasını pozaraq Azərbaycan ərazisinə daxil olub təxribat törədiblər. Silahlı Qüvvələrimiz də həmin diversantları yaxalayıb. Ancaq əfsuslar olsun ki, Ermənistan əsassız şəkildə diversantları “hərbi əsir” kimi dünyaya təqdim edir. Üstəlik, ötən müddət ərzində Azərbaycan humanistlik göstərərək diversantların çoxunu qarşı tərəfə təhvil verib. Bu bir sıra dövlətlərin və beynəlxalq təşkilatların vasitəçiyi ilə baş verib. Bunların müqabilində verilən mina xəritələrinə gəldikdə isə onların əksəriyyəti saxta olub. Yaxşı olardı ki, Paşinyan bu saxtakarlığından da danışsın.

Göründüyü kimi, sözügedən şəxsləri “hərbi əsirlər” kimi göstərməyə çalışmaqla Ermənistan həm spekulyativ mövqe nümayiş etdirir, həm də beynəlxalq hüququ görməzdən gəlir. Paşinyan Çaylaqqala barədə danışarkən, əslində çox ciddi etiraflar etmiş olur. O bildirir ki, bu ərazi rus sülhməramlılarının məsuliyyət zonasına düşməli idi. Dolayısı ilə etiraf edir ki, 10 noyabr Bəyanatından sonra qanunsuz silahlı birləşmələr Azərbaycan ərazisinə keçib və onlar rusların himayəsi altında fəaliyyət göstəriblər. Ancaq Çaylaqqalanın Azərbaycanın nəzarətinə keçməsi nəticəsində qanunsuz silahlılar əsir götürülüb. Bu, Paşinyanın rus sülhməramlılarının nəzarəti altında olan Azərbaycan ərazilərində 10 noyabr Bəyanatının maddələrinə zidd olaraq qanunsuz erməni silahlılarının fəaliyyət göstərdiyinin etirafıdır. Belə olan halda, hansısa əsirdən danışmaq sadəcə gülüncdür. 

Xatırladaq ki, Azərbaycanın topladığı məlumatlar və dəlillərə əsasən, noyabr ayının son 10 günündə döyüş əməliyyatları bitdikdən sonra Ermənistanın Şirak bölgəsindən 60 nəfərdən çox üzvü olan dəstə Azərbaycan ərazilərinə göndərilib. Bu dəstə 2020-ci ilin noyabr ayının sonu və dekabr ayı da daxil olmaqla, Azərbaycan mülki şəxslərinə və hərbi qulluqçularına qarşı terror hücumları həyata keçirərək, 4 azərbaycanlı hərbçini öldürüb və erməni işğalı illərində dağıdılmış bölgədəki rabitə xətlərinin bərpası üçün sadəcə, öz işini görən, mobil rabitə şirkətinin əməkdaşı olan bir mülki şəxsi isə ağır yaralayıb. Azərbaycan bu şəxsləri həm beynəlxalq, həm də daxili hüquqa uyğun olaraq qanuni əsasda həbsdə saxlayır. Onlar Azərbaycan qanunvericiliyinə uyğun olaraq, törədilmiş qətl, təxribat və digər cinayətlərə görə mühakimə olunurlar. Qanunlara uyğun olaraq hazırda Azərbaycan 44 gün davam edən Vətən müharibəsindən sonra tutulan bütün şəxslərlə bağlı onlara qarşı olan dəlilləri qiymətləndirməklə ətraflı araşdırma aparır. 2021-ci il mayın 4-də ölkəmiz humanitar addım ataraq, saxlanılan şəxslərdən 3-nü ittihamlar irəli sürmədən Ermənistana qaytarıb. Ermənistanın məsələni davamlı şəkildə yanlış təqdim etdiyini nəzərə alaraq, ölkəmiz saxlanılan şəxslərin saxlanma səbəbləri, şəraiti və onlarla rəftar ilə bağlı daha çox şəffaflığı təmin edərək, araşdırmanı davam etdirir. Azərbaycan, eyni zamanda, məhbuslara insani münasibət göstərilməsi, onlarla ədalətli və qanuni şəkildə rəftarı təmin etməklə bu xüsusda üzərinə götürdüyü beynəlxalq öhdəliklərini yerinə yetirməyə sadiq qalır.