Azərbaycan qlobal pandemiya dövründə belə, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramların icrasını təxirə salmayan qüdrətli ölkədir. Çünki Prezident İlham Əliyev ötən dövrlərdə belə genişmiqyaslı iqtisadi inkişaf üçün ciddi zəminlər yaratmışdı. Xüsusilə regionların sosial-iqtisadi inkişafını xüsusi diqqətdə saxlayan ölkə başçısı verdiyi tapşırıqların icrasını mütəmadi olaraq şəxsən yoxlamaq üçün tez-tez regionlara səfər edərək həm görülən işlərlə maraqlanır, həm də sakinlərlə səmimi görüşlər keçirərək onların problemlərini öyrənir. Bir çox hallarda isə vətəndaşın problemi yerindəcə həll edilir və ya dövlət başçısı tərəfindən məsələnin həlli ilə bağlı aidiyyəti qurumlara tapşırıq verilir. Həmçinin Prezident müxtəlif sosial-iaşə obyektlərinin, zavod-fabriklərin açılışında iştirak edir, görüşlərdəki bütün çıxışlarında xalqa dövlətin gördüyü işlərlə, həm də əhalini narahat edən məsələlərə aydınlıq gətirir.
Dövlət başçısının və birinci xanım Mehriban Əliyevanın İsmayıllı və Ağsu rayonlarına səfərləri zamanı yeni obyektlərin açılışı və Prezidentin Azərbaycan Televiziyasına müsahibəsində əhalini maraqlandıran məsələlərə aydınlıq gətirməsi də deyilənlərin əyani təsdiqidir. Səfər çərçivəsində Qobustan rayonunda «Diri Baba» türbəsində turizm infrastrukturunun yaradılması ilə bağlı aparılan yenidənqurma işləri, «Basqal» Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində aparılan və icrası nəzərdə tutulan tikinti-bərpa işləri, «Ağsu Aqropark» Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti ilə tanışlıq, İsmayıllı rayonunda «Basqal Resort & Spa» hotelinin, Ağsu şəhərindəki Bayraq meydanında Gənc Sənətkarlar Mərkəzinin və Dövlət Rəmzləri Muzeyinin açılışı bir daha dövlət başçısının bölgələrin yüksəlişinə, yeni iş yerlərinin açılmasına, məşğulluğun artırılmasına xüsusi diqqət yetirdiyinin təzahürüdür.
Bölgələrimizdə aqrar sənayenin sürətli inkişafı da diqqət çəkir. Xüsusilə, aqroparkların yaradılması aqrar sahədə inkişafı sürətləndirməklə bərabər, ixracyönümlü məhsulların sayının artmasında və ölkənin ixrac potensialının güclənməsində əhəmiyyətli rol oynayır. Bu gün ölkəmizin 32 rayonu üzrə 239,3 min hektar ərazidə ümumi layihə dəyəri 2,4 milyard manat olan 51 aqropark və iri fermer təsərrüfatı yaradılıb. Bunlardan 34-ü bitkiçilik, 14-ü bitkiçilik və heyvandarlıq, 1-i heyvandarlıq fəaliyyəti, 2-si isə çeşidləmə-qablaşdırma, emal və logistika sahələri üzrə ixtisaslaşıb. İndiyədək aqroparklara 1,3 milyard manat özəl investisiya qoyulub. Bununla yanaşı, dövlət tərəfindən aqroparklara müvafiq dəstək tədbirləri görülüb. Belə ki, investisiya təşviqi sənədi almış 27 aqroparkdan 26-sına texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına görə 43,7 milyon manat dəyərində güzəşt tətbiq olunub, 25 aqroparkın yaradılması və ya fəaliyyətinin genişləndirilməsi üçün 184,2 milyon manat güzəştli kredit verilib. Həmçinin aqroparklar üçün infrastruktur təminatı dövlət vəsaiti hesabına həyata keçirilir. Aqroparklar məşğulluq səviyyəsinin artırılmasında da mühüm rol oynayır. Hazırda aqroparklarda ümumilikdə 4491 işçi daimi, 6303 işçi isə mövsümi işlə təmin olunub. Gələcəkdə əlavə 4672 iş yerinin açılması nəzərdə tutulur.
