12 avqust 2022 00:14
852

“Yaşıl” enerji planları: Nəhəng potensial böyük hədəflərin reallaşmasına aparır

2022-ci il iyulun 22-də Prezident İlham Əliyevin Sərəncamı ilə ölkə iqtisadiyyatının bütün sahələrinin inkişafının dəqiq planını əks etdirən “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” təsdiq edilib.

Strategiya “yaşıl” enerji ilə bağlı layihələrin də həyata keçirilməsi həmin sahənin inkişafını tamamilə yeni səviyyəyə çıxaracaq. Belə ki, 2026-cı ilə qədər Azərbaycan (Naxçıvan Muxtar Respublikası) - Türkiyə - Avropa enerji qovşağının yaradılması planlaşdırılır. Layihə çərçivəsində, həmçinin Çevirici (HVDC) yarımstansiya və 230 km uzunluğunda 400 kV-luq ikidövrəli xətt tikiləcək. Bu, elektrik enerjisinin Türkiyəyə birbaşa ixracına imkan verəcək.

Bundan başqa, bu müddət ərzində alternativ enerji infrastrukturu dövlət-özəl tərəfdaşlıq yolu ilə genişləndiriləcək. Bu enerji infrastrukturuna özəl sektorun cəlb edilməsinin təşviqi üçün tədbirlər görüləcək. Bərpa olunan enerji mənbələri üzrə fəaliyyət göstərən təsdiq edilmiş sayda elektrik stansiyalarının tikintisi və istismara verilməsi də təmin ediləcək. Beləliklə, ümumi elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin payının artırılması nəzərdə tutulur.

Həmçinin strategiyaya uyğun olaraq Azərbaycanda geotermal enerji və biokütlə enerjisindən istifadə üzrə pilot layihələr hazırlanacaq, bu sahədə pilot layihələr müəyyən ediləcək və illik müsbət dinamika təmin ediləcək. Bundan əlavə, dənizdə külək enerjisinin potensialının öyrənilməsi və ondan istifadə üçün hazırlıq tədbirlərinin həyata keçirilməsi planlaşdırılır. Bunun üçün müvafiq strukturlar təkliflər hazırlamalıdır. Dövlət-özəl tərəfdaşlığı çərçivəsində dənizdə külək enerjisinin potensialından istifadəyə dair hazırlıq işlərinin başa çatdırılması 2026-cı ilin sonuna planlaşdırılır.

Azərbaycanda həmçinin elektrik enerjisi sektorunda müstəqil tədarükçülərin yaradılması və fəaliyyəti təşviq olunacaq. Bu müddət ərzində elektrik enerjisi sistemində müstəqil tədarükçülərin yaradılması, onların fəaliyyətinin təmin edilməsi və enerji təchizatının yaxşılaşdırılması ilə bağlı təkliflərin həyata keçirilməsi nəzərdə tutulur.

Strategiyada qeyd olunur ki, Azərbaycanda aşağı karbonlu inkişaf üzrə Dövlət Proqramı hazırlanacaq. Proqram 2022-2024-cü illərdə hazırlanacaq. Bundan başqa, 2024-cü ilə qədər Elektromobillik üzrə Milli Plan hazırlanacaq, ekoloji cəhətdən təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin (minik avtomobili, avtobus və s.) fəaliyyəti stimullaşdırılacaq, lazımi infrastruktur yaradılacaq.

Azərbaycanda 2022-2023-cü illərdə hidrogen istehsalı və istifadəsi sahəsində potensialın öyrənilməsi, bu sahədə pilot layihələr üzrə təkliflərin formalaşdırılması nəzərdə tutulur. Bundan başqa, enerji sektorunda karbon tutulması, utilizasiyası və saxlanması texnologiyalarının tətbiqinin araşdırılması və təkliflər verilməsi nəzərdə tutulur.

Bu planlar Azərbaycanın yaxın gələcəkdə beynəlxalq qovşağa çevrilməsinə və dünya iqtisadiyyatına inteqrasiyasına imkan verəcək. Dövlət strategiyası sayəsində bu məqsədlərə daha səmərəli şəkildə nail ola biləcəyik. Bunun üçün müvafiq üstünlüklər də təqdim olunacaq.

Ölkəmiz artıq özünü etibarlı neft və təbii qaz tədarükçüsü kimi təsdiqləyib. Bu gün biz “yaşıl” enerjinin inkişafı yolundayıq və bu sahədə də öz sözümüzü demək niyyətindəyik. Azərbaycanın neft və qaz ehtiyatları ilə zəngin ölkə olmasına baxmayaraq, biz karbon qazı emissiyalarının azaldılması üzrə qlobal tendensiyaları diqqətdən kənarda qoymuruq. Təsadüfi deyil ki, Aİ və Azərbaycan arasında bu yaxınlarda imzalanmış Anlaşma Memorandumu 2027-ci ilə qədər qaz tədarükünü artırmaqla yanaşı, hidrogendən istifadə və metan emissiyalarının azaldılması sahəsində əməkdaşlıq planlarını da əks etdirir.

Cavid Əkbərov, “İki sahil”