Azərbaycanın turizm sektorundakı canlanma davam edir. Belə ki, 2022-ci ilin yanvar-iyul aylarında Azərbaycana dünyanın 171 ölkəsindən 832 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,3 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Dövlət Statistika Komitəsinin məlumatına görə, gələnlərin 26,4 faizi Rusiya Federasiyası, 21 faizi Türkiyə, 11,6 faizi İran, 6,8 faizi Səudiyyə Ərəbistanı, 4,8 faizi Gürcüstan, 3,0 faizi Pakistan, 2,6 faizi Hindistan, 2,5 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2 faizi Ukrayna, 1,9 faizi Qazaxıstan, 1,5 faizi Küveyt, hər birindən 1,4 faiz olmaqla İsrail və Oman, hər birindən 1,2 faiz olmaqla Böyük Britaniya və Özbəkistan, 10,7 faizi isə digər ölkələrin vətəndaşları olub. Ölkəyə səfər edənlərin 75,3 faizini kişilər, 24,7 faizini qadınlar təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə Səudiyyə Ərəbistanından gələnlərin sayı 351,2 dəfə, Küveytdən 166,6 dəfə, Omandan 156,9 dəfə, Pakistandan 31,9 dəfə, Hindistandan 18,2 dəfə, Bəhreyndən 8,6 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən 7,3 dəfə, İsraildən 7,1 dəfə, Qazaxıstandan 5,8 dəfə, ABŞ-dan 4,4 dəfə, Almaniyadan 3,2 dəfə, Fransadan 2,8 dəfə, Böyük Britaniyadan 2,1 dəfə, Türkiyədən 1,9 dəfə, İrandan 1,8 dəfə, Ukraynadan 1,7 dəfə, Rusiya Federasiyasından 1,7 dəfə, Gürcüstandan 22,5 faiz artıb.
2021-ci ilin yanvar-iyul ayları ilə müqayisədə körfəz ölkələrindən gələnlərin sayı 3,4 dəfə artaraq 202,9 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 2,5 dəfə artaraq 41,9 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 1,8 dəfə artaraq 278,7 min nəfər olub.
Təkcə iyul ayında ölkəyə 193 416 nəfər gəlib ki, bu da ötən ilin eyni ayına nisbətən 2,3 dəfə çoxdur. Həmin ay ölkəyə ən çox Rusiya, Səudiyyə Ərəbistanı, Türkiyə, İran və Pakistandan səfər ediblər. İyulda ölkəyə gələnlərin 31,1 faizi Rusiyanın, 25,4 faizi Yaxın Şərq regionunun, 12,4 faizi Asiya bölgəsinin, 7,2 faizi Avropanın, 7 faizi İranın 1,7 faiz isə digərlərinin payına düşüb.
Cari ilin yanvar-iyul aylarında ölkəyə gələnlərin sayı 2021-ci ilin eyni müddətinə nisbətən artsa da pandemiyadan əvvəlki dövrlə müqayisədə geridədir. Belə ki, 2019-cu ilin yanvar-iyul aylarında ölkəyə 1 milyon 777,4 min nəfər gəlib ki, bu da cari ilin müvafiq dövründən 2,1 dəfə çoxdur. Başqa sözlə, 2022-ci ilin yanvar-iyul aylarında ölkəyə gələnlərin sayı 2021-ci ilin eyni dövründən 2,3 dəfə çox olsa da, 2019-cu ilin müvafiq müddətindən 2,1 azdır. Ölkəyə gələnlərin sayı həmçinin iyul ayında ötən illə müqayisədə çox olsa da 2019-cu ilin müvafiq ayına nisbətən 1,9 dəfə azdır. Bu da onu deməyə əsas verir ki, turizm sektorunda artım qeydə alınsa da hələ də pandemiyadan əvvəlki dövrün göstəricilərinə çatmaq mümkün olmayıb.
Ceyhun Piriyev, “İki sahil”