12 avqust 2022 01:49
692

Antiinflyasiya tədbirləri: Təsirlidirmi?

Məlum olduğu kimi, Azərbaycanda bu ilin əvvəlindən gücləndirilmiş antiinflyasiya tədbirlərinə başlanılıb. Belə ki, yanvarın 18-də Baş nazir Əli Əsədovun sədrliyi ilə ölkədə ərzaq təhlükəsizliyi, qiymət artımı və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilmişdi. Eyni zamanda, fevralın 17-18-də Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilən Azərbaycan Respublikası İqtisadi Şurasının növbəti iclasında ölkədə antiinflyasiya tədbirlərinin gücləndirilməsi məsələsi əsas diqqət mərkəzində olmuşdu. Bundan başqa, Baş nazir fevralın 21-də  "Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında" sərəncam imzalamışdı. Bu sərəncamla işgüzar fəallığa və əhalinin sosial rifahına inflyasiyanın təsirlərini minimallaşdırmaq məqsədilə müvafiq qurumlara tapşırıqlar verilmişdi.

Əli Əsədovun sədrliyi ilə martın 29-da keçirilən müşavirədə isə “Minimum istehlak səbətinin tərkibinə daxil olan bir sıra əsas ərzaq mallarının və onların istehsalında istifadə olunan malların ölkə ərazisindən aparılmasının tənzimlənməsinə dair tədbirlər haqqında” Nazirlər Kabinetinin 18 mart tarixli Qərarından irəli gələn tapşırıqlar, əsas ərzaq məhsulları ilə daxili bazarın təchizatının yaxşılaşdırılması və özünütəminat səviyyəsinin qorunması, yerli istehsalçıların stimullaşdırılması, əsas ticarət tərəfdaşları ilə idxal-ixrac əməliyyatları, daxili bazarda qiymət manipulyasiyası üzərində nəzarətin gücləndirilməsi və digər məsələlər geniş müzakirə olunmuşdu.

Bəs, görülən tədbirlər təsirlidirmi? Ötən dövrdə inflyasiyanın dinamikası necə dəyişib?

Dövlət Statistika Komitəsinin məlumatına görə,  2022-ci ilin yanvar-iyul aylarında inflyasiya 13 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 18,7 faiz, qeyri-ərzaq məhsulları üzrə 7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 10,1 faiz təşkil edib. İlin əvvəlində - yanvar ayında inflyasiya 12,5 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 17,1 faiz, qeyri-ərzaq məhsulları üzrə 5,9 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 11,1 faiz təşkil etmişdi. Yanvar-iyul ayları ərzində ümumi inflyasiya göstəricisinin dinamikasına nəzər salanda məlum olur ki, fevral və mart aylarında bu göstərici azalma olsa da sonrakı aydan etibarən yüksəlməyə başlayıb. Bununla inflyasiya göstəricisində artım davam etsə də sürəti zəifləyib. Artım ərzaq və qeyri ərzaq məhsullarının qiymətləri hesabına olub. Ödənişli xidmətlər üzrə inflyasiya göstəricisində isə azalma qeydə alınıb.  

Bununla belə, istehsalçı və idxal qiymətləri indeksində artım daha yüksəkdir. İstehsalçı qiymətləri məhsula istənilən vergini, alıcıya əlavə edilmiş məbləği nəzərə almadan, istehsalçının öz məhsulunu istehlakçıya satdığı qiymətdir. Bu göstərici cari ilin birinci yarısında ötən ilin eyni dövrünə nisbətən qeyri-neft sənayesində 19,9 faiz, kənd təsərrüfatında 17 faiz, poçt və kuryer xidmətlərində 51 faiz olub. İdxal olunan məhsullara gəlincə, yanvar-may aylarında ölkəyə gətirilmiş məhsulların qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 21 faiz artıb.

Ceyhun Piriyev, “İki sahil”