44 günlük Vətən müharibəsindəki tarixi Zəfərdən sonra Azərbaycan bölgədə yeni reallıqlar yaratmış oldu.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və qətiyyətli mövqeyi sayəsində Vətən Müharibəsini zəfərlə başa vuran Azərbaycan Cənubi Qafqaz regionunda sülhün və təhlükəsizliyin təmin olunmasında əsas nüfuz sahibi olan dövlətə çevrilmişdir. Məlum olduğu kimi 10 noyabr 2020-ci il tarixdə Ermənistanın kapitulyasiya aktını imzalaması ilə nəticələnən üçtərəfli Bəyannamədə nəzərdə tutulan öhdəliklər Ermənistan tərəfindən yerinə yetirilməyib, bu da o deməkdir ki, Ermənistan bölgədə sülhün bərqərar olmasında maraqlı deyil.
Ölkə Prezidenti cənab İlham Əliyev cari ilin 15 iyul tarixində keçirilmiş 2022-ci ilin altı ayının yekunlarına həsr olunan müşavirədə çıxışı zamanı bu məsələyə də çox ciddi şəkildə toxunaraq Ermənistan tərəfinə növbəti dəfə xəbərdarlıq etdi.
Postmünaqişə dövründə Ermənistan tərəfi Azərbaycanın təklif etdiyi sülh təkliflərindən birmənalı şəkildə imtina etmişdir və Ermənistanın bu mövqeyi beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılanmır. Azərbaycan 10 noyabr 2020-ci ildə imzalanmış Bəyannamənin bütün müddüalarını bu günə kimi yerinə yetirməkdədir.
Azərbaycan dövləti Ermənistandan fərqli olaraq hər zaman beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə siyasət aparır və bölgədə sülhün təmin olunmasında maraqlı olan bir ölkədir.
Qeyd etmək lazımdır ki, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Bəyannamənin müddüalarından biri də Azərbaycan ərazisində olan qanunsuz erməni silahlı birləşmələrinin çıxarılmasıdır ki, Ermənistan tərəfi hələ də bu öhdəliyi yerinə yetirməyib və Ermənistanın siyasi rəhbərliyinin bu qərəzli mövqeyi öz ölkəsini və xalqını uçuruma aparmaqdadır.
Bu gün Azərbaycan bölgədə, Beynəlxalq münasibətlər sistemində müstəqil siyasət yürüdən bir dövlətdir və öz milli dövlətçilik maraqlarına uyğun olaraq dünya siyasi arenasına uğurla inteqrasiya etməkdədir.

Mansur Quliyev,
YAP Ağdam rayon təşkilatının sədri