14 iyul 2022 00:39
746

Yeni yanacaq tarifləri dünyadakı qarşısıalınmaz proseslərin nəticəsidir

Məlum olduğu kimi, hazırda bütün dünyada qlobal qiymət artımı yaşanmaqdadır. Bu, özünü enerji daşıyıcılarının qiymətində xüsusilə göstərməkdədir. Dünya bazarlarında xam neftin qiyməti durmadan artır. Eyni zamanda, dünyada benzinə, dizelə və digər yanacaq növlərinə olan tələbat artdığı kimi, onun qiymətləri də yüksələn xətlə gedir. Artıq birjalarda “Brent” markalı “qara qızıl”ın bir bareli 107,15 ABŞ dollarına, "WTI" markalı neftin bir bareli isə 102,73 ABŞ dollarına satılır. Təbii ki, bu da müxtəlif növ yanacaqların qiymətlərinə təsirsiz ötüşmür. Dünyadakı bu proseslər Azərbaycan kimi neft hasilatçısı və ixracatçısı olan ölkəyə də öz təsirini göstərir.

Qeyd edək ki, bu gün Azərbaycanda ancaq Aİ-92 markalı benzin istehsal edilir. Bu benzinin qiyməti Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. Digər daha yüksək oktanlı benzinlər və yanacaq növləri (Aİ-95 və Aİ-98 markalı benzinlər) ölkəyə xaricdən gətirilir. Bu benzinlərin qiymətləri onların bazar qiymətindən asılıdır. Bir sözlə, Azərbaycanın daxili bazarında istehsal olunmadığı üçün, analoji benzin növləri ölkəyə idxal edilir. Bu da sirr deyil ki, idxal qiymətləri xarici bazarlardakı qiymət dinamikasından, habelə nəqliyyat xərclərindən asılı olaraq mütəmadi olaraq dəyişir. Yeri gəlmişkən, hazırda ölkədə istehlak olunan benzinin növlərinə görə ilk yeri Aİ-92 benzini tutur. Bu markalı benzinin ölkədəki istehlakı 91 faiz təşkil edir. İstehlak payına görə ikinci yerdə Aİ-95 benzini qərarlaşıb. Aİ-95 benzin payı 8,8 faiz təşkil edir. Sonuncu pillədə A-98 benzini durur ki, onun da istehlak payı 0,2 faiz təşkil edir. Ümumilikdə ölkə üzrə yanacaq istehlakının cəmi 9 faizini Aİ-95 və Aİ-98 markalı benzin təşkil edir. Başqa sözlə, ölkədə əsasən bahalı avtomobilləri idarə edən az sayda sürücü Aİ-95 və Aİ-98 markalı benzindən istifadə edir.

Xatırladaq ki, hələ ötən ilin sentyabrından dünya bazarında neftin qiyməti təxminən 65 faiz bahalaşsa da, Azərbaycanda Aİ-95 markalı benzinin qiyməti sabit qalmışdı. Müqayisə üçün bildirək ki, 2021-ci ilin sentyabrından Türkiyədə Aİ-95 markalı benzinin qiyməti 3,2 dəfə, 2022-ci ilin əvvəlindən isə 93,2 faiz artıb. 2022-ci ilin mart ayından etibarən bu markalı benzinin qiyməti Rusiyada 77,8 faiz, Gürcüstanda 34,8 faiz, Qazaxıstanda 10 faiz, Türkiyədə 51,7 faiz artıb. Dünyanın ən böyük neft istehsalçısı olan ABŞ-da premium benzinin qiyməti 2021-ci ilin sentyabrından bəri 57,7 faiz artaraq bir litr üçün 1,33 dollara çatıb. Bu, ölkə tarixində ən yüksək qiymət səviyyəsidir. 2022-ci ilin mart ayına Avropanın neft istehsalçıları - Norveç və Böyük Britaniyadan Aİ-95 markalı benzinin satış qiyməti müvafiq olaraq 22,7 və 25,3 faiz artıb. Hazırda dünyada Aİ-95 markalı benzinin orta satış qiyməti hər litr üçün 1,47 ABŞ dolları təşkil edir. Azərbaycan manatı ilə götürsək bu markalı benzinin hər litri üçün qiymət 2,50 manatdır. Bu da o deməkdir ki, Azərbaycanda Aİ-95 markalı benzinin pərakəndə satış qiyməti dünya ortalamasından 2,5 dəfə aşağıdır.

Həmçinin ölkəmizdə dizelin pərakəndə satış qiyməti də dünya ortalamasından 3,04 dəfə aşağıdır. Hazırda dünyada dizelin hər litri üçün orta satış qiyməti 1,43 ABŞ dolları təşkil edir. Azərbaycan dizeli dünyada ən ucuz satan 13-cü, MDB ölkələri arasında isə 2-ci ölkədir. Müqayisə üçün qeyd edək ki, Azərbaycanda dizelin pərakəndə satış qiyməti Qazaxıstandan 7,43 faiz, Rusiyadan 102 faiz, Gürcüstandan 236 faiz, Türkiyədən isə 238 faiz daha ucuzdur. 2021-ci ilin yanvar ayından etibarən Türkiyədə dizel qiymətləri 3,8 dəfə, cari ilin əvvəlindən etibarən isə 2 dəfədən çox artıb. 2022-ci ilin mart ayından etibarən Qazaxıstanda dizel qiymətləri 12,4 faiz, Türkiyədə 57,8 faiz Gürcüstanda 59,8 faiz, Rusiyada isə təqribən 70 faiz artıb.

Qeyd edək ki, gələn il Azərbaycanda AVRO-5 standartlarına uyğun benzin istehsalına başlanılması planlaşdırılır. İldə 2 milyon ton Aİ-92 və Aİ-95 markalı benzinin istehsalı nəzərdə tutulur. İdxaldan asılılığı azaltmaq məqsədi daşıyan bu addım böyük ölçüdə qiymət artımının da qarşısını almış olacaq.

Sevinc Azadi, “İki sahil”