Müsahibimiz Milli Məclisin deputatı Vüqar Bayramovdur
- Vüqar müəllim, son illərdə dünya iqtisadiyyatında potensial iqtisadi artım tempi aşağı düşüb. Bu gün qlobal iqtisadiyyat növbəti resessiya təhlükəsi ilə üz-üzə qalıb. Bununla bağlı nə deyərdiniz?
- Ölkəmizdə son illər aparılan genişmiqyaslı sosial-iqtisadi quruculuq prosesi, fiziki infrastrukturun müasirləşdirilməsi, insan kapitalının inkişafı hazırda əldə edilmiş sosial rifah göstəricilərinin başlıca hərəkətverici qüvvələri olub, vətəndaşların həyat səviyyəsi nəzərəçarpacaq dərəcədə yaxşılaşıb. Lakin son illərdə dünya iqtisadiyyatında potensial iqtisadi artım templərinin aşağı düşməsi, qlobal maliyyə sabitliyinin kövrəkliyi xüsusilə koronavirus pandemiyası və bir çox regionlarda aparılan müharibələrlə əlaqədar əksər ölkələrdə sosial-iqtisadi fəallığın məhdudlaşması Azərbaycan iqtisadiyyatı qarşısında da yeni strateji çağırışları yaradıb. Bu gün qlobal iqtisadiyyat növbəti resessiya təhlükəsi ilə üz-üzə qalıb.Rusiya ilə Ukrayna arasında hərbi əməliyyatların fəsadları, Çin iqtisadiyyatında kəskin yavaşlama, Qərb və Asiya birjalarında sürətli ucuzlaşma, ABŞ-da gözlənilən kredit böhranı, bazarlarda qeyri-stabillik, inflyasiyanın qarşısını almaq üçün dünyanın bir çox ölkələrində mərkəzi banklar tərəfindən faiz artımları qlobal iqtisadi tənəzzül ehtimalını yüksəldir. Beynəlxalq Valyuta Fondu da hesab edir ki, qlobal iqtisadiyyat İkinci Dünya müharibəsindən sonra ən böyük sınaqla üz-üzə qalıb. Fondun analitiklərinin fikrincə, Ukraynadakı vəziyyət, iqlim dəyişikliyi təhlükəsi, COVID-19 pandemiyası, təchizat zəncirlərinin pozulması, maliyyə şərtlərinin sərtləşməsi və geoiqtisadi parçalanma qlobal iqtisadiyyatda çətinliklərin miqyasını genişləndirir, inflyasiyanı artırır. Beynəlxalq araşdırma mərkəzlərinin əksəriyyətinin mövqeyi bundan ibarətdir ki, Rusiya-Ukrayna konflikti fonunda dünyanı çox ciddi iqtisadi və maliyyə nəticələri olacaq geosiyasi depressiya dövrü gözləyir.
- Hazırda Qərb Rusiyaya qarşı beşinci sanksiyalar paketini hazırlayır. Bunun dünya iqtisadiyyatına nə kimi təsirləri olacaq?
- Yeni sanksiyalar paketində söhbət Rusiyanın gündəlik 3 milyon barel neft ixracatına qadağanın müəyyənləşdirilməsindən gedir. Müzakirələr artıq neft bazarına təsir edib. O da nəzərə alınmalıdır ki, dünya ölkələrinin böyük əksəriyyəti fiskal ehtiyatlarının əhəmiyyətli hissəsini koronavirus pandemiyası ilə mübarizədə tükədiblər. Avrasiya İnkişaf Bankının 2022-2024-cü illər üçün dərc etdiyi makroiqtisadi proqnozlara əsasən, dünya iqtisadiyyatı «turbulentlik» dövrünə qədəm qoyub. Enerji, qida və gübrə qiymətləri özünün ən yüksək həddinə çatıb. Böyük mərkəzi banklar pul siyasətlərini sərtləşdirməyə başlayıblar. Qlobal iqtisadiyyatda istehsal və logistika zəncirlərində qırılmalar, ixrac tədarüklərinin həyata keçirilməsində çətinliklər, istehlak və investisiya fəallığının zəifləməsi müşahidə olunur. Tələb və təklif şoklarının birləşməsi 2022-2023-cü illərdə dünyanın ən böyük iqtisadiyyatlarında resessiya ehtimalını artırır”.
- Artıq dünya bazarındaki qiymət artımları məhsul qıtlığı ilə də müşayiət olunmaqdadır. Biz buna hazırıqmı?
