Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərinin fəaliyyətə başlamasından 15 il ötür
Azərbaycanda yeni neft strategiyasının uğurla həyata keçirilməsi, neft sənayesinə böyük sərmayə qoyulması nəticəsində 1999-cu ildə nəhəng «Şahdəniz» qaz-kondensat yatağı aşkar edildi. Bununla da XXI əsrdə respublikamızın neftlə yanaşı, qaz ixrac edən ölkəyə çevrilməsinə zəmin yarandı. Burada bəzi tarixi məqamları qeyd etmək yerinə düşərdi. Belə ki, 2001-ci il martın 12-də ulu öndər Heydər Əliyevin Türkiyəyə rəsmi səfəri çərçivəsində «Azərbaycanın təbii qazının Türkiyə Respublikasına tədarük edilməsinə dair Azərbaycan və Türkiyə respublikaları arasında təbii qazın satışı və alışı haqqında müqavilə», həmin il sentyabrın 29-da isə Gürcüstan Prezidenti Eduard Şevardnadzenin Bakıya səfəri zamanı «Təbii qazın Gürcüstan ərazisindən tranziti, nəql edilməsi və satışına dair Azərbaycan və Gürcüstan arasında saziş» imzalandı.
Bundan 6 il sonra, 2007-ci il iyulun 3-də Xəzərin Azərbaycan sektorundakı «Şahdəniz» qaz-kondensat yatağından hasil edilən təbii qaz Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri ilə Türkiyənin qaz kəmərləri sisteminə daxil oldu. Xatırladaq ki, Bakı-Tbilisi-Ərzurum (Cənubi Qafqaz Boru Kəməri - CQBK) kəməri 20 milyard kubmetrədək qazı nəql etmək gücünə malikdir. Bu boru kəməri Türkiyə sərhədinədək Azərbaycanda və Gürcüstanda Bakı-Tbilisi-Ceyhan (BTC) xam neft kəmər ilə eyni marşrutdadır və Türkiyədə bu ölkənin qazpaylama sisteminə birləşdirilib.
Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin fəaliyyətə başlaması Azərbaycanı ilk dəfə qaz ixracatçısına çevirdi. Kəmərin açılışından sonra Azərbaycan qazı Gürcüstan və Türkiyə bazarlarına ixrac olunmağa başladı və bu, eyni zamanda, «Şahdəniz» yatağının işlənilməsinin ikinci mərhələsi və Cənub Qaz Dəhlizi layihəsi üçün bünövrə yaratdı.
Bundan sonra Cənub Qaz Dəhlizinin fəaliyyətini təmin etmək məqsədilə Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsinin reallaşdırılmasına başlandı. Tikintinin maliyyələşməsi «Şahdəniz» müqaviləsinin iştirakçısı olan şirkətlərdən ibarət Cənubi Qafqaz Boru Kəməri Şirkəti tərəfindən həyata keçirildi. Layihənin texniki operatoru BP (tikinti və istismar işləri üzrə), kommersiya operatoru isə «Statoyl» (biznes inkişafı və inzibati işlər üzrə) təyin olundu. Ümumi potensial ötürücülük qabiliyyəti 20 milyard kubmetr, uzunluğu isə 971 kilometr olan (Azərbaycan hissəsi 443 kilometr, Gürcüstan – 248 kilometr, Türkiyə – 280 kilometr) Cənubi Qafqaz boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayaraq Gürcüstandan keçməklə Türkiyənin Ərzurum şəhərində BOTAŞ şirkətinin qaz kəmərləri sisteminə qoşuldu.
2006-cı ilin noyabrında Səngəçal terminalına ötürülən «Şahdəniz» qazı Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə nəql olunaraq, 2007-ci il iyulun 3-də Gürcüstan -Türkiyə sərhədini keçdi. Bununla da tikintisi bir il əvvəl başa çatan CQBK 2007-ci ilin iyul ayında tam istifadəyə verildi.
