2022-ci ilin yanvar-iyun aylarında Bakı şəhərində sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 36,8 milyard manat təşkil edib. Sənaye məhsulunun 85,8 faizi mədənçıxarma, 12,2 faizi emal, 1,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,5 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.
Sənayedə qeyri-dövlət sektorunun payı 90,9 faiz olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 95 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 5 faiz təşkil edib.
İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 1 iyul 2022-ci il vəziyyətinə 374,5 milyon manatlıq hazır məhsul ehtiyatı olub. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 70,7 milyon manat məbləğində digər məhsullar da mövcud olub.
2022-ci ilin yanvar-iyun aylarında paytaxtda tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 65,1 faizini tikinti, yenidənqurma və genişləndirmə, 9,1 faizini əsaslı təmir, 6,6 faizini cari təmir, 19,2 faizini isə sair tikinti işləri təşkil edib. Ümumi inşaat işlərinin 91,2 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.
Bu ilin birinci yarısında Bakı şəhərinin ticarət dövriyyəsinin həcmi 2021-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 4,6 faiz artaraq 13 milyard 5,5 milyon manat olub. Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15,1 faiz artaraq 7 milyard 779,5 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 7,5 faiz azalaraq 5 milyard 226 milyon manata bərabər olub. İstehlak məhsullarının 36,1 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 46,7 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 17,2 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.
Cari ilin yanvar-iyun aylarında paytaxtın ictimai iaşə dövriyyəsinin həcmi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 62,3 faiz artaraq 438,1 milyon manat olub. Hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 279,6 milyon manat olub ki, bu da ümumi dövriyyənin 63,8 faizini təşkil edib.
2022-ci ilin yanvar-iyun aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 8 faiz artaraq 2 milyard 495,9 milyon manat olub. Hüquqi şəxslər tərəfindən əhaliyə 2 milyard 404,8 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 96,4 faizini təşkil edib.
Əməkhaqlarına gəlincə, bu ilin yanvar-may aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2021-ci ilin müvafiq dövrünə nisbətən 12,9 faiz artaraq 1066,9 manat təşkil edib.
Bakı Şəhər Statistika İdarəsi