Fiziki şəxslərin əmanətləri cari ilin birinci yarısının sonunda ötən ilin eyni dövrü ilə müqayisədə xeyli artıb. Belə ki, Mərkəzi Bankın məlumatına görə, bu ilin iyun ayının sonuna fiziki şəxslərin banklardakı vəsaitlərinin məbləği 10 milyard 596,2 milyon manata çatıb ki, bu da 2021-ci ilin müvafiq dövrünə nisbətən 25,6 faiz çoxdur. 2021-ci ilin ilk yarısında bu əmanətlərin məbləği 8 milyard 435,4 milyon manat təşkil etmişdi.
Qeyd edək ki, bu vəsaitlərə fərdi sahibkarlıqla məşğul olan şəxlərin vəsaitləri də aiddir. Lakin istənilən halda fiziki şəxslərin əmanətlərinin məbləğinin artması banklara olan etimaddan irəli gəlir. Ancaq məsələnin digər tərəfi də var.
Fiziki şəxslərin əmanətləri artsa da onların 77,4 faizi və ya 8 milyard 198 milyon manatı qısamüddətlidir (belə vəsaitlər bankalara 6 ayadək müddətə qoyulur). Müqayisə üçün deyək ki, ötən ilin birinci yarısında qısamüddətli əmanətlər ümumi əmanətlərin 74,6 faizinə bərabər idi.
Son bir ildə qısamüddətli əmanətlər üzrə 30 faiz, uzunmüddətli olanlarda isə 12 faizə yaxın artım olub. Həmçinin qısamüddətli olmalarına baxmayaraq belə əmanətlərin 40 faizə yaxını xarici valyutadadır. Uzunmüddətli kreditlərin isə 43,1 faizi xarici valyutadadır.
Ümumi mənzərə isə belədir ki, bankların əmanət portfelinin 55,3 faizi (5 milyard 736,4 milyon manat) müddətli əmanətlərdən ibarətdir. Yerdə qalan 44,7 faizi isə tələbli əmanətlərdir. Belə əmanətlər qeyri-müəyyən müddətə bankda yerləşdirilir və istənilən anda bankdan çıxarılması mümkündür.
Rezidentlərin əmanətlərinin məbləği illik müqayisədə 20 faiz artıb. Onların əmanətlərinin 60 faizi milli valyutadadır. Əmanətlərdəki payı cəmi 7,6 faizə bərabər olan qeyri-rezidentlərin banklardakı vəsaitləri isə son bir ildə 2,7 dəfə artıb. Belə ki, ötən ilin birinci yarısının sonuna onların banklardakı vəsaitləri 295,4 milyon manat idisə, cari ilin eyni dövründə bu rəqəm 802,7 milyon manata yüksəlib. Lakin ümumi əmanət qoyuluşlarında milli valyutanın payı böyük olsa da qeyri-rezidentlər üstünlüyü xarici valyutaya veriblər. Ötən ilin birinci yarısında qeyri-rezidentlərin əmanətlərinin 55 faizi xarici valyutada olsa da bu ilin eyni dövründə bu göstərici 73 faizə yüksəlib.
Bununla belə, ümumi fiziki şəxslərin əmanətlərinin dollarlaşması ötən ilin müvafiq dövrünə nəzərən 5,5 faiz bəndi azalaraq 40,2 faiz təşkil edib. Bunu milli valyutaya olan inamın bariz göstəricisi hesab etmək olar.
Əmanətlərin faizlərinə gəlincə, 1 ildən 5 ilə qədər müddətə qoyulmuş (müddətli) əmanətlərin manatla orta faiz dərəcəsi son bir ildə 8,69 faizdən 8,37 faizə, xarici valyutada 1,76 faizdən 1,32 faizə enib.
Ümumilikdə isə cari ilin birinci yarısının sonuna banklara əmanətlərin orta faiz dərəcəsi 3,26 faiz (ötən il 3,33 faiz), o cümlədən manatla 4,82 faiz (ötən il 5,06 faiz), xarici valyutada 0,94 faiz (ötən il 1,27 faiz)olub. Tələbli əmanətlərin manatla orta faiz dərəcəsi 0,03 faiz (ötən il 0,04 faiz), xarici valyutada isə 0,01 faiz (ötən illə müqayisədə dəyişiklik olmayıb) təşkil edib. Müddətli əmanətlərdə isə manatla 9,13 faiz (ötən il 9,09 faiz), xarici valyutada isə 1,65 faiz (ötən il 1,97 faiz) olub. Bu da onu deməyə əsas verir ki, əmanətlərin artmasının bank faizləri ilə əlaqəsi yoxdur.
Banklara qoyulmuş əmanətlərin 88 faizi Bakı iqtisadi rayonunun payına düşüb. Orta hesabla ən yüksək əmanət faizi Abşeron-Xızı iqtisadi rayonu (5,28 faiz), ən aşağı əmanət faizi isə Naxçıvan iqtisadi rayonu (1,87 faiz) üzrə qeydə alınıb.
Ceyhun Piriyev, “İki sahil”
Orta Dəhlizin tam gücü ilə işləməsi üçün 18,5 milyard avro investisiya tələb olunacaq
Hesablama Palatası taxılçılıqda dövlət dəstəyinin nəticəyönümlülüyünün artırılmasını təklif edir
Azərbaycan ABŞ universitetləri ilə aqrar təhsil və elmi əməkdaşlığı genişləndirir