28 iyul 2022 22:33
850

Sığorta sektorunun 6 ayı: 5 şirkət və 1 məhsul

Mərkəzi Bankın məlumatına görə, cari ilin birinci yarısında Azərbaycandakı 20 sığorta şirkəti 491 milyon 605 min manat məbləğində sığorta haqqı toplayıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8,7 faiz və ya 39 milyon 238,4 min manat çoxdur. Bu dövrdə sığorta ödənişlərinin məbləği isə 29,5 faiz azalaraq 174 milyon 923 min manat təşkil edib. Hesabat dövründə toplanmış hər 100 manat sığorta haqqının 35,6 manatı ödəniş edilib. Hərçənd ki, ötən ilin eyni dövründə bu göstərici 54,9 manat olub.

Bu ilin 6 ayı ərzində yığılmış sığorta haqlarının 25,4 faizi icbari sığorta növlərinin payına düşüb ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 15,5 faiz azdır. Könüllü sığorta növlərində yığım isə 20,4 faiz artaraq ümumi sığorta haqlarının 74,6 faizinə bərabər olub. Könüllü sığorta növlərinin 56,1 faizini həyat sığortası təşkil edib. Ümumilikdə götürdükdə, sığorta bazarının 39 faizi bir sığorta növünün – həyatın yaşam sığortasının payına düşüb. Ötən ilin bu dövründə bu rəqəm 31 faiz olmuşdu. Bu sığorta növü üzrə yığımlar son bir ildə 36,2 faiz və ya 50 milyon 961,8 min manat artmaqla ümumi artımı üstələyib. Başqa ifadə ilə cari ilin birinci yarısında sığorta bazarının böyüməsi bir məhsulun- həyatın yaşam sığortasının hesabına olub.

Sığorta ödənişlərindəki azalmada isə həm könüllü, həm də icbari sığorta növlərinin payı var. Belə ki, 2022-ci ilin birinci yarısında  könüllü sığorta növləri üzrə ödənişlər 29,1 faiz, icbari sığorta növləri üzrə ödənişlər isə  30,8 faiz azalıb. Ödənişlərin 74,5 faizi könüllü sığorta növlərini o cümlədən, 46,5 faizi həyatın yaşam sığorta növünü əhatə edib. Başqa sözlə, ilin birinci yarısında həyatın yaşam sığortası ödənişlərdə də böyük paya malik olub.

Hesabat dövründə sığorta bazarı təkcə sığorta məhsulu üzrə yüksək asılılığa malik olmayıb. Bu amil sığorta şirkətlərinin sektordakı mövqeyində də öz əksini tapır. Söhbət ondan gedir ki, 6 ayda toplanmış sığorta haqlarının 80,8  faizi 5 sığorta şirkətinin payına düşüb.

Ən az sığorta haqqı toplamış 5 şirkət ümumi yığımların 2,2 faizini təşkil edib. Qalan 10 sığorta şirkətinin ümumi yığımlarda payı 17 faizə bərabər olub.

Şirkətlərdən 4-ü istisna olmaqla digərlərinin yığımlarında artım olub. Yığımları azalan şirkətlərə gəlincə, onlardan birinin topladığı sığorta haqları son bir ildə 10 dəfədən çox azalıb.

Qeyri-bərabərlik sığorta ödənişlərini də əhatə edib. Sığorta ödənişlərinin 81 faizi 5 sığorta şirkətinin payına düşüb. Digər 10 sığorta şirkətinin ümumi ödənişlərdə payı isə 18,6 faiz olub. Yerdə qalan  5 sığorta şirkətinin cəmi sığorta ödənişləri ümumi ödənişlərin 0,4 faizini təşkil edib.

Ceyhun Piriyev, “İki sahil”