Artıq ölkədə 44 aqropark fəaliyyətə başlayıb, digərlərində isə layihələndirmə işləri aparılır. 2018-ci ildən heyvandarlıq və əkinçilik sahəsi üzrə fəaliyyətə başlayan «Ağsu Aqropark»ın ümumi ərazisi 1843 hektar olmaqla, layihə dəyəri 18 milyon manatdır. Aqroparkın tikintialtı sahəsi 10 hektar təşkil edir. Yerli mütəxəssislərə önəm verən Qapalı Səhmdar Cəmiyyəti əhalinin məşğulluğunun təmin edilməsini mühüm bir vəzifə kimi öz üzərinə götürüb. Hazırda burada 200-ə yaxın daimi işçi çalışır, mövsümdən asılı olaraq 240-250 nəfər işlə təmin edilir.
Regionların inkişafı Dövlət proqramlarına uyğun olaraq son illərdə yol infrastrukturunun inkişafı istiqamətində də məqsədyönlü tədbirlər həyata keçirilir. Avtomobil yollarının tikintisi və yenidən qurulması işlərinin həcmi ildən-ilə artır. Hazırda respublikanın nəqliyyat-yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı dövlət büdcəsi vəsaiti hesabına irimiqyaslı layihələr uğurla icra edilir.
Ölkə iqtisadiyyatının inkişafında mühüm rol oynayan yol infrastrukturunun önəmini nəzərə alan Prezident İlham Əliyev bu sahəni daim diqqət mərkəzində saxlayır. Son illər respublikamızın bütün şəhər, rayon və kəndlərində yol tikintisinə milyardlarla investisiyalar qoyulub. Həm işğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında, həm də ölkənin digər bölgələrində ən müasir yollar salınır. Bütün illərdə olduğu kimi, 2022-ci ildə Dövlət Proqramına uyğun olaraq bütün yol-nəqliyyat infrastrukturları uğurla icra olunur. Bu il Prezidentin iştirakı ilə bir çox rayon və şəhərlərdə yeni yollar istifadəyə verilib.
Bu bir həqiqətdir ki, işğaldan azad edilmiş rayon və şəhərlərimizə gediş-gəlişin və daşınma prosesinin təmini üçün yolların əhəmiyyəti çox böyükdür. Hazırda həmin ərazilərdə 14 yol-nəqliyyatı infrastruktur layihəsi icra olunmaqdadır. Tikintisinə ötən il başlanılan bir neçə mühüm yol infrastrukturu isə artıq istifadəyə verilib.
Bu gün Azərbaycanın inkişafı yalnız onun paytaxtının hesabına deyil, regionlarının da hesabına baş verir. Bir faktdır ki, regionlarımızdakı vəziyyət 20 il əvvəllə müqayisədə tamamilə dəyişib. Respublikanın regionları, sözün əsl mənasında, yeni bir simaya malik olublar. Aparılan işlər regionların inkişaf potensialının artmasına, biznes və investisiya mühitinin, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin yaxşılaşmasına, əhalinin rifahının yüksəlməsinə və ekoloji təhlükəsizliyin güclənməsinə şərait yaradıb. Bir sözlə, bu gün kəndlə şəhər arasındakı bərabərsizliyin aradan qaldırılması istiqamətində aparılan işlər onların arasındakı fərqi minimuma endirməyə hesablanıb və artıq bu istiqamətdə uğurlu nəticələr də var. Çünki 2004-cü ildən başlayaraq uğurla icra olunan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları davamlı olaraq həyata keçirilməkdədir. Hazırda regionların inkişafı üzrə sayca IV (2019-2023-cü illər) Dövlət Proqramı icra edilir.
Elçin Zaman, «İki sahil»