Cari ilin yanvar-iyul aylarında Azərbaycandakı 20 sığorta şirkəti 580 milyon 501 min manat məbləğində sığorta haqqı toplayıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9,9 faiz və ya 52 milyon 243,6 min manat çoxdur. Bu dövrdə sığorta ödənişlərinin məbləği isə19,9 faiz azalaraq 241 milyon 128,5 min manat təşkil edib. Hesabat dövründə toplanmış hər 100 manat sığorta haqqının 41,5 manatı ödəniş edilib. Hərçənd ki, ötən ilin müvafiq dövründə bu göstərici 57 manat olmuşdu.
Bu ilin 7 ayı ərzində yığılmış sığorta haqlarının 24,4 faizi icbari sığorta növlərinin payına düşüb ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 13,3 faiz azdır. Könüllü sığorta növlərində yığım isə 20,3 faiz artaraq ümumi sığorta haqlarının 75,6 faizinə bərabər olub. Könüllü sığorta növlərinin 53 faizini bir sığorta növü - həyat sığortası təşkil edib. Ümumilikdə götürdükdə, sığorta bazarının 40 faizi bu sığorta növündən ibarədir. Ötən ilin bu dövründə bu rəqəm 32,2 faiz olmuşdu. Başqa sözlə, sektorun bir məhsuldan asılılıq artmaqda davam edir. Bu sığorta növü üzrə yığımlar son bir ildə 36,7 faiz və ya 62 milyon 408,6 min manat artmaqla ümumi artımı geridə qoyub. Bu da o deməkdir ki, həyatın yaşam sığortası bu ilin 7 ayında sığorta bazarının böyüməsində həlledici rol oynamaqla digər növlər üzrə azalmanı da kompensasiya edib.
Sığorta ödənişlərindəki azalmada isə həm könüllü, həm də icbari sığorta növlərinin payı var. Belə ki, 2022-ci ilin birinci yarısında könüllü sığorta növləri üzrə ödənişlər 18,1 faiz, icbari sığorta növləri üzrə ödənişlər isə 25,5 faiz azalıb. Ödənişlərin 77,5 faizi könüllü sığorta növlərini o cümlədən 54 faizi həyatın yaşam sığorta növünü əhatə edib. Başqa sözlə, hesabat dövründə həyatın yaşam sığortası ödənişlərdə də aparıcı mövqe tutub.
Hesabat dövründə sığorta bazarı təkcə bir sığorta məhsulu üzrə yüksək asılılığa malik olmayıb. Bu amil sığorta şirkətlərinin sektordakı mövqeyində də öz əksini tapır. Söhbət ondan gedir ki, 7 ayda toplanmış sığorta haqlarının 42,7 faizi 1 şirkətin, 79,9 faizi 5 sığorta şirkətinin payına düşüb. Ən az sığorta haqqı toplamış 5 şirkət ümumi yığımların 2,2 faizini təşkil edib. Qalan 10 sığorta şirkətinin ümumi yığımlarda payı 17,9 faizə bərabər olub. Şirkətlərdən 4-ü istisna olmaqla digərlərinin yığımlarında artım olub. Yığımları azalan şirkətlərdən birinin hətta ödənişləri topladığı sığorta haqqından 2 dəfə çox olub.
Qeyri-bərabərlik sığorta ödənişlərini də əhatə edib. Sığorta ödənişlərinin 49,5 faizi 1 şirkətin, 83,9 faizi 5 sığorta şirkətinin payına düşüb. 10 sığorta şirkətinin ümumi ödənişlərdə payı isə 15,8 faiz olub. Yerdə qalan 5 sığorta şirkətinin cəmi sığorta ödənişləri ümumi ödənişlərin 0,3 faizini təşkil edib.
Ümumilikdə isə yanvar-iyul aylarında toplanmış sığorta haqlarının 50,7 faizi, ödənişlərinin 55,8 faizi həyat sığorta şirkətlərinin payına düşüb.
Ceyhun Piriyev, “İki sahil”