Ölkə başçısının iştirakı ilə açılışı olan sənaye məhəllələri və aqroparklar regionun, eləcə də iqtisadi mühitin yenilənməsi və müasirləşməsi, müxtəlif sahələrin inkişafı, əhalinin rifah halının yüksəlişi baxımından mühüm əhəmiyyətə malikdir.
Bundan əlavə, sənaye məhəllələrində digər müəssisələrin istifadəyə verilməsi, habelə aqroparkların yaradılması iqtisadi inkişafa yeni təkan verir, kənd təsərrüfatı məhsullarının istehsalının artımında mühüm rol oynayır.
Sənaye məhəllələrində fəaliyyət göstərən sahibkarlar genişmiqyaslı vergi güzəştlərindən istifadə etmək imkanına malikdir. Bu, yerli investisiyaların cəlb edilməsinə şərait yaratmaqla yanaşı, sahibkarların dövlət dəstəyindən daha geniş şəkildə faydalanmasına imkan verir. Bu, həm də regionların inkişafı baxımdan vacib hesab olunur. Sənaye məhəllələrində fəaliyyət göstərən sahibkarlar dövlət dəstəyi ilə yeni iş yerlərinin yaradılmasını həyata keçirirlər.
Ölkəmizdə həyata keçirilən siyasət bir tərəfdən məşğulluğun təmin edilməsinə, digər tərəfdən istehsal və ixrac imkanlarının artırılmasına gətirib çıxarır. Xüsusilə yeni müəssisələr sənaye və bütövlükdə real sektorda kifayət qədər prioritet istiqamətlər üzrə yaradılıb. Bu kontekstdən həyata keçirilən islahatlar qeyri-neft sektorunun inkişafı üçün yeni imkanlar yaradır.
Aqroparklar müxtəlif sahəvi strukturları özündə birləşdirir, buraya kənd təsərrüfatı maşınqayırması, kimya, tikinti, bitkiçilik, heyvandarlıq, yeyinti, nəqliyyat, ticarət və s. aiddir. Başqa sözlə, aqropark dedikdə qarşılıqlı əlaqədə olan kənd təsərrüfatı və sənaye müəssisələrinin birlikdə fəaliyyəti nəzərdə tutulur. Aqroparkların yaradılması kənd təsərrüfatı məhsullarının istehsalının təşkil edilməsi baxımından vacibdir. 2010-cu ildən etibarən Azərbaycanda kənd təsərrüfatının inkişafında yeni yanaşma müşahidə olunur. Bu amil məhsulların yalnız xammal formasında deyil, emal edilərək daxili bazarla bərabər, dünya bazarlarına çıxarılmasını ehtiva edir. Aqroparkların sayının artması emaledici məhsulların həcminin çoxalması anlamına gəlir. Bu da kənd təsərrüfatı məhsullarına tələbi artırır və istehsalın artırılmasına zəmin yaradır. Digər tərəfdən aqroparklar dəyər zəncərinə uyğun olaraq emaledici məhsulun xarici bazara çıxarılmasını təmin edir. Nəticədə ölkəyə daha çox valyutanın daxil olmasına imkan yaradır. Kənd təsərrüfatında emaledici məhsullar xammala nisbətən 4 dəfədən çox gəlir əldə etməyə imkan verir. Bu da kənd təsərrüfatı məhsullarının keyfiyyət baxımından istehsalının yeni mərhələyə qədəm qoymasına səbəb olur.
Aqroparklar həm də iş yerləri deməkdir. Bütövlükdə Hacıqabul və digər bölgələrdə həm aqroparkların, həm sənaye məhəllələrinin yaradılması regionlarda iş yerlərinin sayının artırılması, məşğulluğun təmin olunması baxımından vacibdir. Yeni iş yerlərinin açılması ölkədə balanslı iqtisadi inkişafın formalaşmasına xüsusi töhfə verir.
Hazırda Azərbaycanın 32 rayonu üzrə 239 312 hektar ərazidə ümumi layihə dəyəri 2,3 milyard manat olan 51 aqroparkın yaradılması üzrə işlər aparılır. Aqroparkların 34-ü bitkiçilik, 14-ü bitkiçilik və heyvandarlıq, 1-i heyvandarlıq, 2-i isə emal sənayesi üzrə ixtisaslaşıb. 44 aqropark artıq fəaliyyətə başlayıb, digərlərində isə layihələndirmə və tikinti işləri aparılır. İndiyədək 25 aqroparka 184 milyon manat güzəştli kredit ayrılıb, onlardan 26-a investisiya təşviqi sənədi verilib ki, bunun nəticəsində sahibkarlar texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına görə 39,8 milyon manat vəsaitə qənaət (gömrük rüsumu və ƏDV) edib. Hazırda aqroparklarda ümumi olaraq 4 500-dək daimi işçi, 6 300-dən çox isə mövsümü işçi çalışır.
Yeni çağırışlarda iqtisadiyyatın dayanıqlı olmaqla yanaşı, həm də balanslı olması qeyd edilir. Regionlarla paytaxt arasında fərqin minimumlaşdırılması, xüsusən də regionlarda iqtisadi kadrların işlə təmin olunması, özəl sektorun məşğulluqda payının artırılması prioritet məsələlərdəndir. Yeni sənaye məhəllərinin və aqroparkların yaradılması bu hədəflərə nail olunmasına xüsusi töfhə verəcək.
Cavid Əkbərov, “İki sahil”