Dövlət Gömrük Komitəsinin məlumatına görə, cari ilin birinci yarısında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 1 milyard 457 milyon 621,7 min ABŞ dolları təşkil edib. Bununla da qeyri-neft sektoru üzrə ixrac 2021-ci il ilə müqayisədə 295,4 milyon ABŞ dolları və ya 25,4 faiz artıb.
Bu ilin yanvar-iyun ayları ərzində meyvə-tərəvəz məhsulları ötən ilin eyni dövrü ilə müqayisədə 7,1 faiz artaraq 328,1 milyon ABŞ dolları təşkil edib. Müvafiq dövr ərzində kimya sənayesi məhsullarının ixracı 5 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 2 dəfə, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 26,1 faiz, pambıq lifi ixracı 12,8 faiz, pambıq iplik ixracı isə 5,2 faiz artıb.
2022-ci ilin yanvar-iyun ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (136,9 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pomidor (126,9 milyon ABŞ dolları) ikinci, karbamid (98,7 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
Müqayisə üçün deyək ki, ötən ilin birinci ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pomidor (123,6 milyon ABŞ dolları) birinci, pambıq mahlıcı ikinci (121,9 milyon ABŞ dolları), qızıl isə üçüncü (107,9 milyon ABŞ dolları) olmuşdu. Bununla da bu il pomidor ixracının dəyəri ötən ilə nisbətən 3,3 milyon dollar çox olsa da ikinciliyə enib. Əvəzində pambıq ixracı 12,3 faiz artımla ikincilikdən birinciliyə yüksəlib. Ümumilikdə, pambıq mahlıcı bu ilin bütün aylarında qeyri-neft ixracının lider məhsulu olub. Pomidor cari ildə son üç aydır ki, ilk üçlükdə yer alır. Karbamid isə yanvar ayı istisna olmaqla qeyri-neft ixracında ilk yerlərdədir. Cari ilin 6 ayında bu məhsulun ixracının dəyəri ötən ilin eyni dövrünə nisbətən 12,9 dəfə artıb.
Hərçənd ki, yanvar-iyun aylarında pambıq mahlıcının ixracının dəyəri artsa da fiziki çəkisi 27,3 faiz azalıb. Lakin bu dövrdə dünya bazarlarında qiymətlərin ötən illə müqayisədə yüksək olması ixracda fiziki çəkinin azalmasına baxmayaraq dəyərin artmasına imkan verib. Bu dövrdə pambıq mahlıcının ixracının orta qiyməti ötən illə müqayisədə 55 faiz artıb.
Eyni amil pomidor ixracına da aiddir. Pomidor ixracının dəyəri 2,65 faiz artsa da fiziki çəkisi 7,1 faiz azalıb. Lakin qiymətin ötən illə müqayisədə artması fiziki çəkidə azalmaya baxmayaraq ixracın dəyərinin artmasına şərait yaradıb. Cari ilin birinci yarısında ixrac olunmuş pomidorun hər kiloqramının orta qiyməti ötən ilin müvafiq göstəricisinə nisbətən 0,11 ABŞ dollar və ya 10,2 faiz artıb.
Hesabat dövründə karbamid ixracının fiziki çəkisi isə 4,35 dəfə artıb. Son bir ildə bu məhsulun hər tonunun orta ixrac qiyməti 2,9 dəfə artıb. Başqa sözlə, bu məhsulun ixracının dəyərinin artmasında fiziki çəki ilə bərabər, qiymət amilinin də rolu var.
İlin birinci yarısında qeyri-neft ixracında ilk yerdə Türkiyə olub.
2022-ci ilin yanvar-iyun ayları ərzində ötən ilin eyni dövrü ilə müqayisədə Türkiyəyə 38,4 faiz çox - 428,4 milyon ABŞ dolları dəyərdə bu sektora aid məhsul göndərilib. Həmçinin Rusiyaya 382 milyon ABŞ dolları (5,4 faiz az), Gürcüstana 88,2 milyon ABŞ dolları (10 faiz çox), İsveçrə Konfederasiyasına 84,6 milyon ABŞ dolları və ABŞ-yə isə 57,5 milyon ABŞ dolları (1,9 dəfə çox) dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
Təkcə iyun ayına gəlincə, qeyri-neft ixracında artım 5,8 faiz təşkil etməklə 269,6 milyon ABŞ dolları olub. 2022-ci ilin iyun ayı ərzində yeyinti məhsulları üzrə ixrac 6,6 faiz artaraq 119,6 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 5,1 faiz artaraq 149,9 milyon ABŞ dolları təşkil edib.
6 ayın yekunundan fərqli olaraq iyun ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya (118,6 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Lakin ötən ilin iyun ayı ilə müqayisədə Rusiyaya qeyri-neft məhsullarının ixracında 4,7 faizlik azalma qeydə alınıb.
Azalma Türkiyə və İsveçrəni də əhatə edib. Belə ki, iyun ayı üzrə siyahıda Türkiyə (38,2 milyon ABŞ dolları) ikinci və İsveçrə (18,2 milyon ABŞ dolları) üçüncü olsa da ötən ilin iyun ayı ilə müqayisədə bu ölkələrə qeyri-neft məhsullarının ixracı müvafiq olaraq 29,9 faiz və 31,3 faiz azalıb.
2022-ci ilin iyun ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında tomat (pomidor) (35,8 milyon ABŞ dolları) birinci, albalı və gilas (34,2 milyon ABŞ dolları) ikinci və kartof (20,2 milyon ABŞ dolları) üçüncü olub. Ötən ilin iyun ayı ilə müqayisədə pomidor ixracının dəyəri 2,2 faiz, kartof 49,3 faiz azalıb, albalı və gilas isə 16,7 faiz artıb.
Ceyhun Piriyev, “İki sahil”