18 avqust 2022 02:56
614

Xarici ticarət: İxrac idxalı 15 milyard dollardan çox üstələyib

Azərbaycanın ixracı və idxalı arasında 15 milyard ABŞ dollarından  çox fərq yaranıb. Dövlət Gömrük Komitəsinin aylıq hesabatında bildirilir ki, 2022-ci ilin yanvar - iyul aylarında Azərbaycanın xarici ticarət əməliyyatlarının məbləği 30 milyard 58 milyon 909 min ABŞ dolları, o cümlədən ixrac əməliyyatları 22 milyard 565 milyon 90 min ABŞ dolları, idxal əməliyyatları 7 milyard 493 milyon 819 min ABŞ dolları, saldo müsbət 15 milyard 71 milyon 270 min ABŞ dolları təşkil edib.

Müqayisə üçün deyək ki, 2021-ci ilin yanvar - iyul dövründə Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 17 milyard 691 milyon 469 min ABŞ dolları, o cümlədən ixrac əməliyyatları 11 milyard 393 milyon 520 min ABŞ dolları, idxal əməliyyatları 6 milyard 297 milyon 949 min ABŞ dolları, saldo müsbət 5 milyard 95 milyon 570 min ABŞ dolları təşkil etmişdi. Bu da o deməkdir ki, xarici ticarət dövriyyəsi 69,9 faiz, o cümlədən ixrac 98,5 faiz, idxal 19 faiz artıb. Müsbət saldoda 3 dəfəyə yaxın artım olub.

İxracın 92,55 faizini neft-qaz sektoruna aid məhsullar təşkil edib. Bu göstərici ötən ilin müvafiq dövründə 88,11 faiz idi. Başqa sözlə, bu sektorun ixracda payı son bir ildə 4,44 faiz bənd artıb.

Cari ilin yanvar-iyul aylarında neft-qaz sektorunda ixracın dəyəri ötən ilin eyni dövrünə nisbətən 2,1 dəfə artıb. İxracın dəyərinin artması qiymət amili ilə bağlıdır.

Qeyri-neft ixracının ümumi ixracda payının azalmasına baxmayaraq bu sektorda ixracın dəyəri hesabat dövründə 24,2 faiz artıb. Qiymət amili burada da öz sözünü deyir. Belə ki, bəzi məhsul qruplarının ixracında fiziki çəkisi azalsa da dəyəri artıb. Başqa ifadə ilə qiymətin artması fiziki çəkidəki azalmanı kompensasiya edib. Məsələn, meyvə-tərəvəz ixracının fiziki çəkisi 4,1 faiz azalsa da dəyəri 11,5 faiz artıb.   

Kimya sənayesi məhsullarında isə hər iki göstərici artıb. Belə ki, illik müqayisədə belə məhsulların ixracının fiziki çəkisi 2,2 dəfə, dəyəri isə 3,6 dəfə çox olub. Lakin dəyərin artım tempinin fiziki çəkini üstələməsi burada da qiymət amilinin rolunun az olmamasına işarə edir.  

Plastmassa və onlardan hazırlanan məmulatların ixracında fiziki çəkidə 7,15 faiz azalma olsa da dəyəri cüzi də olsa artıb (0,3 faiz).

Pambıq lifinin ixracında da fiziki çəkidə 31,5 faizlik azalmaya baxmayaraq dəyərində 5,35 faiz artıb olub.

Həmçinin qara metallar və onlardan hazırlanan məmulatların ixracının fiziki çəkisi 2,1 faiz azalsa da, dəyəri 28,1 faiz artıb.

Alüminium və ondan hazırlanan məmulatların ixracının isə fiziki çəkisi 28,9 faiz, dəyəri 2 dəfə çoxalıb.

Ceyhun Piriyev, “İki sahil”