23 avqust 2022 00:59
804

Qaz bazarında yeni mexanizmlər

Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi daha güclənir

Avropa enerji sahəsində ciddi çağırışlarla üz-üzədir. Bir tərəfdən görünməmiş istilər enerjiyə tələbatı artırır. Quraqlıq Avropada yükdaşımalarda əsas rol oynayan çaylarda suyun səviyyəsini aşağı salıb ki, bu da elektrik stansiyalarına kömür və digər yanacağın çatdırılmasını çətinləşdirir. Digər tərəfdən, küləklərin azalması ondan əldə olunan enerjisinin azalmasına gətirib çıxarıb. Avropanın əsas qaz təchizatçısı olan Norveçin Şimal dənizindəki qaz yataqlarında planlı təmirin başlanması nəticəsində qitəyə gündəlik qaz nəqli 20 milyon kubmetr azalıb. Təmirin ayın sonunda başa çatması gözlənilir. Norveçdən gələn xəbər Avropada qazın qiymətinin hər min kubmetr üçün 2800 dolları keçməsinə səbəb olub. Avropada ötən gün keçirilən hərracın gedişində təbii qazın min kubmetrinin qiyməti 13 faiz artaraq martın əvvəlindən bəri ilk dəfə 2800 dolları ötüb. Londonun ICE birjasının məlumatına görə, Niderlanddakı TTF habında min kubmetr qazın sentyabr fyuçersinin qiyməti 2862 dollara qədər yüksəlib.

Lakin bütün bunlara baxmayaraq “Şimal axını 1"lə qaz nəqlinin 167 milyon kubmetrdən 33 milyon kubmetrə qədər azaldılması fonunda Avropa öz anbarlarını qazla doldurmaqda davam edir. Kəmərin qaz daşıdığı Almaniya artıq avqustun sonuna anbarlarını 95 faiz doldurmaq imkanına malikdir. Belə olduğu təqdirdə, ”Şimal axını 1"lə nəqlin tam dayandırılmasının bilavasitə Rusiyanın özünə zərər vuracağı qeyd edilir.

Onu da bildirək ki, Avropaya qaz nəqlini kəskin artıran Azərbaycanın gəlirləri də artıb. Belə ki, gömrük statistikasına əsasən bu ilin yanvar-iyul aylarında Azərbaycan 8 milyard 219 milyon 974,17 min dollar dəyərində 12 milyard 704 milyon 180,01 min kubmetr təbii qaz ixrac edib. Beləliklə, qaz ixracımız 2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə həcm ifadəsində 5,3 faiz, dəyər ifadəsində isə 4,08 dəfəyə yaxın artıb. Xatırladaq ki, Avropaya Azərbaycan qazını Trans-Adriatik boru kəməri (TAP) çatdırır. Qitəyə qaz ixracı 2020-ci il dekabrın 31-də istismara verilən bu kəmərin hesabına artıb. Bundan əlavə, dünya bazarlarında qazın bahalaşması da ixracdan əldə edilən gəlirlərə müsbət təsir edib. İyuldan etibarən TAP-la gündəlik qaz nəqli 37 milyon kubmetrə çatıb. Avropaya ixrac olunan qaz Azərbaycanın “Şahdəniz” yatağından əldə edilir.

Energetika Nazirliyinin məlumatına görə, 7 ay ərzində Türkiyəyə 4,8 milyard kubmetr, Gürcüstana 1,6 milyard kubmetr satılıb. Bu müddətdə Türkiyəyə TANAP-la 3,2 milyard kubmetrə yaxın qaz nəql olunub. Eyni zamanda, ölkədə mavi qaz hasilatı da 13.3 faiz artıb. Bu ilin ilk 7 ayında Azərbaycanda 27,3 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 7,9 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”dən, 14,8 milyard kubmetri “Şahdəniz”dən, 4,6 milyard kubmetri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən bu 3,2 milyard kubmetr artım deməkdir. Bu ilin yanvar-iyul ayları üzrə rəqəmlər göstərir ki, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin formalaşmasında rolu güclənməkdədir. Son bir ildə Azərbaycan Avropaya 13,5 milyard kubmetr mavi qaz nəql edib. Bütövlükdə Azərbaycan tərəfinin Avropaya 2022-ci ildə 10 milyard kubmetrdən artıq mavi qazın nəql edilməsi nəzərdə tutulur. Yeni memoranduma əsasən, Azərbaycan Avropa nəql etdiyi mavi qazı 2026-cı ilədək iki dəfə artırmalıdır. Nəzərə alsaq ki, Yunanıstan, Bolqarıstan daxili şəbəkə vasitəsilə artıq Azərbaycan mavi qazı iyulun 1-dən etibarən Bolqarıstana nəql edilib. İl ərzində Bolqarıstana 1,5 milyard kubmetr mavi qazın nəql edilməsi nəzərdə tutulur. Həmin daxili şəbəkənin ötürülməsi qabiliyyəti 5,5 milyard kubmetrə qədər yüksələcək. Avropa üçün Azərbaycan yeni alternativ mənbədir. Nəzərə alsaq ki, Mərkəzi, Şərqi Avropa enerji təhlükəsizliyini daha çox Azərbaycanın mavi qazı hesabına gücləndirmək niyyətindədir.

Onu da xüsusi qeyd edək ki, Avropa İttifaqı ilə  Azərbaycan arasında enerji dialoqu əhatəli, gündəlik olduqca genişdir. Bura  neft və qaz kimi ənənəvi sahələrlə yanaşı, elektrik enerjisi, bərpaolunan enerji, hidrogen və enerjinin səmərəliliyi məsələləri də daxildir. Göründüyü kimi, çoxşaxəli əməkdaşlıq bu gün Avropa İttifaqının regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunmasında fəal iştirakını şərtləndirir. Ən əsası  münasibətlərdə etibarlılığın qorunması, inamın mövcudluğu yeni-yeni hədəflərə, səylərin birləşdirilməsinə yol açır.

Sevinc Azadi, “İki sahil”