30 iyul 2022 01:57
956

Valyuta satışının azalmasının səbəbi aydın oldu: Banklar satdıqlarından çox valyuta alıblar  

Xarici valyuta amilinin manatın məzənnəsinin sabitliyi baxımından rolunu nəzərə alanda cəmiyyətdə onunla bağlı məlumatlara bir qayda olaraq həssaslıqla yanaşılır. Bu baxımdan dünya bazarlarında qiymətlərin enerji məhsulları üçün əlverişli olması fonunda valyuta hərraclarında cari ilin 7 ayı üzrə satışın azalması məsələni aktuallaşdırır.

Söhbət ondan gedir ki, cari ilin yanvar-iyul aylarında Dövlət Neft Fondu 2 milyard 951,6 milyon ABŞ dolları məbləğində valyuta satışı həyata keçirib.  Hərçənd ki, Fond təkcə büdcəyə transfertini həyata keçirməsi üçün 25,3 faiz və ya 1 milyard dollar daha çox - 3 milyard 952,1 milyon dollar satış etməli idi. Cari ildəki valyuta satışı ötən ilin eyni dövrü ilə müqayisədə isə 8,6 faiz azdır. İyul ayındakı valyuta satışının məbləği də həmçinin ötən ilin eyni dövrü ilə müqayisədə 54 faiz azalaraq 212,4 milyon dollar təşkil edib.

Mərkəzi Bankın İdarə Heyətinin sədri Taleh Kazımov iyulun 29-da keçirdiyi mətbuat konfransında bu məsələyə toxunaraq bildirib ki, valyuta satışının azalmasına səbəb tələbin azalmasıdır. Onun sözlərinə görə, tədiyyə balansının profisitinin artması valyuta bazarında təklifin kanallarını genişləndirir ki, bu da valyuta hərraclarında tələbin azalmasına səbəb olur. Tədbirdə vurğulanıb ki, əhalinin valyuta satışı alışından çox olub.

T.Kazımov qeyd edib ki, təkcə iyun ayında hərraclara çıxarılan ümumi valyuta təklifi tələbi 2 dəfədən çox üstələyib. Həmin ay nağd valyuta bazarında banklar tərəfindən xarici valyutanın alışı satışını üstələyib. İyulun 28-nə olan məlumata görə, Dövlət Neft Fondunun valyutaya qənaəti son 4 ilin ən yüksək səviyyəsinə çatıb. Görünür elə bundan irəli gələrək Mərkəzi Bank bu il ərzində valyuta bazarından 485 milyon dollar alıb.

İdarə Heyətinin sədri, həmçinin bildirib ki, Azərbaycanın tədiyyə balansındakı yüksək profisiti ilə bərabər, valyuta hərraclarında tələbin kəskin azalmasını nəzərə alanda, ilin sonunadək manatın məzənnəsində dəyişiklik gözlənilmir.

Profisitli tədiyyə balansı fonunda strateji valyuta ehtiyatları artmaqda davam edir ki, bu da valyuta bazarının tarazlığı üçün zəmin deməkdir. Bununla da 2022-ci ilin birinci yarısında Azərbaycanın strateji valyuta ehiyatları 1,8 faiz artaraq 54,2 milyard ABŞ dollarına çatıb. Təkcə Mərkəzi Bankın valyuta ehtiyatları 7 milyard 371,9 milyon ABŞ dolları təşkil edib ki, bu da  ilin əvvəlinə nisbətən 4,2  faiz çoxdur. 

Ceyhun Piriyev, “İki sahil”