11 avqust 2022 16:03
742

Xızıda KOB dostu fəaliyyətə başlayıb FOTO

Bu gün İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Xızı rayonunda KOB dostu fəaliyyətə başlayıb.

“İki sahil” Agentliyə istinadən xəbər verir ki, bu, Abşeron-Xızı iqtisadi rayonu üzrə sayca 3-cü KOB dostudur.

Hazırda KOB dostları 35 şəhər və rayonu əhatə edir.

Yeni KOB dostu KOBİA-nın Abşeron-Xızı iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlarla görüşü çərçivəsində rayon ictimaiyyətinə təqdim edilib. Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov qurumun fəaliyyəti və KOB dostu mexanizmi barədə məlumat verib. O, qeyd edib ki, KOB dostu Xızıda biznesə başlamaq istəyən şəxslərə dövlət dəstəyi mexanizmləri, Agentliyin xidmətləri çərçivəsində zəruri dəstək verəcək, yeni sahibkarlıq subyektlərinin yaranması, sahibkarların maraqlarının müdafiəsi və onların qarşılaşdıqları çətinliklərin həlli istiqamətində dövlət-sahibkar əməkdaşlığı platforması çərçivəsində tədbirlər görəcək. O.Məmmədov KOB dostu şəbəkəsinin ölkənin əksər şəhər və rayonlarını əhatə etdiyini qeyd edərək sahibkarları KOB dostları ilə fəal əməkdaşlığa dəvət edib.

Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov rayonda sahibkarlığın inkişafı istiqamətində görülən işlərdən danışaraq, KOB dostunun fəaliyyətinin rayonda kiçik və orta sahibkarlıq fəaliyyətinin genişlənməsində, yeni biznes sahələrinin yaranmasında əhəmiyyətli olacağını qeyd edib.