Dil insanlar arasında ən mükəmməl ünsiyyət vasitəsidir. Ancaq hər bir xalqın ana dili olmur. Biz o xoşbəxt xalqlardanıq ki,bizim doğma dilimiz var. Bizim ana dilimiz Azərbaycan dilidir.
Məlumdur ki,tarixən insanların birliyi,bir millət kimi formalaşması üçün dil mühüm rol oynamışdır.Necə ki xalqımızda "ana südü bədənin mayəsi olduğu kimi,ananın dili də ruhun qidasıdlr" deyimi mövcuddur.
Ümummilli lider Heydər Əliyevin dili ilə desək,xalqı xalq edən,milləti millət edən onun ana dilidir.Xalqımızın milli-mənəvi dəyərlərini, tarixi keçmişini,misilsiz mədəniyyətini,zəngin ədəbiyyat incilərini,adət-ənənələrini varlığında daşıyan ana dilimiz bizim var olma səbəblərimizdən biridir.Ulu öndər ana dili ilə bağlı çoxsaylı fikirlərində milli dilin azərbaycançılıqla bağlılığı məsələsini önə çəkmiş,xüsusi olaraq vurğulamışdır.
Ümummilli liderimiz Heydər Əliyev demişdir:"Dilimiz çox zəngin və ahəngdar dildir,dərin köklərə malikdir.Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm".
Ulu öndər həmişə Azərbaycan dilini qorumağa çalışmış,hələ dilimizin hərtərəfi sıxışdırıldığı dönəmdə məhz bütün çətinliklərə rəğmən bir neçə nailiyyətə imza atmışdır. O,1978-ciildə qəbul olunmuş Konstitusiyaya Azərbaycan dilinin dövlət dili statusu ilə bağlı 73-cü maddənin daxil edilməsinə nail olmuşdur.
12 noyabr 1995-ci ildə Azərbaycan dili dövlət dili elan edilmiş, 2001-ci ildə isə 1 avqust Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi təsis edilmişdir.Artıq neçə illərdir ki, bütün dövlət sənədləri Azərbaycan dilində yazılır.
Dövlətin ana dilinə hərtərəfli qayğısının təcəssümünü özündə əks etdirən qanunda dilimizin saflığının qorunması, ədəbi dil normalarına riayət olunması,ölkəmizdə dilçilik elminin sahələrinin inkişafı üçün hərtərəfli şəraitin yaradılması və s. kimi məsələlər nəzərdə tutulmuşdur.
Ümumiyyətlə, Azərbaycan Respublikasında dil siyasətinin möhkəm əsaslar üzərində formalaşdırılması, dilimizə hüquqi status verilməsi,beynəlxalq aləmdə tanınması bilavasitə Ulu Öndərin adı ilə bağlıdır.
Artıq neçə illərdir ki,bu dil milyonlarla dünya azərbaycanlısını mənən birləşdirir.Övladlar bir ananın ətrafına toplaşan kimi, bütün dünya azərbaycanlılarını da bu dil cəzb edir.Çünki bu dildə anamız bizə layla çalıb,ulu babalarımız bu dildə ilk nəğmələrini oxuyub bizə əmanət qoymuşlar.Azərbaycan dili çox rəvan,səlis,axıcı və şirin dildir.
Görkəmli şairimiz ,məhz doğma dilimizdə gözəl incilər yaradan M.Şəhriyar demişdir:
Türkün dilitək sevgili,istəkli dil olmaz,
Ayrı dilə qatsan bu əsil dil əsil olmaz.
Millətin, dövlətin varlığı üçün də dil önəmli faktdır. Əbəs yerə deməmişlər: "Bir xalqı məhv etmək istəyirsənsə, onun dilini əlindən al".
Ana dilinin inkişafı,dövlət dilinə çevrilməsi,diplomatiya aləminə yol açması,dünyanın ən mötəbər tədbirlərində eşidilməsi qürurvericidir. Çünki dil təkcə ünsiyyət vasitəsi deyil,həmdə xalqın tarixi,ədəbiyyatı,mədəniyyətidir.Hansı ölkədə yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı öz ana dilini, dinini, milli adət-ənənələrini unutmamalı,onları təbliğ etməlidir.Həmçinin dili yad təsirlərdən mühafizə etmək,onun saflığını qorumaq,ədəbi dil normalarına riayət etmək də hər bir Azərbaycan vətəndaşının şərəf işi olmalıdır.
Xanım Əliyeva,
YAP Masallı rayon təşkilatının fəal üzvü