2006-cı ilin dekabrında Rusiyanın ixrac etdiyi təbii qazın qiymətini gözlənilmədən nəzərəçarpacaq səviyyədə qaldırması idxalçı ölkələr üçün maliyyə-iqtisadi problemlər yaratmışdı. Həmin dövrdə Azərbaycan Rusiyadan alınan qazı elektrik stansiyalarında istifadə edirdi. Lakin qiymətin kəskin şəkildə dəyişməsi Azərbaycanı öz enerji balansına yenidən baxmağa sövq etdi. «Şahdəniz» qazına güvənən Azərbaycan 2007-ci ildən qaz idxalından imtina edərək, daxili tələbatını öz ehtiyatları hesabına ödəməyi qərara aldı. Hətta həmin ildən başlayaraq Azərbaycan qaz ixrac edən ölkəyə çevrildi.
Beləliklə, regionun enerji balansını müəyyənləşdirən yeni qaz yatağı və infrastrukturu öz rolunu oynamağa başladı. Bakı-Tbilisi-Ərzurum boru kəmərinin istifadəyə verilməsini yüksək qiymətləndirən Prezident İlham Əliyev bildirib: « Bu layihə, bir növ, Bakı-Tbilisi-Ceyhanın kölgəsində idi. Ancaq bu gün hamı görür ki, onun nə qədər böyük strateji əhəmiyyəti var. Nəzərə alsaq ki, xüsusilə indi dünyada və Avropada enerji təhlükəsizliyi məsələləri çox önəm daşıyır, onda görərik ki, Azərbaycan qazının Gürcüstana və Türkiyəyə gətirilməsinin çox böyük strateji əhəmiyyəti var.»
«Şahdəniz» yatağının kəşf edilməsi Azərbaycanın zəngin qaz ehtiyatlarına malik olduğunu göstərdi. Aparılan dəqiqləşmələr yatağın minimum 1 trilyon 200 milyard kubmetr qaz ehtiyatlarının olmasını təsdiq etdi. «Azəri – Çıraq – Günəşli» yatağındakı ehtiyatlar da nəzərə alınmaqla artıq 2007-ci ildə ölkənin ümumi qaz ehtiyatları 1 trilyon 500 milyard kubmetrə çatırdı. Davam etdirilən kəşfiyyat işləri bu ehtiyatların artacağına böyük inam yaradırdı.
Xəzər dənizinin qaz potensialı Avropa ölkələrinin Azərbaycana marağını daha da artırırdı. Elə həmin dövrdə Gürcüstanın qaz ehtiyaclarının 75 faizini ödəyən Azərbaycan Türkiyə bazarında da tədricən öz yerini tutmağa başlayırdı. Buna görə də təsadüfi deyil ki, 2006-cı il noyabrın 6-da Brüsseldə «Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında enerji məsələləri üzrə strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu» imzalandı. Azərbaycan qazının Avropaya çıxarılmasına şərait yaradan növbəti addım isə 2007-ci ildə Türkiyə və Yunanıstan qazpaylayıcı şəbəkələrinin birləşdirilməsi oldu. Bununla da Azərbaycan neftinin ardınca təbii qazının da Avropa bazarlarına çatdırılması perspektivləri genişləndi.
Xüsusilə Bakı-Tbilisi-Ərzurum qaz ixrac boru kəmərinin fəaliyyətə başlaması «Şahdəniz» yatağının işlənməsinin ikinci mərhələsinə yol açaraq, Azərbaycan qazının geniş Avropa bazarlarına çıxmasını təmin edən TANAP və TAP kimi strateji layihələrin həyata keçirilməsinə mühüm baza yaratdı.
Elçin Zaman, «İki sahil»
Ramil İskəndərli: Azərbaycanın rəqəmsal sıçrayışı dövlət idarəçiliyində yeni mərhələnin göstəricisidir
Orta Dəhlizin tam gücü ilə işləməsi üçün 18,5 milyard avro investisiya tələb olunacaq
Hesablama Palatası taxılçılıqda dövlət dəstəyinin nəticəyönümlülüyünün artırılmasını təklif edir
Azərbaycan ABŞ universitetləri ilə aqrar təhsil və elmi əməkdaşlığı genişləndirir