22 İyul – Milli Mətbuat Günü münasibətilə Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatı mətbuat nümayəndələri ilə görüş keçirib. Tədbirdə YAP rayon təşkilatının sədri Kamil Qurbanlı və rayon təşkilatının əməkdaşları, Rayon İcra Hakimiyyətinin əməkdaşı, yerli “Məhsul” qəzetinin, rayon Mətbuatyayımı idarəsinin, “bilesuvarinfo.az” saytının kollektivləri, ARB telekanalının əməkdaşı, “report.az” və “qafqazinfo.az” saytlarının təmsilçiləri, rayonun veteran mətbuat işçiləri iştirak edirdilər.
Tədbiri giriş nitqi ilə açan YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı media nümayəndələrini rayon təşkilatı adından səmimi-qəlbdən təbrik edərək fəaliyyətlərində uğurlar arzuladı. Milli mətbuatımızın əsasının 1875-ci il iyulun 22-də "Əkinçi" qəzetinin nəşri ilə qoyulduğunu, həmin dövrdən ötən müddət ərzində mətbuatımızın zəngin inkişaf yolu keçdiyini vurğuladı. Bu gün yaranmasının 147-ci ildönümünü qetd etdiyimiz mətbuatın keçdiyi yolu şərh edən natiq Azərbaycanda mətbuat fədailəri, onların fəaliyyəti və bu günkü mətbuatımızın formalaşmasındakı rollarından danışdı. “Əkinçi” qəzeti ilə başlanan bu yolun müstəqillik dövründə də uğurla davam etdirildiyini bildirən Kamil Qurbanlı, xalqımızın Ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mətbuatın problemlərinin həlli istiqamətində vacib addımların atıldığını, mətbuat üzərində senzuranın ləğv edildiyini bildirdi. Prezident İlham Əliyevin mətbuata və mətbuat işçilərinə olan diqqət və qayğısından söz açaraq bu sahədə həyata keçirilən siyasətdən, görülmüş işlərdən və mətbuatla bağlı qanunvericilik sisteminin təkmilləşməsindən söz açdı. O qeyd etdi ki, bu gün Prezident İlham Əliyev tərəfindən ölkəmizdə kütləvi informasiya vasitələrinin fəaliyyəti üçün hər cür şərait yaradılıb. Ölkə rəhbəri milli medianın inkişafını prioritet istiqamətlərdən biri kimi qəbul edir və daim diqqət mərkəzində saxlayır.
Mətbuatın dövlət siyasətinin və cəmiyyətin maraqlarının ifadəçisi olduğunu qeyd edərək hazırda elektron mətbuatın da sürətlə inkişaf etdiyini vurğuladı. 44 günlük Vətən müharibəsi dövründə mətbuatın rolunu önə çəkən natiq, ölkə Prezidenti cənab İlham Əliyevin həmin ərəfədə beynəlxalq mətbuat orqanlarına verdiyi müsahibə və şərhlərin önməini qeyd etdi.
Tədbir iştirakçlılarından Qənbər Bağırov, Surxay Şahbazov, Rəşadət Əsgərov, Seyidağa Quliyev, Rüstəm Əliyev, Mirzə Əzizov, Samir Qurbanov, Zakir Qaraşov, Tural Nəsirov, Mirzə Cəfərov və Ramin Həsənzadə çıxış edərək mətbuatımızın keçmişi, bu günü və gələcəyi barədə fikirlərini bildirdilər. Respublikamızda və rayonumuzda mətbuatla bağlı görülən işlər və qarşıda duran vəzifələr barədə fikir mübadiləsi apardılar. Biləsuvar rayonunda mətbuatın tarixinə ekskurs edən veteran mətbuat nümayəndələri mətbuat sahəsində keçilmiş uzun yola nəzər saldılar. Çıxış edənlər tədbirin təşkilinə görə YAP rayon təşkilatına minnətdarlıqlarını ifadə edərək bu tədbirin partiyanın mətbuata verdiyi dəyər olduğunu bildirdilər.
Səmimi şəraitdə keçən tədbirdə YAP rayon təşkilatının sədri mətbuat sahəsində çalışan hər bir şəxsin informasiya təhlükəsizliyi məsələlərində dövlətimizin və cəmiyyətimizin maraqlarının qorunmasının böyük önəm daşıdığını tədbir iştirakçılarının diqqətinə çatdırdı. Bir daha mətbuat nümayəndələrini təbrik edən natiq, tədbirdə iştiraklarına görə onlara təşəkkürünü bildirdi.
Tədbirin sonunda iştirakçılarla xarirə şəkli çəkildi.