Kölgə iqtisadiyyatı vətəndaşların cəmiyyətdən, dövlətdən gizli, dövlət nəzarətindən və uçotundan kənar iqtisadi fəaliyyətidir. Kölgə iqtisadiyyatını həm də qeyri-rəsmi iqtisadiyyat adlandırırlar. Bu cür fəaliyyət təbii ki, cəmiyyətə ziyan vurur. Məsələn, büdcəyə az vergi daxil olur, pensiyaçılar daha az sosial müavinət alırlar, korrupsiya artır, əmək qanunları pozulur və s . Mahiyyət etibarilə gəlirləri dövlət orqanlarından gizlədilən istənilən fəaliyyət növü və ya vergi ödənişlərindən yayınmaq kölgə iqtisadiyyatı fəaliyyəti hesab olunur. Ona görə də iqtisadi fəaliyyətimizi hansısa formada rəsmiləşdirməli, biznesimizi qeydiyyatdan keçirməli, əmək müqaviləsi bağlamalı, fərdi sahibkar kimi qeydiyyatdan keçməliyik.
Araşdırmalar sübut edir ki, kölgə iqtisadiyyatına dünyanın istənilən ölkəsində rast gəlmək mümkündür. Bu baxımdan Azərbaycan da istisnalıq təşkil etmir. Lakin bu kimi neqativ hallarla mübarizədə ölkəmizin təcrübəsi sistemli, kompleks və innovativ xarakteri ilə seçilir. Prezident İlham Əliyev yeni iqtisadi çağırışlara əsaslanan demokratik dövlət quruculuğu yolunda inamla, yorulmadan çalışır, sürətlə dəyişən müasir dünyada daha effektiv və özünü doğruldan modellərin tətbiqinə geniş yer verir. Yeni modern idarəetmə modelləri Azərbaycanın möhkəm ictimai-siyasi sabitliyinin daha da dönməzliyinin təmin edilməsini, iqtisadiyyatın çoxşaxəli və uzunömürlü inkişafını, vətəndaşların yüksək sosial rifahını, iqtisadi tərəqqinin sürətləndirilməsini nəzərdə tutur. Bu siyasətə uyğun olaraq hüquqi, institusional demokratik qanunlar qəbul edilir.
Məhz cənab Prezidentin bu qətiyyəti sayəsində ölkədə sahibkarlıq inkişaf edir, xarici və yerli investisiya qoyuluşları artır. Son illərdə yeni islahatlar dalğası əlverişli biznes və investisiya mühitinin yaxşılaşmasına, Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınmasına və regionda əlverişli mövqeyə malik mühüm tranzit mərkəzinə çevrilməsinə səbəb olub.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, kölgə iqtisadiyyatına qarşı mübarizənin gücləndirilməsi və bütövlükdə iqtisadiyyatın leqallaşdırılması ilə bağlı sistemli tədbirlər davam etdirilir: “ Nəzərə alaq ki, son vaxtlarda həyata keçirilən kadr, eləcə də struktur islahatlarında məqsəd şəffaflığın artırılması və kölgə iqtisadiyyatının minimumlaşdırılmasından ibarətdir. Bu, bir tərəfdən də dövlət büdcəsinə daxilolmalara təsir göstərir. Artıq 2022-ci ilin büdcəsi də bir daha təsdiq edir ki, qeyri-neft sektorundan əlavə 2 milyard manat vəsaitin yığılması birbaşa iqtisadiyyatın leqallaşdırılması və kölgə iqtisadiyyatına qarşı mübarizə tədbirlərinin nəticəsi kimi qiymətləndirilməlidir. Bu, nəticə etibarilə daha çox vəsaitin dövlət büdcəsinə daxil olmasına imkan yaradır”.
“Özəl sektor üçün yeni imkanlar formalaşır” deyən deputat vurğuladı ki, xüsusən də sahibkarlığın inkişafının dəstəklənməsi, yeni mexanizmlərin tətbiq edilməsi, investisiya mühitinin daha da yaxşılaşdırılması həm də Azərbaycanda dayanıqlı iqtisadi inkişaf baxımından vacib hədəflərdir: “Təbii ki, bu istiqamətdə də atılan addımlar birmənalı şəkildə dövlət gəlirlərimizə, həm də sahibkarlığın inkişafına xüsusi töhfə verir. Bu istiqamətdə islahatlar davam etdiriləcək. İyulun 15-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən 6 ayın yekunlarına həsr olunmuş müşavirədə də ölkə başçısının qeyd etdiyi kimi, kölgə iqtisadiyyatına qarşı mübarizədə uğurlar əldə edilib. Amma təbii ki, islahatların davam etdirilməsi prioritetdir. Yeni tədbirlərin həyata keçiriləcəyi gözlənilir. Artıq bunlar da müşahidə edilməkdədir. Xüsusən kadr islahatlarının aparılması da birbaşa şəffaflığın gücləndirilməsi, səmərəliliyin artırılması və kölgə iqtisadiyyatına qarşı mübarizənin gücləndirilməsi məqsədi daşıyır. Bu baxımdan Azərbaycan iqtisadiyyatı artıq yeni mərhələyə qədəm qoyur. Bu mərhələdə xüsusən də iqtisadiyyatın liberallaşdırılması və kölgə iqtisadiyyatına qarşı mübarizənin daha da gücləndirilməsi və şəffaflığın daha da artırılması əsas prioritetlər olaraq qalmaqdadır.”
Günel Eyyubova, “İki sahil”
Orta Dəhlizin tam gücü ilə işləməsi üçün 18,5 milyard avro investisiya tələb olunacaq
Hesablama Palatası taxılçılıqda dövlət dəstəyinin nəticəyönümlülüyünün artırılmasını təklif edir
Azərbaycan ABŞ universitetləri ilə aqrar təhsil və elmi əməkdaşlığı genişləndirir