Avropa İttifaqı və onun müttəfiqləri beynəlxalq münasibətlərin əsas aktorlarından biri olmaqla bərabər, həm də dünyanın ən vacib innovasiyalar və yüksək texnologiyalar mərkəzlərindən biri rolunu oynamaqdadır. Bütün bunların, yəni ümumilikdə iqtisadi sistemin hərəkətdə olması üçün isə enerji təminatı və təchizatı böyük strateji məna kəsb edir. Hazırda dünyada baş verən proseslər fonunda enerji təhlükəsizliyi məsələsi bəlkə də heç vaxt olmadığı qədər vacib və aktualdır. Yaxın tarixi keçmişə nəzər salsaq şahidi oluruq ki, vaxtilə Azərbaycan öz enerji resursları üçün strateji tərəfdaş kimi Avropa İttifaqını müəyyənləşdirdiyi zaman bəzi dairələr bunu o qədər də real hesab etmir, Azərbaycanın enerji resurslarının Aİ üçün strateji müttəfiq sayıla bilmək üçün məhdud olduğuna əminlik ifadə edirdi. Ancaq aradan heç də böyük bir zaman keçmədən Azərbaycanın vaxtilə atdığı addımların böyük uzaqgörənliyə hesablandığını zaman özü sübut etdi. Müasir dünyada münaqişə ocaqlarının günü-gündən artması, bunun beynəlxalq iqtisadiyyata vurduğu zərər, bəzi dövlətlərin öz mənfəətləri naminə beynəlxlaq hüququ, öz imzaladığı müqavilələri heçə sayaraq opponentlərini enerji resursları ilə hədələməsi enerji təhlükəsizliyi məsələsini günün aktual mövzusu halına gətirdi. Belə olan halda sözü də, imzası qədər etibarlı və dəyərli olan Azərbaycanın Avropa İttifaqı üçün mühüm enerji tərəfdaşı olaraq qəbul edilməsi yəqin ki, heç kəs üçün gözlənilməz olmadı.
Məlumat üçün qeyd edək ki, Azərbaycanın enerji siyasətinin təməli Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə 90-cı illərdə qoyulub. Və enerji sahəsində Azərbaycanın əsas ixrac kəmərləri əsasən qərb istiqamətində inşa edilib. Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlıq üzrə birinci sənəd 2006-cı ildə imzalanmışdır. 2011-ci ildə Aİ və Azərbaycan Xəzərdən Avropaya birbaşa qaz nəql edən marşrutların yaradılmasını dəstəkləyən birgə bəyanat imzaladı. 2014-cü ilin sentyabr ayında isə Cənub Qaz dəhlizinin təməli qoyuldu. Bu dəhlizin seqmentləri olan TANAP və TAP boru xətlərinin işə düşməsi ilə Azərbaycan təbii qazının Avropaya tədarükünə başlanıldı. Hazırda Türkiyə, Gürcüstan, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliya Azərbaycan qazının alıcılarıdır. Beləliklə, TANAP və TAP layihələrini uğurla həyata keçirilməsi bu gün cənubi Avropa ölkələrinin enerji ilə təchiz olunmasını təmin edir. Lakin qitədə artan tələbat və Azərbaycanın potensialı bu həcmi və coğrafiyanı genişləndirmək üçün münbit şərait yaradır. Cari il ərzində bu istiqamətdə edilən görüşlərdə: Cənub Qaz dəhlizinin məşvərət şurası çərçivəsində nazirlərin 8-ci toplantısı, dünya enerji liderlərini bir araya gətirən Bakı enerji həftəsi, Aİ ilə rəsmiləri ilə görüşlər Azərbaycanın Avropanın enerji sistemində əhəmiyyətli rol oynaması xüsusilə vurğulanıb.
Artıq Avropa İttifaqı ilə Azərbaycan əlaqələrində yeni bir mərhələnin başlandığını əminliklə söyləmək olar. Xüsusilə də Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin Azərbaycana səfəri və bu səfər çərçivəsində mühüm sənədin imzalanmasından sonra münasibətlərdə müsbət dinamikanın olacağını görmək mümkündür. Qeyd edək ki, səfər çərçivəsində yəni iyul ayının 18-də Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalandı. İmza atma mərasimindən sonra Azərbaycan Prezidenti cənab İlham Əliyev və Avropa Komissiyasının Prezidenti mətbuata bəyanatlarla çıxış etdilər. Birgə bəyanatda enerji, Aİ ilə münasibətlər və nəqliyyat məsələləri xüsusilə vurğulandı. Bu isə gündəliyin yalnız enerjidən ibarət olmadığını, onun daha geniş aspektdə olduğunu sübut edir. İmzalanan Anlaşma Memorandumu Azərbaycanın Avropaya enerji ixracını iki dəfədən çox artıracaq ki, bu da dünyanın enerji xəritəsini dəyişdirəcək. Strateji xarakter daşıyan sənəd həm də Aİ ilə əlaqələrin daha yüksək səviyyəyə çatdırılmasına xidmət edəcəkdir. Bu saziş qlobal xarakter daşımaqla, Azərbaycanla Avropa İttifaqı arasında formalaşan tarixi, hüquqi, fundamental əsaslara söykənən bir müqavilədir. Bildiyimiz kimi, vaxtilə bu münasibətlərin genişlənməsinə, bu kimi layihələrin imzalanmasına qarşı təzyiqlər çox idi. Amma buna baxmayaraq Azərbaycan prinsipial mövqe ortaya qoydu. Heç təsadüfi deyil ki, saziş imzalandıqdan sonra səslənən birgə bəyanatda Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayenin Azərbaycan Prezidentinə məhz qətiyyətinə, İttifaqa olan dəstəyinə görə təşəkkürünü ifadə etdi. Bununla Azərbaycanın Avropanın enerji təhlükəsizliyində alternativ təminatçı rolunu oynaması, alternativ mənbə təklif etməsi, eyni zamanda etibarlı və proqnozlaşdırılan tərəfdaş olması özünü bir daha sübut etmiş oldu.
Tural Cəfərov,
Pirallahı rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçılari və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşı
Orta Dəhlizin tam gücü ilə işləməsi üçün 18,5 milyard avro investisiya tələb olunacaq
Hesablama Palatası taxılçılıqda dövlət dəstəyinin nəticəyönümlülüyünün artırılmasını təklif edir
Azərbaycan ABŞ universitetləri ilə aqrar təhsil və elmi əməkdaşlığı genişləndirir