28 iyul 2022 01:29
905

Cənub Qaz Dəhlizi Avropa üçün strateji mənbəyə çevrilir

Rusiya-Ukrayna qarşıdurması fonunda təbii qazla bağlı təminat səviyyəsi Avropada əsas müzakirə predmeti olaraq qalmaqdadır. Avropa Komissiyasının hazırladığı yeni qərar layihəsi əsasən, Avropa İttifaqına (Aİ) üzv olan dövlətlərin qaz anbarlarının doluluğunun 80 faiz səviyyəsində saxlanılması tələb olunur. Bu reallaşacağı təqdirdə, bu ilin sentyabrın 30-dək anbarlar tələb olunan səviyyəyədək doldurulmalıdır. Şirkətlər lazımi həcmdə ehtiyatı təmin edə bilməyəcəyi təqdirdə, dövlət bu prosesi öz hesabına həyata keçirə bilər. İndi əsas məsələ tələb edilən qazın haradan alınmasıdır.

Avropanın bu məsələdə əsas ümid yerlərindən biri, əvvəlki kimi, Azərbaycandır. Qeyd edək ki, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Enerji, nəqliyyat təhlükəsizliyi, ticarət-perspektiv əməkdaşlıq istiqamətləridir. Prezident İlham Əliyevin də bildirdiyi kimi, Avropaya təbii qazın ixracına başlamağımızı və neft-qaz qiymətlərinin artmaqda olduğu faktını nəzərə alaraq, cari ildə Avropa İttifaqı ilə ticarət dövriyyəsi artıb. Bu məsələlər barəsində bir neçə gün əvvəl Azərbaycanda səfərdə olan Avropa Komissiyasının prezidenti xanım Ursula Fon der Lyayenin Prezident İlham Əliyevlə keçirdiyi geniştərkibli görüşdə və mətbuata birgə bəyanatlarında ətraflı məlumat verildi. Səfər çərçivəsində Azərbaycan ilə Avropa İttifaqı arasında “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalandı. Dövlət başçısı tərəflər ara­sında imzalanan memorandumu gələcək üçün bir növ yol xəritəsi adlandırdı və bundan sonra da böyük uğurlara imza atacağı­nı əminliklə bildirdi. Prezident İlham Əliyev dedi ki, Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin böyük gələcəyi var və planlaşdırdığımız bütün məsələlərin həllinə nail olacağıq.

Ümumiyyətlə, bir sıra Avropa dövlətləri Azərbaycanla əməkdaşlıqda maraqlı olduqlarını dəfələrlə dilə gətiriblər. Bolqarıstanın energetika naziri Aleksandr Nikolov sektoral parlament komissiyasının iclası zamanı qeyd etmişdir ki, problemlər yarandığı halda alternativ imkanlar mövcuddur və bu imkanlardan biri də “Cənub Qaz Dəhlizidir”.

Bolqarıstan və Yunanıstanın enerji tənzimləyiciləri Azərbaycan təbii qazını Avropaya, oradan isə Bolqarıstana nəql edəcək Yunanıstan-Bolqarıstan İnterkonnektorunu (IGB) sertifikatlaşdırıblar. Bu barədə Bolqarıstanın "Bulgaria Today" nəşrinə istinadən məlumat verilib. Bildirilir ki, interkonnektorun kommersiya istismarı bu ilin iyulun 1-dən sonra başlayacaq. IGB strateji əhəmiyyət daşıyır və Bolqarıstan və Cənub-Şərqi Avropaya qaz tədarükünü diversifikasiya edərək Yunanıstan və Bolqarıstan qaz ötürücü sistemlərini birləşdirməyə imkan verir. Nəşr həmçinin bildirir ki, interkonnektor Bolqarıstana 2022-ci ilin ikinci yarısında Azərbaycanla razılaşdırılmış 1 milyard kubmetr təbii qazın tam həcmini əldə etməyə imkan verəcək: “Boru kəmərinin ötürmə gücü 3 milyard kubmetrdir və ABŞ, Əlcəzair, Qətər, Misir, Nigeriya, İsrail, həmçinin Kiprdən mayeləşdirilmiş təbii qazın (LNG) çatdırılmasına imkan verəcək”.

Qeyd edək ki, Yunanıstanın Komotini və Bolqarıstanın Stara Zaqora şəhərləri arasında Yunanıstan-Bolqarıstan İnterkonnektoru boru kəməri Azərbaycan qazını Bolqarıstana çatdırmaq üçün Trans-Adriatik Boru Kəməri (TAP) ilə birləşdiriləcək. IGB Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" qaz kondensat yatağının II mərhələdə istismarı çərçivəsində hasil edilən "mavi yanacağ"ın Bolqarıstana nəqlini nəzərdə tutur. Belə ki, “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından 1 milyard kubmetr qazı almaq üçün "Şahdəniz" konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycan təbii qazı hesabına Bolqarıstan qaz tələbatının 25-30 faizini ödəyə biləcək. Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometri Bolqarıstan ərazisindən keçəcək. Kəmərin illik ötürücülük gücü 3-5 milyard kubmetr həcmində nəzərdə tutulur. Hazırda Azərbaycan qazının Avropanın cənubuna nəql olunduğu Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan Trans-Adriatik Qaz Boru Kəmərinin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr qaz təşkil edir.

Bolqarıstandan başqa, Rumıniya da Azərbaycan qazı ilə yaxından maraqlanır. Bu məsələ energetika naziri Pərviz Şahbazovun Rumıniyanın energetika naziri Virgil Daniel Popesku və strateji layihələr üzrə xüsusi nümayəndə Ana Birçal, həmçinin “Transgaz” və “Romgaz” şirkətlərinin rəhbər şəxslərinin daxil olduğu nümayəndə heyəti ilə görüşündə də diqqət mərkəzində olub. Energetika sahəsində əməkdaşlığın inkişafında Azərbaycan və Rumıniya arasında strateji tərəfdaşlıq münasibətlərinin mühüm rol oynadığı qeyd edilib. Həmçinin Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində 8-ci nazirlər iclasında Rumıniyanın iştirakı, layihəyə marağı yüksək təqdir edilərək, dəhlizin genişləndirilməsi çərçivəsində bu ölkənin layihəyə qoşulma perspektivləri müzakirə edilib. Bununla yanaşı, məlumdur ki, Şimali Makedoniya, Xorvatiya, Monteneqro, Albaniya, Bosniya və Herseqovina da Azərbaycan təbii qazını Avropaya nəql edən “Cənub Qaz Dəhlizi”nə qoşulmağa hazırlaşır. Hazırda “Cənub Qaz Dəhlizi” yeddi ölkəni - Azərbaycan, Türkiyə, Gürcüstan, Bolqarıstan, Yunanıstan, Albaniya və İtaliyanı birləşdirir. Daha bir neçə Avropa  ölkəsi də layihəyə qoşulmaqla bağlı artıq müvafiq addımlar atıb. Perspektivdə daha çox sayda ölkənin Cənub Qaz Dəhlizi vasitəsilə “mavi yanacaq” idxal etməsi proqnozlaşdırılır. Cənub Qaz Dəhlizinin Azərbaycan qazı ilə yanaşı, yaxın perspektivdə digər mənbələrdən Avropaya “mavi yanacaq” nəqlində  əsas tranzit kəmərlərdən biri olması gözlənilir. İlk növbədə Türkmənistanda, daha sonra Şərqi Aralıq dənizində, İranda hasil edilən qazın bir hissəsinin məhz Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya nəqli proqnozlaşdırılır.

Sevinc Azadi, “İki sahil”