Ölkəmizdə qlobal böhrana qarşı uyğunlaşma mexanizmi və güclü iqtisadi immun sistemi formalaşıb
Qlobal iqtisadiyyatda tənəzzül riskləri artıb. İqtisadi artımla bağlı 2022-ci və 2023-cü illər üçün proqnozlar əhəmiyyətli dərəcədə pisləşib. Beynəlxalq Valyuta Fondu (BVF) 2022-ci ilin çətin il olduğunu etiraf edib. Növbəti ilin isə daha da çətin olacağı proqnozlaşdırılır.
Əslində, BVF ötən ay qlobal iqtisadiyyat üçün proqnozun növbəti dəfə pisləşdiyini və tənəzzül risklərinin artdığını açıqlayıb. Beynəlxalq maliyyə institutlarının, reytinq agentliklərinin və investisiya banklarının proqnozlarının əksəriyyəti yalnız pisləşib.
Beynəlxalq siyasi gərginlik dünya bazarlarında disbalansın yaranmasına gətirib çıxarır. Təəssüf ki, tənəzzül proqnozları özünü doğrultmağa meyillidir. Böhran ərəfəsində istehlakçılar, bizneslər, investorlar iqtisadi fəallığı azaldır, riskli aktivləri satır. Bu isə vəziyyəti daha da gərginləşdirir. Dünyanın bəzi inkişaf etmiş ölkələrinin qısa icmalı onu deməyə əsas verir ki, iqtisadi tənəzzül təkcə qlobal tendensiyalarla bağlı deyil. Çünki bəzən qlobal böhranla paralel aparılan yanlış iqtisadi siyasət ölkə daxilində vəziyyəti daha da gərginləşdirə bilər. Balanslaşdırılmış iqtisadi yanaşma isə əksinə, xarici amillərin mənfi təsirini azaldır. Bu baxımdan Azərbaycan nümunəvi ölkələrdən biridir.
Bütün dünya iqtisadiyyatı yalnız COVID-19 pandemiyasından əziyyət çəkdiyi halda Azərbaycan bu sınaqla yanaşı, İkinci Qarabağ müharibəsindən də uğurla çıxdı. Bu ilin altı ayında Azərbaycan iqtisadiyyatı 6,2%, qeyri-neft iqtisadiyyatı 9,6%, ümumi sənaye istehsalı 2,1%, qeyri-neft sənayesi 11,5%, əhalinin gəlirləri isə təxminən 20% artıb. İqtisadi sahədə aparılan islahatlar cari ilin ilk altı ayında vergi sahəsində proqnozdan artıq 2 mlrd. manat vəsaitin yığılmasına imkan verib. Böhran ən çox qida və enerji sektorlarında özünü göstərir. Qlobal iqtisadiyyatın tənəzzülə uğraması fonunda Azərbaycanın makroiqtisadi göstəricilərinin yüksəlməsi onu deməyə əsas verir ki, gələcəkdə ölkədə yarana biləcək istənilən iqtisadi böhrana qarşı uyğunlaşma mexanizmi və güclü iqtisadi immun sistemi formalaşıb.
Ölkədə mövcud olan inflyasiya pul kütləsi ilə deyil, xarici amillərlə, yəni, idxalla bağlıdır. Belə ki, dünyada iqtisadi durğunluq şəraitində Azərbaycana idxal olunan məhsulların maya dəyəri qalxıb. Eyni zamanda, qeyd etmək lazımdır ki, Azərbaycanda tətbiq olunan mütərəqqi iqtisadi idarəetmə modeli ölkə iqtisadiyyatının sabitliyini səciyyələndirən əsas istiqamətlərdən biridir. Bu gün Qarabağ və Şərqi Zəngəzurda aparılan yenidənqurma və bərpa işləri çərçivəsində birbaşa xarici investisiyaların cəlb edilməsi ölkəyə yüksək iqtisadi dividendlər gətirə bilər. Xüsusilə, bu investisiyalar çərçivəsində yüksək texnologiyaların transferi iqtisadiyyatın müxtəlif sahələrində əmək məhsuldarlığının artırılmasına imkan yaradacaq.
Azərbaycanın 55 mlrd. dollarlıq qızıl-valyuta ehtiyatları var, ölkə iqtisadiyyatı davamlı inkişaf edir, ÜDM-in artımı kifayət qədər sabitdir. Ölkə iqtisadiyyatının minimum artım tempi ildə 4,5-5% təşkil edir. Bundan əlavə, qeyri-neft sektorunda da artım müşahidə olunur. 2022-ci ilin əvvəlindən bu sektordan daxilolmalar ümumi gəlirlərin 60%-ni təşkil edib. Hazırda əsas diqqət büdcədə və ölkənin ÜDM-də qeyri-neft sektorunun payının artırılmasına yönəlib. Dünya iqtisadiyyatında bu və ya digər şəkildə baş verənlər Azərbaycandan da yan keçmir. Çünki ölkə iqtisadiyyatı qlobal iqtisadiyyata inteqrasiya olunub. Böhran həmişə yeni təkliflərlə yeni bazarlara çıxmaq şansıdır. Azərbaycan iqtisadiyyatının diversifikasiyası, müəyyən sənaye sahələrinin inkişafına yönəlib.
Qlobal tənəzzül resurslara, maliyyə imkanlarına və əlverişli geosiyasi mövqeyə malik olan Azərbaycana qeyri-neft sektorunun yeni məhsulları ilə qlobal bazara çıxmağa imkan verəcək. Bundan başqa, həyata keçirilən iri layihələrə gəlincə, xüsusən də işğaldan azad edilən ərazilərdə bütün infrastruktur layihələri yerli maliyyə hesabına həyata keçirilir. Bu da xarici borcun artmasının qarşısını alacaq. Bu isə öz növbəsində qlobal tənəzzülün ölkəmizə təsirini azaldacaq.
Cavid Əkbərov, “İki sahil”