27 avqust 2022 00:48
822

Nağdsız əməliyyatlarda 2,3 dəfə artım: Ödənişlərin 75 faizi elektron ticarətin payına düşüb

Azərbaycanda nağdsız ödənişlərə maraq artmaqdadır. Mərkəzi Bankın məlumatına görə, ölkədaxili nağdsız əməliyyatların həcmi cari ilin yanvar-iyul aylarında  keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,3 dəfə çox olub. Bu dövrdə kartlar vasitəsilə həyata keçirilmiş nağdsız ödənişlərin həcmi 11 milyard 891 milyon manat təşkil edib.  Həyata keçirilən nağdsız ödənişlərin 8 milyard 913 milyon manatı və ya 75 faizi elektron ticarətin, 2 milyard 961 milyon manatı və ya 24,9 faizi POS-terminalların, 17 milyon manatı və ya 0,1 faizi ATM-lərin payına düşüb.

Ən böyük artım elektron ticarət üzrə qeydə alınıb. Yanvar-iyul aylarında ötən ilin eyni dövrü ilə müqayisədə bu istiqamətdə ödənişlərin dövriyyəsi 2,9 dəfə artıb. Həmçinin POS-terminallar üzrə artım 40,7 faiz olub. ATM-lər üzrə isə 32 faiz azalma qeydə alınıb.

Nağdsız ödənişlərin artmasının səbəblərindən biri ödəniş kartlarının sayının artmasıdır. Belə ki, bank sistemi üzrə iyul ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən ayına nisbətən 185 min ədəd artaraq 12 milyon 429 min ədəd təşkil edib. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 22,6 faiz artım deməkdir. Ödəniş kartlarında artım debet kartları üzrə 21,9 faiz, kredit kartları üzrə 27,3 faiz təşkil edib. Ötən ilin müvafiq dövrünə nisbətən əməkhaqqı kartlarının sayı 90 min, kredit kartları 339 min, digər kartlar isə 1,8 milyon ədəd artıb.

Hesabat dövründə kartlarla təkcə nağdsız əməliyyatlar deyil, nağd pulun çıxarılması əməliyyatları da artıb. Belə ki, bu ilin 7 ayında 17 milyard 348 milyon manat kartlardakı pulun nağdlaşdırılması əməliyyatı aparılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 28,5 faiz çoxdur. Vəsaitlərin 95,4 faizi ATM-lər vasitəsilə nağdlaşdırılıb. 

Ümumilikdə, cari ilin 7 ayı ərzində nağd pulun çıxarılması əməliyyatlarının  dövriyyəsi ümumi ölkədaxili əməliyyatların 59,3 faizini təşkil edib.

Qeyd edək ki, ölkədə nağdsız ödənişlərin inkişafı məqsədilə “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” qəbul edilib. Proqram vətəndaş, biznes subyektləri və dövlət strukturları arasında nağdsız ödəniş mühitinin xeyli genişlənməsini, nağd dövriyyənin həcminin minimuma endirilməsini və nəticədə bank sektorunun maliyyə resursları bazasının gücləndirilməsini təmin etməli idi. Dövlət Proqramının icrası nəticəsində nağdsız ödənişlərin illik həcminin təqribən 17 milyard manat artacağı gözlənilirdi. Bu isə nağdsız ödənişlərin payının hər il 7 faiz artmasına imkan verəcəyi anlamına gəlir. Nəticədə bütövlükdə iqtisadi əməliyyatlarda nağd ödənişlərin payının 40 faizə qədər azalacağı proqnozlaşdırılmışdı.

Proqramın icrası çərçivəsində təsərrüfat subyektlərinə və istehlakçılara nağdsız qaydada aparılan əməliyyatlar üzrə müddətli vergi güzəştlərinin verilməsi istiqamətində təkliflərin hazırlanması nəzərdə tutulmuşdu. Bunlardan biri Vergi Məcəlləsinin 102-ci və 106-cı maddələrinə əsasən, pərakəndə satış qaydasında malların satışının həyata keçirilməsi üzrə ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların və hüquqi şəxslərin büdcəyə ödənilməli olan gəlir və mənfəət vergisinin məbləğinin 2019-cu ildən etibarən  3 il müddətinə POS-terminal vasitəsilə nağdsız qaydada aparılan ödənişlərin ümumi gəlirdəki xüsusi çəkisinə uyğun müəyyən edilən verginin 25 faizi həcmində azaldılmasıdır.

Həmçinin pərakəndə ticarət və ictimai iaşə obyektlərindən alınmış mallara görə ödənilən əlavə dəyər vergisinin (ƏDV) bir hissəsinin geri qaytarılmasını nəzərdə tutan mexanizmdə (“ƏDV geri al”) nağdsız ödənişlər üçün üstünlük nəzərdə tutulub. Belə ki, nağd ödənişlərdə ƏDV-nin 10 faizi geri qaytarılırsa, nağdsız ödənişlərdə bu göstərici 15 faizdir.  

Bununla belə nağdsız ödənişlərin və artımın əsasən elektron ticarətin payına düşməsi bu sahədə şaxələndirmə siyasətinin aparılmasına ehtiyacın olmasından xəbər verir. 2023-cü ildən  “ƏDV geri al” mexanizmi çərçivəsində qaytarılan məbləğlərin faiz dərəcəsinin nağdsız ödənişlər üzrə 15-dən 20-yə yüksəldilməsi, nağd ödənişlər üzrə isə 10 faizdən 5 faizə endirilməsi bu istiqamətdə görülən tədbirlərin göstəricisi hesab etmək olar. Belə ki, bu tədbir POS-terminallar ilə aparılan ödənişlərin ümumi nağdsız əməliyyatlardakı payının artmasına imkan verə bilər.

Ceyhun Piriyev, “İki sahil”