Tranzit potensialını tam olaraq reallaşdırmağa çalışan Azərbaycan bu istiqamətdə fəaliyyətini davam etdirməkdədir. Bugünlərdə “Azərbaycan Respublikası Hökuməti, Gürcüstan Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində tranzit gömrük prosedurlarının asanlaşdırılması üçün ilkin məlumat mübadiləsinə dair Saziş”in imzalanması belə fəaliyyətlərdən biridir. Məqsəd hər üç dövlətin ərazisindən keçməklə Bakı-Tbilisi-Qars dəmir yolu çərçivəsində tranzit qaydada daşınan yüklərə dair gömrük prosedurlarının asanlaşdırılması üçün ilkin məlumatların elektron mübadiləsini həyata keçirməkdir.
Azərbaycan, Gürcüstan, Qazaxıstan, Ukrayna və Türkiyə dəmir yolu, gəmiçilik və liman administrasiyalarının iştirakı ilə 2014-cü ildə yaradılmış Orta Dəhliz və yaxud Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çindən Türkiyəyə və eləcə də Avropa İttifaqı ölkələrinə və əks istiqamətdə yük daşımalarına xidmət edir. Orta Dəhliz vasitəsilə yüklər Avropaya iki istiqamətdə nəql edilir. Onlardan biri Gürcüstanın Poti və Batumi limanları vasitəsi ilə, digəri isə Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınır. Bu dəhliz üzrə hərəkət edən qatarlar orta hesabla 10-12 günə Çindən Avropaya yükləri çatdırır. Bu da nəqliyyat dəhlizinin əsas üstünlüklərindən biridir. Sözügedən Saziş bu üstünlüyə daha birini əlavə edəcək. Belə ki, bu Saziş Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə yüklərin fasiləsiz, vaxtında, səmərəli şəkildə daşınması baxımından mühüm imkanlar yaradacaq. Mallar haqqında ilkin məlumatın elektron mübadiləsi təşkil edilməklə gömrük prosedurları sadələşdiriləcək, sərhədkeçmə prosesləri sürətlənəcək. Eyni zamanda, qarşılıqlı razılaşdırılmış müasir gömrük nəzarəti metodları hesabına vaxta qənaət ediləcək ki, bu da yüklərin rahat keçidinə şərait yaradacaq.
Nəqliyyat dəhlizlərinin cəlbediciliyinin artırılması baxımından da mühüm əhəmiyyət daşıyan Saziş iqtisadi operatorların, eləcə də limanların logistika imkanlarının artmasına müsbət təsir göstərəcək. Eyni zamanda, sözügedən sənədin ölkəmizin və regionun tranzit potensialının daha da genişləndirilməsində mühüm rol oynayacağı gözlənilir.
Bu baxımdan gömrük xidmətlərinin üzərinə mühüm vəzifələr düşür. Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədrin vəzifələrini müvəqqəti icra edən Şahin Bağırov Sazişin imzalanma mərasimində deyib ki, bunun üçün gömrük işinin təşkili ilə bağlı bütün lazımi prosedurlar həll edilməlidir. O bildirib ki, yaxın 3 ay ərzində məlumat mübadiləsi ilə bağlı platforma hazırlanacaq, bu məlumatların elektron formada mübadiləsinə nail olunacaq. İlkin məlumat mübadiləsi, həmçinin dəniz limanlarının da tranzit potensialının artırılmasına və Şimal-Cənub, Orta Dəhliz ilə tranzit yüklərin daşımasına böyük əhəmiyyət veriləcək.
Türkiyənin ticarət nazirinin müavini Rıza Tuna Turagay isə deyib ki, ölkələr arasında sadələşdirilmiş gömrük xidmətinin tətbiqini həyata keçirmək, əvvəlcədən məlumat mübadiləsini təmin etməklə risk analizlərinin paylaşılması planlaşdırılır. O bildirib ki, risk analizlərinin paylaşıldığı zaman nəzarət təkrarlanmayacaq, lakin effektiv və yerində nəzarət ediləcək. Hazırda hər üç ölkənin gömrük idarələri eyni nəzarəti həyata keçirir ki, bu da vaxt itkisinə səbəb olur. Nazir müavininin sözlərinə görə, Saziş Bakı-Tbilisi-Qars dəmir yolu xəttində yükdaşımaların həcminin artırılmasına səbəb olacaq. O qeyd edib ki, ölkəsi Bakı -Tbilisi -Qars dəmir yolu xəttinin daha aktiv şəkildə istifadə edilməsində maraqlıdır.
Daha geniş mənada görünən odur ki, Azərbaycanın yerləşdiyi coğrafi məkandan düzgün və uzaqgörənliklə istifadə edən Prezident İlham Əliyev ölkəmizi regionun olduqca əhəmiyyətli nəqliyyat layihələrinin təşəbbüsçüsü və iştirakçısı etməklə dövlət büdcəsinə əhəmiyyətli miqdarda tranzit gəlirlərinin daxil olması ilə iqtisadiyyatın qeyri-neft sektoru üzrə daha bir gəlir mənbəyinin inkişafına imkan verir.
Ceyhun Piriyev, “İki sahil”