20 avqust 2022 00:36
955

Sənaye parkları iqtisadi drayverə çevrilir

Qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, məşğulluq səviyyəsinin artırılması ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin əsas prioritetlərindəndir. Sənaye parklarının yaradılması isə bu məqsədlərə nail olmaq üçün əhəmiyyətli mexanizmdir. Hazırda sənayeləşmə siyasətinə uyğun olaraq innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənayenin inkişafına yeni təkan vermək, qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək və əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq məqsədi ilə sənaye parkları və sənaye zonalarının yaradılması davam etdirilir. 

Ölkəmizdə fəaliyyət göstərən sənaye zonalarında sahibkarlar üçün əlverişli investisiya mühiti yaradılıb. Belə ki, sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən 10 il müddətinə əmlak vergisindən, torpaq vergisindən, gəlir və ya mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və 7 il müddətinə gömrük rüsumlarından azad olunurlar. Sənaye parklarının rezidentləri dövlət vəsaiti hesabına tam infrastruktur sistemi ilə təmin edilirlər.

Sənaye zonaları üzrə indiyədək 108 sahibkarlıq subyektinə rezidentlik statusu verilib və bunlardan artıq 60-ı istehsal fəaliyyətinə başlayıb. Sahibkarlar tərəfindən sənaye zonalarına 6,4 milyard manatdan çox investisiya yatırılıb və 10100-dən artıq daimi iş yeri yaradılıb. Mövcud layihələr üzrə növbəti mərhələdə sənaye zonalarına əlavə 450 milyon manatdan çox investisiyanın yatırılması və 4500-dən artıq yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Sənaye zonalarında istehsal olunan məhsulların ixrac imkanları çox genişdir və dünyanın 50-dən çox ölkəsinə (əvvəlki dövrlərdə 45-dək ölkə) Azərbaycan brendi adı ilə (“Made In Azerbaijan”) ixrac edilir. Belə ki, sənaye zonalarında istehsal olunan məhsullar Türkiyə, Yaponiya, ABŞ, Kanada, İtaliya, Çin, Rusiya, Ukrayna, Belarus, Tayvan, Bolqarıstan, Rumıniya, Polşa, Finlandiya, Hollandiya, Makedoniya, Litva, Avstriya, Estoniya, Danimarka, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Gürcüstan, Qırğızıstan, Braziliya, Misir, BƏƏ, Livan, İraq, və s. ölkələrə ixrac olunub.

Hazırda işğaldan azad edilmiş ərazilərimizdə sənaye parklarının yaradılması və parklara investisiya cəlb olunması bölgənin resursların­dan, həmçinin iqtisadi imkanlardan yararlanmaqla Qarabağın ölkə iqtisadiyyatına səmərəli reinteqrasi­yasına əlavə stimul yaradır. Torpaqlarımız işğaldan azad edildikdən sonra Prezident İlham Əliyevin müvafiq fərmanları ilə Ağdam Sənaye Parkı və “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılmasına başlanıb. Bu parklarda fəaliyyət göstərəcək rezidentlər ümumi parklar üçün güzəştlərdən əlavə, Prezidentin 10 dekabr 2021-ci il tarixli “İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Sərəncamında nəzərdə tutulan imtiyazlardan da yararlana biləcəklər. Sərəncama əsasən, işğaldan azad edilmiş ərazilərdə özəl təşəbbüslərin stimullaşdırılması, investisiyaların təşviqi mexanizmlərinin təkmilləşdirilməsi, həmin ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün xammal və materialların idxalı ilə bağlı gömrük və vergi güzəştlərinin müəyyən edilməsi, istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlər (elektrik enerjisi, təbii qaz və su istehlakı) üzrə güzəştlərin müəyyənləşdirilməsi, sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və bu istiqamətdə zəruri dövlət dəstəyinin gücləndirilməsi və sairdən ibarətdir.

190 hektar ərazisi olan Ağdam Sənaye Parkının artıq 9 rezidenti var və onların 50 milyon manatdan çox investisiya yatırması nəzərdə tutulur. Burada, həmçinin 1000-ə yaxın iş yerinin yaradılması da nəzərdə tutulur. İqtisadi Zonaların İnkişafı Agentliyindən verilən məlumata əsasən, parkda işləmək istəyən sahibkarlar tərəfindən təqdim edilən daha 10-dan çox layihəyə baxılır. Bu layihələrdə havalandırma, yanğınsöndürmə avadanlıqları və metal məmulatları istehsalı, beton istehsalı, ağır texnikaya texniki xidmətin göstərilməsi və bununla əlaqədar olaraq bəzi metal ehtiyat hissələrinin bərpası və istehsalı, ortopedik matras və yumşaq mebellərin (divan və kresloların), kanalizasiya və içməli su borularının istehsalı və s. təqdim olunan layihələr üzrə əsas fəaliyyət istiqamətləridir.

Məlumdur ki, torpaqlarımızın işğaldan azad edilməsi ilə həm də yeni beynəlxalq nəqliyyat dəhlizləri yaranır. Belə nəqliyyat dəhlizlərinin gələcəkdə rəqabətqabiliyyətli fəaliyyətinin təmin olunması üçün regionda logistika imkanlarının artırılması vacibdir. Cəbrayıl rayonu ərazisində fəaliyyət göstərəcək “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı bu imkanların reallaşdırılması baxımından olduqca əhəmiyyətlidir. Yaradılan logistika mərkəzi, “yaşıl enerji” konsepsiyasına əsaslanan innovativ sənaye sahələri, habelə tikinti materialları istehsalı bölgənin sosial-iqtisadi inkişafına təkan olacaq. “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında xüsusilə iqtisadi artımın mühüm təkanverici qüvvəsi olan logistika və ticarət imkanlarının yüksək olması irihəcimli xarici investisiyaların cəlb edilməsinə şərait yaradır. Səmərəliliyin artırılması məqsədilə Sənaye Parkında yaradılan logistika və ticarət mərkəzlərində rəqəmsal proqram təminatlarından istifadə etməklə, ən qabaqcıl əməliyyat modellərinin tətbiqi planlaşdırılır. Bu tədbirlər nəticəsində gələcəkdə Azərbaycanın logistika və ticarət sahəsində regionun lideri mövqeyinə yüksəlməsi təmin olunacaq.

Sevinc Azadi, “İki sahil”