20 avqust 2022 01:27
675

Daha bir strateji hədəf

Bu, ərzaq təhlükəsizliyini yüksək səviyyədə təmin etməkdir

Bu gün dünyanı narahat edən təhlükələrdən biri də gözlənilən ümumdünya ərzaq qıtlığıdır. Artıq bu istiqamətdə beynəlxalq təşkilatların və aparıcı ölkələrin ciddi mesajlarını da aydın görmək olur. Ona görə də indi hər bir ölkə öz ərzaq təhlükəsizliyi üçün addımlar atmağa başlayıb. Azərbaycanda da artıq əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı üçün məqsədyönlü tədbirlər həyata keçirilir. Avqustun 12-də Prezident İlham Əliyev İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsi zamanı ərzaq təhlükəsizliyinə toxunaraq bu msələ ilə bağlı mühüm məlumatlar da açıqlayıb. Dövlət başçısı bildirib ki, bu gün ərzaq təhlükəsizliyi ilə bağlı dünyada çox böyük narahatlıq var. Ona görə də Azərbaycanda da bu istiqamətdə səmərəli və geniş işlər həyata keçirilir ki, ölkəmiz bu sahədə də özünü təmin etmiş ölkəyə çevrilsin. Dövlət başçısı əmin olduğunu bildirib ki, ərzaq təhlükəsizliyi məsələləri Azərbaycanda maksimum dərəcədə təmin olunacaq.

Ölkəmizin başçısı sözügedən müsahibədə vurğulayıb ki, bu gün Azərbaycan özünü ət məhsulları ilə 90 faiz, quş əti ilə 80 faiz, süd və süd məhsulları ilə 85 faiz səviyyəsində təmin edir. Dövlət başçısı həmçinin növbəti 3-5 il ərzində bu istiqamətlərdə 100 faiz səviyyəsinə çatacağımıza əmin olduğunu da açıqlayıb.

Məlumdur ki, Rusiya-Ukrayna müharibəsi başlayandan sonra dünyada taxıl qıtlığı ilə bağlı hökm sürən narahatlıq hələ də davam edir. Ona görə Azərbaycanda da bununla  bağlı  müəyyən narahatlığın olduğunu hamı bilir. Dövlət başçısı müsahibəsində hamını maraqlandıran taxıl idxalındakı mövcud duruma da aydınlıq gətirib. Diqqətə çatdırıb ki,  Azərbaycanda bu sahədə heç bir problem yoxdur: «Biz ənənəvi olaraq taxılı da, gübrəni də Rusiyadan alırıq. Rusiyalı tərəfdaşlarımızla əldə edilmiş razılaşmalar nəticəsində Azərbaycana istədiyimiz qədər həm gübrə, həm taxıl ixrac edilir və ediləcək. Gübrəyə gəldikdə isə bildiyiniz kimi, biz özümüz də artıq gübrə istehsalçısı olmuşuq və hətta karbamid gübrəsini ixrac edirik. Amma digər gübrələr Azərbaycana idxal olunur».

Prezident, həmçinin vurğulayıb ki, Azərbaycan özünü hələ uzun illər ərzaqla tam təmin edə bilməyəcək. Bununla belə, təqribən 3-4 il ərzində biz özümüzü ərzaqlıq buğda ilə 80 faiz səviyyəsində təmin edə bilsək, bu, çox böyük nəticə olacaqdır.
Dövlət başçısı Azərbaycanın real həyatda yaşadığını vurğulayaraq əlavə edib ki, bütün problemlərdən tam sığortalanmaq üçün praktiki işlər aparılır və aparılacaq: «Əminəm ki, növbəti illərdə həm bu gün mövcud olan əkin sahələrində daha bol məhsul götürmək üçün suvarma layihələri, düzgün aqrotexniki tədbirlərin görülməsi və digər tədbirlər, subsidiyalar nəticəsində biz məhsuldarlığı böyük dərəcədə artıra biləcəyik. Eyni zamanda, biz artıq azad edilmiş torpaqlarda da əkin-biçinlə məşğuluq. Mənim göstərişimlə vaxt itirmədən əkin işləri aparılmışdır, minalardan təmizləmə işləri aparılmışdır. Hesab edirəm ki, gələcəkdə Qarabağda və Şərqi Zəngəzurda yetişdiriləcək məhsullar, o cümlədən  ərzaq təhlükəsizliyimizin tam təmin edilməsində Azərbaycana böyük kömək göstərəcək.»

Bəli, bu gün qarşıya qoyulan əsas hədəf yaxın  3-4 il ərzində ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin 80 faizə çatdırılmasıdır. Buna görə aqrar sahəyə daha bir dövlət dəstəyi də nəzərdə tutulub. Belə ki,  2023-cü ildən başlayaraq 5 il müddətində ərzaqlıq buğdaya məhsul subsidiyası tətbiq ediləcəkdir.

Elçin Zaman, «İki sahil»