19 avqust 2022 02:38
696

Avtomobil idxalının 7 ayı: Qiymət artıb, say azalıb

Azərbaycana avtomobil idxalı azalmaqda davam edir. Belə ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, cari ilin yanvar-iyul aylarında ölkəyə 541 milyon 650 min dollar dəyərində 41 min 362 ədəd nəqliyyat vasitələri idxal edilib. Bununla da ötən ilin eyni dövrü ilə müqayisədə idxal olunan avtomobillərin sayı 6 min 12 ədəd və ya 12,7 faiz azalıb, dəyəri isə 67 milyon 35 min dollar və ya 14,1 faiz artıb.

Ötən ilin yanvar-iyul aylarında ölkəyə idxal edilmiş 1 avtomobilin orta qiyməti 10 min 18 dollar olmuşdusa bu il bu rəqəm  13 min 95 dollara yüksəlib.

Avtomobil idxalının strukturu ilə tanış olanda bəlli olur ki, hesabat dövründə minik və yük avtomobillərin sayında azalma olsa da avtobus, hibrid və elektrik mühərrikli, xüsusi təyinatlı  avtomobillərin sayında artım olub.

Say etibarilə idxalı ən çox azalan yalnız daxili yanma mühərrikli minik avtomobilləri olub. Həmçinin 1 ədədinin də orta qiyməti azalan bu avtomobillərin idxalda xüsusi çəkisi həm say, həm də dəyər baxımından azalıb. Belə ki, avtomobillərin sayı 38 min 140 ədəd təşkil edib ki, bu da ötən illə müqayisədə 5908 və ya 13,4 faiz azdır. Bu il ölkəyə gətirilmiş belə avtomobilin bir ədədinin orta qiyməti 10 min 977 dollar olub. Ötən il bu rəqəm 9 min 392 dollar idi. Nəticədə cari ilin 7 ayında ötən ilin eyni dövrünə nisbətən belə nəqliyyat vasitələrinin avtomobil idxalında xüsusi çəkisi say müstəvisində 93 faizdən 92,2 faizə, dəyər müstəvisində 87,2 faizdən 77,3 faizə enib.     

Sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitələrinin sayı isə 5,1 dəfə artıb. Ötən il ölkəyə idxal edilmiş bir ədəd belə nəqliyyat vasitəsinin orta qiyməti 78 min 932,5 dollar olmuşdusa cari ildə bu göstərici 76,1 faiz artaraq 139 min 34 dollara yüksəlib. Bu nəqliyyat vasitələrinin idxalının dəyəri 9 dəfə artaraq 45 milyon 742,5 min dollar dollara çatıb. 

Daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, yəni “hibrid”lərə gəlincə, cari ilin 7 ayında ölkəyə gətirilmiş belə avtobillərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 20 faiz artıb. Ötən il ölkəyə gətirilmiş belə avtobillərin 1 ədədinin orta qiyməti 6 min 189,8 dollar olmuşdusa cari ildə bu rəqəm 64,2 faiz artaraq 10 min 165 dollara çatıb.  Bununla da “hibrid” avtomobillərin idxalının dəyəri  71 milyon 867,29 min  dollar olub ki, bu da 2 dəfə artım deməkdir.    

Yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələrinin sayı isə 4,2 dəfəyə yaxın artıb.  Bu il ölkəyə gətirilmiş belə vasitənin 1 ədədinin orta qiyməti 29 min 673 dollar, ötən il isə 38 min 841 dollar olmuşdu. Hesabat dövründə bu qrupdan olan ixracın dəyəri 3,6 dəfə artaraq 5 milyon 519,12 min dollar olub.  

Bu dövrdə ölkəyə gətirilmiş yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələrinin sayı 481 ədəd azalıb, 1 ədədinin orta qiyməti isə 36 faiz artıb. Nəticədə belə avtomobillərin idxalının dəyəri 15,8 faiz artaraq 55 milyon 433 min dollar təşkil edib.  Eyni zamanda, xüsusi təyinatlı mühərrikli nəqliyyat vasitələrinin sayı 2,75 dəfə artıb, qiyməti 0,4 faiz azalıb. Nəticədə belə nəqliyyat vasitələrinin idxalının dəyəri 2,7 dəfə artıb.

Bununla da cari ilin yanvar-iyul aylarında ölkəyə gətirilmiş avtomobillərin sayı azalsa da dəyərinin artması, idxalda əsasən avtobus və “hibrid” mühərrikli nəqliyyat vasitələrinin qiymətinin və sayının artması ilə bağlıdır. Ümumilikdə avtomobil idxalının dəyəri ümumi idxalın 7,2 faizinə bərabər olmaqla ikincidir.

Ceyhun Piriyev, “İki sahil”