- Cari ilin ötən dövrü ilə bağlı aparılan təhlillər göstərir ki, Azərbaycanda qeyd edilən müddət ərzində inflyasiya müəyyən olunmuş səviyyədən yüksəkdir. Bunun əsas səbəbi idxal edilən məhsulların dünya bazarında bahalaşmasıdır. Yəni, ölkəmizdə qiymət artımı daha çox idxal inflyasiyası ilə şərtlənir. Bundan irəli gələrək, hökumət idxal mallarının daha çox yerli məhsullarla əvəzlənməsinə, daxili istehsal həcminin artırılmasına çalışır. Daxili istehsal həcminin artırılması məqsədilə dövlət-özəl sektor əməkdaşlığı genişləndirilir, sahibkarlar üçün çoxsaylı stimullaşdırıcı tədbirlər görülür, digər fəaliyyət növləri həyata keçirilir. Azərbaycan rəhbərliyi dünyada maliyyə böhranının dərinləşdiyi bir dövrdə yeni qlobal iqtisadi və siyasi çağırışlara adekvat olaraq ardıcıl islahatlar aparır. Prezident İlham Əliyevin imzaladığı "Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında" Fərmana əsasən, gələn ildən başlayaraq 5 il müddətində məhsul subsidiyası tətbiq olunacaq. Bu sənəd subsidiya mexanizminin daha da təkmilləşdirilməsinə xidmət etməklə yanaşı, daha çox məhsul yetişdirən fermerin dövlətdən daha çox pul almasına səbəb olacaq.
Bu qaydalar yerli istehsalı stimullaşdırmaqla idxaldan asılılığın azaldılmasına xidmət edəcək. Qlobal ərzaq böhranının dərinləşməsi fonunda yerli ərzaq istehsalının artırılması daha aktuallaşıb. İşğaldan azad olunan ərazilərimizin taxıl və ərzaq istehsalı baxımından böyük potensialı var. Bu da ərzaqla özünütəminatına xüsusi töhfə verəcək.
- Görünən odur ki, Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycanın geostrateji mövqeyi daha da güclənməkdədir. Bununla bağlı nə deyərdiniz?
-Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin iylun 18-də Bakıya səfəri çərçivəsində təbii qazın Avropa İttifaqı ölkələrinə şaxələnərək tədarükündə ölkəmizin oynadığı rolu yüksək qiymətləndirərək bildirib ki, Azərbaycan tədarük təhlükəsizliyimiz və iqlim neytrallığına gedən yolda həlledici tərəfdaşımız olacaq”. Azərbaycan ilə Aİ arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair imzalanan Anlaşma Memorandumu tərəflərin strateji əməkdaşlığının daha da gücləndirilməsinə xidmət edəcək. Memorandumun əsas mahiyyəti Azərbaycan qazının sabit və təhlükəsiz şəkildə Avropaya çatdırılmasının təmin edilməsidir. Dövlət başçısının qeyd etdiyi kimi, imzalanan Memorandum gələcək üçün bir növ yol xəritəsidir. Aİ Azərbaycandan aldığı qazın həcmini 2 dəfə artırmaq və növbəti 5 ildə ən azı 20 milyard kubmetr qaz idxal etmək niyyətindədir. Bu isə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin formalaşmasındakı rolunun daha da artması deməkdir. Azərbaycan «Şahdəniz»” ilə yanaşı, çox yaxın gələcəkdə daha 5 yataqdan («Abşeron», «Şəfəq», «Asiman», «Ümid-Babək» və «Azəri-Çıraq-Günəşli») qaz hasil edəcək. Bu, ölkəmizin mavi qaz ixracatını artırmaqla yanaşı, Avropanın enerji təhlükəsizliyinin formalaşmasında rolunu daha da artıracaq. Azərbaycan Avropa İttifaqı üçün yeganə yeni və mühüm alternativ enerji mənbəyinə çevrilməkdədir. Artıq «Köhnə qitə»də Azərbaycan qazını almaq istəyən dövlətlərin sayında kəskin artımlar var. Bu ay istifadəyə verilən Yunanıstan-Bolqarıstan Daxili Şəbəkə ilə ən azı digər 4 Avropa ölkəsi Azərbaycan qazının alıcısına çevrilə bilər.
Azərbaycan Avropa İttifaqı ilə yanaşı, ABŞ ilə əlaqələrinin inkişafı istiqamətində önəmli addımlar atılması da xüsusi qeyd olunmalıdır. Bu əlaqələr Azərbaycanın regional mövqeyinin daha da güclənməsi baxımdan vacibdir. Azərbaycanla Aİ arasında ticarət dövriyyəsi ötən il 15 milyard dollaradək yüksəlib. Bütövlükdə ixracatımızın təxminən 48 faizə yaxını İtaliyaya yönəlib. Bu isə Avropa İttifaqının Azərbaycan üçün əsas ticarət və iqtisadi tərəfdaş olduğunu göstərir. Eyni zamanda, Avropa İttifaqının Cənubi Qafqazda ticarət dövriyyəsinin üçdə ikisi Azərbaycanın payına düşür. Bu baxımdan Azərbaycan da Cənubi Qafqazda Avropa İttifaqının əsas ticarət tərəfdaşıdır.
Şəmsiyyə Əliqızı, "İki sahil"
Orta Dəhlizin tam gücü ilə işləməsi üçün 18,5 milyard avro investisiya tələb olunacaq
Hesablama Palatası taxılçılıqda dövlət dəstəyinin nəticəyönümlülüyünün artırılmasını təklif edir
Azərbaycan ABŞ universitetləri ilə aqrar təhsil və elmi əməkdaşlığı genişləndirir